• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qənirə Paşayeva Ankarada qadınlardan danışdı

Qənirə Paşayeva Ankarada qadınlardan danışdı

Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi çərçivəsində Ankarada keçirilən II Türk Dünyası Qadınlar Qurultayında iştirak edib.

Publika.Az-ın məlumatına görə, qurultayın açılışında çıxış edən millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, Azərbaycanda qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühüm qanunvericilik aktları, dövlət proqramları qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişiklik və əlavələr olunub.

Millət vəkili eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildir tapdalanmaqda davam etməsindən də danışıb. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm faktlarına, körpə uşaqların qətlə yetirilməsinə, 100 minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Türk qadının əsas vəzifəsinin uşaqlarını "Dildə, fikirdə, işdə birlik"- ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək Qənirə Paşayeva bildirib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir.

Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva "analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər:

"Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram – Türk dünyasının birlikdə gələcək modeli daha çox analarımızın əlindədir".

Qurultay çərçivəsində Qənirə Paşayeva Türkiyənin millət vəkilləri, tanınmış qeyri-hökumət və qadın təşkilatlarının rəhbərləri, tanınmış universitetlərin rəsmiləri və alimləri, mətbuat və media nümayəndələri ilə görüşləri də olub. Millət vəkili bu mövzu ilə bağlı Türkiyənin bir sıra KİV-lərinə müsahibələr də verib və xüsusilə

Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının 20 ildir Ermənistan tərəfindən pozulmaqda olan hüquqlarından danışıb.

Millət vəkili qurultayda "Türk mediasında qadınların rolu" mövzusunda məruzə ilə də çıxış edib. Siyasətə gəlməzdən əvvəl özünün də bir media işçisi olduğunu söyləyən Qənirə Paşayeva Türk mediasında qadınların vəziyyəti, problemlər, onların həlli yolları və mediada qadınların rolunun daha da artmasının önəmi və əhəmiyyəti barədə də geniş çıxış edib. Millət vəkili çıxışının sonunda "İnşallah, III Türk Dünyası Qadınlar Qurultayını birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik"- deyə arzularını bölüşüb.

Qurultayda AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor, doktor Rəna Mirzəzadə və Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova da çıxış ediblər.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR