Psixoloq: “Yaxın gələcəkdə namusla bağlı cinayətlərin sayı artacaq”
Bizi izləyin

Qırmızı.az

Psixoloq: “Yaxın gələcəkdə namusla bağlı cinayətlərin sayı artacaq”

Son vaxtlar qadınlara qarşı xüsusi amansızlıqla törədilən qətl hadisələrinin şahidi oluruq. Bu yaxınlarda Sumqayıtda bir gəncin sevdiyi qızı və özünü avtomobildə yandırması, Goranboyda 7 nəfərin ölümü ilə nəticələnən silahlı basqın, Lənkəranda ərin həyat yoldaşına min bir işgəncə verməsi, onun burnunu, qulaqlarını kəsməsi və bu qəbildən olan çoxsaylı cinayətlərin şahidi oluruq.

Əksər hallarda isə əks-cinsin nümayəndələri qadınlara qarşı törədilən cinayətləri namusla əlaqələndirərək özlərinə alibi qazandırmağa çalışırlar. Bir çox hallarda isə cəmiyyət həmin şəxslərin bu vəhşiliyinə haqq qazandırır, münasibətlərin bu həddə çatmasında qadınları günahlandırır.

Psixoloq Elnur Rüstəmov Publika.az-a bildirib ki, namusla bağlı cinayət hadisələrinin artması bizim ailə dəyərlərimizə olan müdaxilələrlə bağlıdır.

"Bu müdaxilədə daha çox texnologiyanın inkişafından dolayı baş verir. Bu gün internetin inkişafıyla bağlı olaraq nəinki ailələrə, tərəflərin münasibətlərinə müdaxilələrin çox olması nəticədə münasibətlərdə xoşagəlməz hallara gətirib çıxarır”.

Bu gün insanların ən zəif yerinin namusla bağlı olduğunu deyən psixoloqun sözlərinə görə, bunun da səbəbi həmin istiqamətdə informasiyanın, məlumatların çox verilməsi, geniş işıqlandırılmasıdır. Nəticədə də cinayət hadisələri baş verir:

“Mən düşünürəm ki, bu gün sAvropa dəyərləri çox sürətlə Azərbaycan cəmiyyətinə daxil olur və bu, bir müddət də davam edəcək. Yaxın gələcəkdə də namusla bağlı cinayətlərin sayı azalmayacaq, əksinə artacaq. Ancaq o halda azalar ki, cəmiyyəti maarifləndirmək mümkün olsun. Ailə institutları formalaşsın, cütlüklər nikahdan öncə tibbi və psixoloji müayinə olunsunlar”.

Psixoloqun sözlərinə görə, əgər əvvəl kişi öz həyat yoldaşına xəsarət yetirirdisə, indi qadının da kişiyə xəsarət yetirməsinin şahidi oluruq. Ekspertin sözlərinə görə, əvvəl boşanmalarda təşəbbüs daha çox kişilər tərəfindən gəlirdisə, bu gün boşanmaların böyük bir qismində təşəbbüskar qadınlar olurlar. Psixoloq hesab edir ki, bu cəmiyyətimizdə öncələrdən qəbul olunmamış bir haldır.

E. Rüstəmovun sözlərinə görə, qadın tərəfindən boşanma təklifi olanda kişilərin bir qismi aqressiyanı uyğun formada verə bilmirlər. Nəticədə, cinayət hadisələri baş verir. Münasibətlər pozulmağa başlayır.

Bəzən belə ağır cinayət törədənlər barəsində ətrafda belə bir fikir formalaşıb ki, həmin şəxslər olduqca sakit, heç kimin işinə qarışmayan, başıaşağı adam olur.

Psixoloq qeyd edir ki, əslində, manyak da sakit və tərbiyəli adamdır. “Əgər cinayət törətdikdən sonra bir manyakın yaşadığı ərazidə, binada onun haqqında soruşsan, hamı deyəcək ki, çox tərbiyəli idi, başını qaldırıb adama baxmazdı, mədəni idi. Belə adamların öz düşüncəsi olur. Belə adamlar hər zaman cinayət törətmirlər və hər zaman öz aqressiyalarını büruzə vermirlər”.

Psixoloqun sözlərinə görə, hadisə baş verəndən sonra ona qiymət verməyə başlayırıq. E. Rüstəmov hesab edir ki, əslində zamanında tədbir görməliyik, daha doğrusu hər adam özü haqqında tədbir görməlidir: “Əgər bir şəxs öz psixoloji problemlərinin yarandığını aşkarlayırsa, tez özündən çıxdığını, tez əsəbiləşdiyini hiss edirsə, o həkimə müraciət etməlidir. Bununla bağlı müalicə prosesi keçməlidir. Biz çox hallarda gözləyirik, xəstələnəndən sonra müayinədən keçirik”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm