Fazil Mustafa: “Ehtiyac meyarı və yaşayış minimumu acından ölməmə meyarıdır”
Bizi izləyin

Qırmızı.az

Fazil Mustafa: “Ehtiyac meyarı və yaşayış minimumu acından ölməmə meyarıdır”

“Ehtiyac meyarı və yaşayış minimumu acından ölməmə meyarıdır, acından ölməmə minimumudur. Bu rəqəmlər çox aşağıdır. Aptekdən iki dərman alırsan, 40 manat eləyir. Bu meyarlar nə dərəcədə uyğundur”.

Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ilə bağlı məsələ sual doğurur. 3 milyardlıq göstərici daha da yüksəldilə bilər. O, fonddan yayınma hallarına və ikili mühasibatlığa diqqət çəkib: “Heç kimə sirr deyil ki, imkanlı şəxslər qulluqçu saxlayırlar. Onların yanında köməkçiləri olur. Evlərində bağban və dayə çalışır. Restoran və şadlıq saraylarında da işləyən ofisiantların maaşları əmək müqaviləsində çox aşağı göstərilir. Toylarda görürsən ki, ofisiant adama yaxınlaşır, əl çəkmir. Bu ondan irəli gəlir ki, onlara ödənilən məbləğ xeyli azdır”.

Uşaqlara ödənilən 90 manatlıq birdəfəlik müavinətdən söz açan F.Mustafa rəqəmin çox aşağı olduğunu bildirib: “Doğum xərcinin yanında birdəfəlik müavinətin həcmi azdır. Heç olmasa, bu rəqəmi 150 manata kimi qaldırmaq lazımdır. 3 yaşına çatmamış uşaqlara baxan analar da çox ciddi problem yaşayırlar. Müəssisələr 25 yaşdan yuxarı və bəzən ailəli xanımları işə götürmək istəmirlər. Bu zaman yalnız ata işləməli olur. Belə olan halda isə ailə öz xərclərini ödəyə bilmir. Ehtiyac meyarı və yaşayış minimumu acından ölməmə meyarıdır. Bu rəqəmlər çox aşağıdır. Aptekdən iki dərman alırsan, 40 manat eləyir. Bu meyarlar nə dərəcədə uyğundur”.

Deputat mərasimlərlə bağlı iradlarını da bildirib. Millət vəkili söyləyib ki, atasına qəbir daşı düzəltdirmək istəyən şəxs gedib bankdan 6 min manat kredit götürür: “Cəmiyyətdə çox ciddi problemlər mövcuddur. Dövlət vətəndaşlara tövsiyyə etdi ki, məclisləri yüngülləşdirin. Ancaq əhali bunu başqa cür qəbul edir. Pulu olmayan insan borc-xərc eləyir. Fikrimcə, bu, savadsızlıqdan irəli gəlir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm