Xəzər dənizi necə təmizlənəcək?
Bizi izləyin

Qırmızı.az

Xəzər dənizi necə təmizlənəcək?

Xəzər dənizi necə təmizlənəcək?

“Xəzər dənizinə axıdılan çirkab sularının kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən təhlillər aparılır. Bu təhlillər əsasında çirklənmənin dinamikası göstərilir. Əvvəlki illərlə müqayisədə çirklənmə azalıb”.


Bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov deputat Fəzail Ağamalının Xəzər dənizinin çirklənməsinə dair çıxışına münasibət bildirərkən deyib:

“Xəzər dənizinə tullantı sular 10 il əvvəl birbaşa atılırdısa, artıq “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən dənizsahili zonalarda quraşdırılan 5 təmizləyici qurğu vasitəsilə çirkab sular təmizlənir. Bununla belə, Xəzər dənizində hələ də elə mənbələr var ki, normativ həddə qədər təmizlənmir. Amma bir daha qeyd edirəm ki, əvvəlki illərlə müqayisədə xeyli işlər görülüb. Bizim hədəfimiz, ümumiyyətlə Xəzər dənizinə çirkli suların axıdılmamasına nail olmaqdan ibarətdir. Digər tərəfdən, düşünürəm ki, məsələyə geniş yanaşmaq lazımdır. 20 il öncə dənizdə 3 patforma var idisə, indi onların sayı artıb. Demək istəyirəm ki, malı mala qatmaq lazım deyil. Orada bioloji resurslar səs-küydən, titrəyişdən uzaqlaşırlarsa, demək olmaz ki, tullantılar idarə olunmur”.

“Bizim layihələrimizdə 11 çirkab təmizləyici qurğunun tikintisi və yenidən qurulması öz əksini tapıb. Artıq Lökbatan qəsəbəsi yaxınlığında bunlardan birinin tikintisinə başlanıb”.

Bunu Modern.aza “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, həmin ərazidə məhsuldarlığı sutkada 200 min kub metr olan müasir tipli bioloji çirkab təmizləyici qurğu tikilir: “Qurğunun tikintisi başa çatdıqdan sonra Xocasənin, Masazırın, Xırdalanın, Lökbatanın, Şıxovun, Bayılın bir hissəsinin çirkab suları orada təmizlənərək Xəzər dənizinə axıdılacaq. Bundan başqa, Pirşağı, Ələt, Sənqəçalda da yeni qurğular tikiləcək, həmçinin Sumqayıtdakı qurğunun məhsuldarlığı artırılacaq, Sahil qəsəbəsində mövcud qurğu tamamilə yenidən qurulacaq”.

A.Cəbrayıllı deyib ki, bu qurğuların tikintisinin və yenidən qurulmasının əsas məqsədi Xəzər dənizinə axıdılan çirkab suların qarşısının tam alınmasıdır: “Təkcə çirkab təmizləyici qurğuların yox, eyni zamanda Xəzər dənizinə axıdılan çirkab suaların qarşısının alınması məqsədilə Novxanıdan Sumqayıt şəhərinə qədər 15 kilometr uzunluğunda yeni xətt çəkilib. Həmin xətt imkan verir ki, Novxanı çimərliyində, Corat qəsəbəsi yaxınlığında dənizə axıdılan çirkab suların hamısını toplayıb Sumqayıt çirkab təmizləyici qurğuya yönəldək və orada təmizlənməsini təmin edək. Hazırda Pirşağı yaxınlığında sahil boyunca yeni xətt çəkilir. Həmin ərazidə dənizə axıdılan çirkab suların toplanması və gələcəkdə Piirşağı qəsəsbəsi yaxınlığında tikiləcək qurğuya yönəldib təmizlənməsi nəzərdə tutulur. Bu layihər kompleks şəkildə həyata keçirilir və inanırıq ki, problem yaxınlarda öz həllini tapacaq”.

Qeyd edək ki, parlamentin fevralın 25-də keçirilən iclasında deputat Fəzail Ağamalı Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çirkli suların təmizlənmədən dənizə axıdıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm