• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakı metrosunda yenilik - FOTOLAR

Bakı metrosunda yenilik - FOTOLAR

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarların təmiri işləri həyata keçirilir.

QSC-dən Publika.az-a verilən məlumata görə, «Dərnəgül» elektrik deposu mövcud iki xəttin əsaslı təmir deposu olacaq və onun layihələndirilməsində əsaslı təmirin tələblərinə uyğun texnoloji prosesin təşkili nəzərdə tutulub.

Bu günə qədər Tbilisidə əsaslı təmir edilməklə, modernləşdirilmiş 4 qatar Bakı metrosunda inamla şütüyür. Onlardan ikisi 2014-cü ildə - biri (Leninqrad Yeqorov adına zavodun 19888-ci ildə istehsal etdiyi 81-714.5 tipli baş vaqon nömrəsi 8847-8861 olan qatar) iyul ayında, digəri isə («Metrovaqonmaş»ın 1989-cu ildə buraxdığı 81-717/81-714 tipli baş vaqon nömrəsi 0178-0179 olan qatar) noyabrda yeniləşmiş siması ilə sərnişinlərə xidmət göstərməyə başlayıb. Bu günlərdə daha bir qatar Gürcüstan paytaxtında iki ay ərzində büsbütün təzələnərək, «Nərimanov» elektrik deposuna gətirilib. «Metrovaqonmaş»ın 1992-ci il istehsallı baş vaqon nömrəsi 0288-0289 olan qatar son sazlama, yoxlama və sınaq işlərindən sonra fevralın 16-da tam müasirləşmiş görkəmi ilə xəttə çıxarılıb.

Həm bu, həm də ötən il əsaslı təmir edilərək zahiri görünüşü və tərtibatı ilə fərqlənən qatarların xəttə buraxılması sərnişinlərin hiss edəcəyi ilk yeniliklərdəndir. Bu vaqonlar ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının emblemini də əks etdirməklə bu böyük idman, eyni zamanda, ictimai-mədəni hadisəyə metropolitenin verdiyi dəstəyi, yarışların önəmini bir daha vurğulayır və təbliğatın bir parçasına çevrilir.
Sərnişinlərin daha çox hiss edəcəyi yeniliklər sırasında sərnişin salonunda odadavamlı materiallarla təchiz edilmiş döşəmə və tavanın müasirləşməsini, paslanmayan dəmirlə əvəzlənmiş tutacaqların daha gözəyatımlı olmasını, antivandal, lakin yumşaq materialdan hazırlanmış oturacaqların rahatlığını qeyd etmək olar. Eyni zamanda qatarların nəfəslikləri də yeni formada olmaqla, ondan istifadə olunması xeyli asanlaşdırılıb. Tavandakı havalandırma sistemi bütünlüklə yenilənərək, səthi xüsusi şəbəkə ilə örtülüb ki, bu da salonun estetik görkəminə yenilik gətirib.

«Şevrole» («Chevrolet») zavodunda istehsal olunmuş və daxili qoruyucu təbəqə sayəsində həm isti, həm də soyuq hava şəraitinə asanlıqla uyğunlaşan ikiqat ön şüşələr etibarlı və təhlükəsizdir.
Vaqondakı sərnişinlərin stansiyada dayanmış qatarın uğultuya bənzər kiçik səs-küydən qurtulduğunu da hiss edirlər – bu vaqon mühərrikində tətbiq edilmiş yeniliklərin kiçik bir nümunəsidir.
Modernləşdirilməklə əsaslı təmir edilmiş qatarların xətlərdə özünü tam doğrultmasını nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi bu prosesi davam etdirmək qərarını verib. Cəmiyyətin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək, modernləşdiriləcək. Hazırda «Nərimanov» elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR