• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda şagirdlər məktəbdə donur - kimdir günahkar?

Bakıda şagirdlər məktəbdə donur - kimdir günahkar?

Suraxanı rayonu Əmi Məmmədov adına 101№-li tam orta məktəbdə 800 şagird soyuqdan donur. Məktəbin qaz xətləri kəsildiyindən bu il məktəbin qazanxanası işləməyib. Bu məsələ valideynlərin də narazılığına səbəb olub.

Məktəbin direktoru Səidə Məmmədova Publika.az açıqlamasında qaz xətlərinin onlara məlumat verilmədən kəsildiyini deyib:

“Ötən il Bakı şəhər İcra Hakimiyyətinin xətti ilə məktəbə əlavə 400 yerlik yeni korpus tikildi. Tikinti başa çatandan sonra məktəbin qazanxanasının hər iki binanın təmin etmək gücündə olmadığını dedilər. Əvvəlcə əlavə qazanxana tikilməsi məsləhət görüldü, daha sonra isə mövcud qazanxanada avadanlıqlar yeniləndi. Hər iki korpus istiliklə təmin edildi. Bu il mövsüm başlayanda “Azəriqaz” əməkdaşları qazanxananı, tüstü bacalarını yoxlayarkən məktəbin qaz xəttinin kəsildiyini dedilər. Lakin qaz xətti nə vaxt, necə kəsilib bu barədə bizə məlumat verilməyib. İndi xətt çəkmirlər. Həm də sayğac yenilənməlidir. Məsələ ilə bağlı Suraxanı rayon Qaz İstismar İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişik. Qaz idarəsindən söz verirlər ki, xətt çəkiləcək. Təhsil İdarəsi də sayğac quraşdıracağına söz verib. Amma hələ ki nəticəni görmürük. Qaz xətti haradan çəkilir, necə çəkilir ki, biz onu görə bilmirik”.

Direktorun sözlərinə görə, istilik problem şagirdlərin davamiyyətinə də təsir edib.

“Məktəbdə 800 şagird təhsil alır. Bəzi günlər məcbur qalıb dərslərin hamısını keçmirik. Çünki soyuqdan uşaqlar sinifdə otura bilmir. Hər sinifdə davamiyyət təxminən 50% azalıb. Valideynləri də qınaya bilmirik. Valideynlər də qaz idarəsinə müraciət edib, lakin bizə kömək edən yoxdur”.

Məsələ ilə bağlı Suraxanı rayon qaz istismar sahəsinin sənaye şöbəsinin rəisi Tacəddin Hüseynov problemin ötən ildən qaldığını və aradan qaldırılması ilə bağlı işlərə başladıqlarını dedi:

“Ötən il sayğacın sərfiyyata uyğun olmadığı müəyyən edilmişdi. Lakin tədris ilinin başa çatmasını gözlədik, müvəqqəti olaraq qaz verildi. Yayda problem aradan qaldırılmadı. Bu il rayon ərazisində yeni qaz xətt çəkildi. Təzə xətlə həmin məktəb arasında müəyyən məsafə var. Qaz xəttinin çəkilişi ilə bağlı bu gündən briqada müəyyən edilib, sabahdan işlər başlanacaq. Qaz xətti çəkiləndən sonra Təhsil İdarəsindən sayğac alınmalıdır. Daha sonra məktəbin istilik sistemi işləyəcək”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tikinti şöbəsindən Əli Qələndəroğlu isə məsələnin diqqətdə olduğunu dedi:

“Bu problem bizi də çox narahat edir. Lakin problem qaz istismar idarəsi ilə bağlıdır. Bizə əvvəldən məlumat verilsəydi, vaxtında problem həll edilərdi. Söz verirəm ki, qaz xətti çəkilən kimi sayğac quraşdırılacaq. Hər gün idarə ilə əlaqə saxlayıram, mənə söz veriblər ki, növbəti həftəyə qədər problem aradan qaldırılacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR