Xırdalandakı partlayışla bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Xırdalandakı partlayışla bağlı cinayət işi açıldı

Sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd edilir.


Məlumata görə, iş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən müvafiq ekspertizalar təyin edilib.


Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq, iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.


Məlumatda qeyd olunub ki, Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları həmin binanın ikinci mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi, rayon prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerində olub, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış keçirilib, dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.


Aparılmış xilasetmə tədbirləri nəicəsində 8 nəfər - binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət Elbrus qızı, 1999-cü il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı, 2001-ci il təvəllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına, Bakı Mərkəzi Klinik xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Onlardan yeddisinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, bir nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.


Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından çıxarılsalar da, partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm