I Avropa Oyunlarında xətlərə 863 avtobus cəlb olunacaq
Bizi izləyin

Qırmızı.az

I Avropa Oyunlarında xətlərə 863 avtobus cəlb olunacaq

I Avropa Oyunları ərəfəsində müəyyən olunmuş xətlərə 863 ədəd avtobus cəlb olunacaq. Tamaşaçıların daşınmasında tələbat yaranarsa, əlavə olaraq 5 marşrut xətti üzrə 96 ədəd avtobusun cəlb olunması nəzərdə tutulub.

Publika.az xəbər verir ki, tədbirlərin keçiriləcəyi zaman qonaqlara və iştirakçılara xidmət göstərilməsi üçün Əməliyyat Komitəsi ilə birlikdə 14 sayda ekspress xətlərin sxemləri araşdırılıb və qəbul olunub.

Məlumata görə, I Avropa Oyunlarının açılışı və bağlanışı günləri zamanı 43 sayda Bakı şəhər və şəhərətrafı marşrut xətlərinin mövcud sxemlərində dəyişikliklər edilməsi nəzərdə tutulub. Eyni zamanda 01.04.2015-ci il tarixində Olimpiya kəndinin qarşısındakı yolun bağlanması ilə əlaqədar olaraq “Koroğlu” metrostansiyasından şəhər istiqamətində daxil olan 13 sayda marşrut xətlərində dəyişiklik edilərək avtobusların hərəkətinin asma körpü ilə Q.Qarayev prospekti istiqamətində təşkil edilməsi nəzərdə tutulub.

İdman oyunlarının hazırlıq mərhələsində şəhər daxilində sərnişin daşıma xidməti göstərən 61 və 65 saylı marşrut xətlərində 50 ədəd yeni müasir tipli “İsuzu” markalı avtobuslar istismara buraxılıb.

Oyunlara hazırlıq mərhələsində qonaqlara və tədbir iştirakçılarına sərnişin daşıma xidməti göstərmək üçün dövlət yoxlamasından keçmiş 830 nəfər avtobus sürücüsü Əməliyyat Komitəsi tərəfindən 14.01.2015-28.01.2015-ci il tarixlərində 3 mərhələdə təşkil olunmuş kurslara cəlb olunub.

Tədbir zamanı yüngül minik avtomobilləri ilə sərnişin daşıma xidməti göstərmək üçün 587 nəfər sürücüdən 254 nəfəri dövlət yoxlamasından keçib və 333 nəfər sürücünün sənədləri yoxlama keçirilməsi üçün dövlət orqanlarına təqdim olunub.

Dövlət yoxlamasından keçmiş yüngül minik avtomobillərinin sürücüləri 05.02.2015-ci il tarixdən Əməliyyat Komitəsi tərəfindən Olimpiya kəndində təşkil olunmuş 4 mərhələdən ibarət kurslara cəlb olunması başa çatdırılıb.

Tədbirlərin keçiriləcəyi ərəfədə qonaqlara, tamaşaçılara və digər iştirakçılara əlaqələndirici qismində xidmət göstərmək üçün 243 nəfər “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin və tabeli qurumlarının nəzarətçi və texniki işçilərinin siyahısı hazırlanıb və bunlardan 31 nəfəri artıq Əməliyyat Komitəsi tərəfindən hazırlıq işlərinə cəlb olunub.

Bakı Dəmir Yolu Vağzalı və Beynəlxalq Avtovağzalın ərazilərində taksi dayanacaqları təşkil edilmiş və pasportlaşdırılıb. Həmçinin Bakı şəhərinin digər əraziləri üzrə 79 sayda pasportlaşdırılmış taksi dayanacaqlarının və bu dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulmuş yüngül minik avtomobillərinin sayı (800-900) dəqiqləşdirilir.

İdman oyunları zamanı Bakı şəhərinin mərkəzi hissəsində istismar olunan avtobus marşrutlarının iş rejimlərinin gecə saat 02:00 radələrinədək uzadılması nəzərdə tutulub.

Qeyd edək ki, tədbirlər zamanı “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-də taksi xidmətindən istifadə edəcək əcnəbi qonaqların sifarişlərinin qəbul edilməsi üçün xüsusi məntəqələrin yaradılması və xarici dilləri bilən əməkdaşlarla təmin olunması üçün hazırlıq işləri aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm