Qənirə Paşayeva Çorum bələdiyyə başqanı ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Çorum bələdiyyə başqanı ilə görüşüb

Çorumda səfərdə olan millət vəkili Qənirə Paşayeva Çorum Bələdiyyə başqanı Muzaffer Külçü və bölgənin fəal xanımları ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri, qadın təşkilatları, qeyri-hökumət təşkilatları arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Millət vəkili Çorum Bələdiyyə başqanı Muzaffer Külçü və bölgənin fəal qadınları ilə görüşdə Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Çorum bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva bələdiyyəsindən Çorumun mərkəzi parklarından birinə Qarabağ adının verilməsini xahiş edib.

Çorum bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışan Qənirə Paşayeva təklif etdiyi məsələlərin öz həllini tapacağına ümid etdiyini də deyib. Azərbaycanı sevdiyini deyən Çorum Bələdiyyə başqanı Muzaffer Külçü Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır deyən Çorum Bələdiyyə başqanı Muzaffer Külçü hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva ölkələrimizin fəal xanımları, onların rəhbərlik etdiyi təşkilatlar arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini bildirib və xanımlarla fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından növbəti kitablarında Çorum ilə də bağlı geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Çorum ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Çorum Bələdiyyə başqanını Muzaffer Külçü və Çorumun fəal xanımlarını və onların rəhbərlik etdiyi qurumları Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Çorum Bələdiyyə başqanı və fəal xanımlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Çorum Bələdiyyə başqanı və Çorumun fəal xanımlarına Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri,musiqi albomlarını da təqdim edib.

Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Xocalı Soykırımı tanıkların dilinden” kitabını da təqdim edib. Görüşdə iştirak edən Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova da Azərbaycan musiqi mədəniyyəti və işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən dağıdılan mədəniyyətimizdən danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm