• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Bu gün Novruza hazırlıq mərhələsinin mühüm hissəsini təşkil edən ilaxır çərşənbələrin üçüncüsü -Yel çərşənbəsidir. Bu çərşənbə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.

Erkən etiqadlara görə, çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Həmçinin ağacların budaqlarını yellədərək onları qış yuxusundan ayıldır, tumurcuqlarını açır, buludları qovaraq bir-biriylə toqquşdurub ilıq yaz yağışlarını yağdırır.

Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.

Qədim etiqadlarda “qara nəhrdə” yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir. Bunların hər biri isə bir libasda özünü göstərir. Burada rənglərin mifik mənası var. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar - qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi günü yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır.

Yel-külək həm də Tanrı səviyyəsində təzahür olunub. Dini mənbələr və səma kitablarında Yel dünyanı idarə edən tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən bir antropomorf kimi təsəvvür edilir. Məsələn, Məhəmməd peyğəmbər (ə.s) buyurub ki, külək Allahın qullarına bir nemətidir. Bəzən insanlara rahatlıq, bəzən də əzab gətirir. Külək olduğu zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindəndir.

İslam dinində 4 böyük mələkdən biri Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etmək Allah tərəfindən buyrulub.

Dini və mifoloji mənbələrdəki fikirlərdən sonra elmin bu sahədəki mövqeyini öyrənmək də maraqlıdır. Külək havanın üfüqi istiqamətdə hərəkətinə deyilir. Əgər külək olmasaydı, isti ərazilər həmişə isti, soyuq ərazilər isə hər zaman soyuq olardi, yəni hava hərəkət etməzdi. Yəni istər dini, istərsə də elmi və mifolojik mənbələr çərşənbənin həyat anlamını ifadə etdiyini göstərir.

Ənənələr, inanclar

Yel çərşənbəsində quş saxlayanlar qışdan sonra ilk dəfə qısa müddətə də olsa, göyərçinləri havaya buraxardılar. Adətən, Yel çərşənbəsində bazarlarda qəfəslərdə çöldən tutulmuş quşlar satılardı, günahlarını yumaq, savab qazanmaq istəyənlər həmin quşları satın alıb qəfəsdən açıb buraxardılar. Bu zaman deyərdilər: "Azad - bezat, məni cənnətdə gözət".

Bundan başqa, gözlə görünməyən küləyin varlığını bizə hiss etdirən vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb dam və ya təpələrin başından uçururdular. Bu çərpələnglərin üzərinə tanrıya şikayət məktubu və ya xahişnamələr yerləşdirənlər də tapılardı. Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq məqsədilə də çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında basdırılmış insan boyunda dirəyə çərpələng asar, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azacıq da olsa hərəkətə gətirməyə çalışıb oxuyardılar.

Yel babam, yelli babam,
Elim, obam batdı, gəl
Çərpələngim yatdı, gəl.

Bu zaman kiçik oğlan uşaqları tütək, sümsü kimi nəfəs alətlərini üfürərək səsləndirməklə yeli oyatmağa cəhd göstərərdilər.

İnsanlar yeldəyirmanlarının pərlərini əlvan parça, gümüşü kağız zolaqları, güzgü qırıqları ilə bəzəyib hərlədərək çərşənbə günündə onun ətrafında çalıb-oynayardılar. Dənizkənarı ərazilərdə yaşayanlar yelkənli qayıqlarla gəzintiyə çıxardılar.

Rəvayətə görə, Yel çərşənbəsində Yer üzünə təşrif gətirmiş müqəddəs Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzunömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir.

Etiqada görə, cənnət meyvəsi sayılan alma dünyaya nə qədər çox yayılarsa, insanlar arasında məhəbbət, xoş münasibətlər o qədər geniş vüsət alar. Əbəs yerə deyildir ki, folklorda nağıl və dastanlarda övlad həsrəti çəkən yaşı keçmiş cütlüklər Xızırın və ya dərvişin verdiyi qırmızı almanı yeməklə arzularına çatır, odur ki, çərşənbə axşamları cavanlar qırmızı almalardan yeyib on ədəd toxumunu yastıqlarının altına qoyurlar. Deyilənə görə, bu yolla gələcək qismətlərini görmək mümkündür.

Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar. Yeli əsdirəni söyməzlər. Yel dağına ziyarət edərlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirərlər, qurban kəsərlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.

Yel çərşənbəniz mübarək!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR