5 ordenli, 20 medallı 90 yaşlı qəhrəman: “Döyüşə 1500 nəfər getmişdik, 60 nəfərlə qayıtdıq...” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

5 ordenli, 20 medallı 90 yaşlı qəhrəman: “Döyüşə 1500 nəfər getmişdik, 60 nəfərlə qayıtdıq...” - FOTOLAR

İzlədiyim heç bir film müharibəni onun danışdığı qədər dəhşətli təsvir etməmişdi. Soyuqda, qarda, yağışda günlərlə ac-susuz döyüşmək, qanın, ölümün içindən sağ çıxmaq həyatın, yaşamağın nə qədər dəyərli olduğunu öyrədir insana. Müharibə insanı laqeyd edir, ölümün bir addımlığında olursan və ölüm də insan üçün adiləşir. Almanların məşhur misalı yadıma düşdü: “Müharibədə hər şey müharibə kimidir”. Amma müharibənin bəşəriyyətdə yaratdığı mənfi hisslərlə yanaşı, insanda dəyişə bilmədiyi şeylər də var - daxili mədəniyyət, əsilzadəlik.

Müsahibim iki ilə yaxın cəbhənin ən qaynar yerində döyüşmüş 90 yaşlı qəhrəman Çingiz Ələkbərovdur. Bizə düz üç saat yorulmadan cəbhə xatirələrindən danışan qocaman veterana yenə də vermək istədiyim suallar, eşitmək istədiyim, vərəqləmədiyimiz xatirələr qaldı. Cəbhəyə gedən ən gənc əsgərlərimizdən olan qəhrəmanımız, həm də müharibədən qayıdan azsaylı döyüşçülərimizdən biri idi. Yaşının bir əsrə yaxınlaşmasına baxmayaraq, bu qədər təmkinli, səbirli olması, möhkəm yaddaşı və mədəniyyətinə heyran qaldım. Müharibənin haqladığı yer, döyüş yolu, yadında qalan ən ağır gün, yaralanması, qələbə xəbəri... hər şeydən danışdıq.

Publika.az bu gün həyatımızı borclu olduğumuz II Dünya müharibəsinin hər üzünü görmüş veteran Çingiz Ələkbərovla söhbəti təqdim edir.

Onu müharibə 17 yaşında haqlayıb...

1925-ci ilin avqust ayında anadan olmuşam. Orta məktəbi bitirəndə hələ 17 yaşım tamam olmamışdı. Bilirdim ki, müharibədir, məni də aparacaqlar, ona görə də özüm Hərbi Komissarlığa getdim. Komissarlıqda məni yaşım tamam olmadığına görə qəbul etmədilər. O zaman atam rəhmətə getmişdi, anam da gil sexində fəhlə işləyərək bizi dolandırırdı. Bir müddət ona kömək eləmək üçün işlədim. Əslində, orta məktəbi əla qiymətlərlə bitirmişdim, o vaxtkı qaydalara görə, fənlərin 75%-dən əla qiymət almısansa, istədiyin ali məktəbə imtahansız daxil ola bilərdin. Amma heç ali təhsil haqqında fikirləşmirdim də, ovaxtkı ideologiya elə idi ki, hər bir gənc ancaq döyüşə getməyi, vətəni qorumağı düşünürdü. 1943-cü ilin fevral ayında mənə Hərbi Komissarlıqdan çağırış gəldi. 6 ay Sumqayıtda hərbi qulluqda oldum və 1943-cü ilin avqustunda bizim məşhur 416-cı diviziyaya qoşuldum. O vaxt 1500 nəfər cavan uşağı diviziyaya ehtiyat qüvvə kimi yığmışdılar. Şimali Qafqazın müdafiəsində fəal iştirak edən bu diviziya 1942-ci ilin iyun ayında Azərbaycanda təşkil olunmuşdu. Diviziyada 15 minədək adam var idi və onların 97%-i azərbaycanlılar idi. O zaman diviziya Taqanrokun altında müdafiə mövqeyində idi və Ali Baş Komandanın əmri ilə hücuma keçərək Taqanroku aldı. Buna görə də şəhərin şərəfinə bu diviziyaya “Taqanrok” fəxri adı verildi. Azərbaycandan 700 000 nəfər orduya çağırılmışdı və onlardan yarıdan çoxu məhv oldu. Bu o deməkdir ki, hər iki nəfərdən biri döyüşdən qayıtmadı. Az bir qisim mənim kimi sağlam qayıtdı. 1 il 9 ay sərasər fasiləsiz döyüşdüm. Müharibənin hər anı ölümdür. Mənim bəlkə də bəxtim gətirdi, sağ çıxmaq taleyin işi idi. Biz həlak olanlara borcluyuq, onlar canları bahasına bu qələbəni qazandılar.

“Bakı nefti olmasaydı, qələbə olmayacaqdı”

Bizim 5 - 77, 223, 396, 420 v 416-cı diviziyalarımız var idi. Təkcə cənub cəbhəsində deyil, 4200 km uzunluğu olan sovet-alman cəbhəsində azərbaycanlılar döyüşürdülər. Bu 5 diviziyanın arasında 416-cı diviziya ən məşhur diviziya idi. Taqanroku azad edəndən sonra biz Melitopolun alınmasında iştirak elədik. Bu şəhərin alınmasına görə 416-cı diviziyaya “Qızıl bayraq” ordeni verildi. Bu, hərbi orden idi və Moskvada onun şərəfinə 230 topdan atəş açıldı. Adətən, böyük qələbələr olanda bunu Moskvada atəşfəşanlıqla qeyd edirdilər. Ondan sonra Ukraynanın Nikolayev və Odessa şəhəri , Moldovanın paytaxtı Kişinyovun azad olunmasında gedən döyüşlərdə iştirak eləmişəm. Kişinyova çatanda Azərbaycan divziyalarının 1-2-si Krımda qaldı, 3-ü Karpat dağlarına doğru hərəkət elədi. Moldova və Rumıniya arasındakı Prut çayına çatan kimi diviziyanı saxladılar. SSRİ-də çətin şərait olmasına bamayaraq, diviziyanı 13 eşalonla yüklədilər və Varşava-Berlin istiqamətinə göndərdilər. Əlbəttə, bu 416-cı diviziyaya ali baş komandan tərəfindən göstərilən böyük etimad idi. Bizi sovet-alman cəbhəsinin düz mərkəzinə apardılar. Biz orada 2-3 ay hazırlıqdan sonra I Belorus cəbhəsindən hücuma keçdik. Varşava, Polşanın Lozanna və digər şəhərləri aldıq. Almaniya sərhədinə - Oder çayının sahilinə gəlib çıxdıq. Buradan Berlinə cəmi 90 km məsafə var idi. Orada da şiddətli döyüşlər oldu. Sovet İttifaqının Almaniya –Polşa sərhədinə gəlib çatanda 4 milyonluq ordusu var idi. Almanların işğal elədiyi bütün şəhərləri sovet qoşunları aldılar. Beləliklə cəbhə sıxldı, ancaq Berlinin ətrafında qaldı. Almanların nə canlı qüvvəsi var idisə, burada toplanmışdı. Onların şəhərdə hər pəncərə oyuğundan, divarlar arxasından, zirzəmilərdən atəş açmağa imkanları var idi. Amma sovet qoşunları əllərində silah, heç bir müdafiə olunmadan döyüşürdü. Berlin darmadağın idi, həm müttəfiqlər, həm də sovet qoşunları tərəfindən xarabaya çevrilmişdi. Mən 1 il 9 ay döyüşlərdə oldum və 45-ci ilin mayından 50-ci ilə qədər - müharibə qurtarandan sonra 5 il Almaniyada qaldım və minomyot bölməsinin komandiri oldum. Müharibədən sonra Bakıya “Lenin” ordeni verdilər, amma “Qəhrəman şəhər” statusu vermədilər. Bunu onunla əlaqələndirdilər ki, əgər biz Bakıya neftə görə qəhrəman şəhər adı versək, onda gərək tankların istehsalına görə Sverdlovska da, Orenburqa və digər şəhərlərə də qəhrəman adı verək . Amma daha onu bilmirdilər ki, tankı hər yerdə istehsal eləmək olardı, amma SSRİ-də yalnız Bakı əsas neft bazası idi. O zaman Tümen, Tatneft, Başneft yox idi. Bakı nefti cəbhəni 80% neft və yağla təmin edirdi. Bakı neft olmasaydı, qələbə olmayacaqdı. Bunu indi də rusların ədalətli hərbçiləri, sağ qalanlar, tarixçilər, xüsusən də böyük sərkərdələr qəbul edirlər. Jukov da öz kitabında yazır ki, Berlinə ilk çatan diviziyaların 3-ü rus diviziyası idi, 1-i isə Azərbaycanın 416-cı diviziyası idi. O, qeyd edir ki, bütün sovet tankları, bütün təyyarələrimiz, döyüş texnikası Bakı neftinin sayəsində cəbhələrdə öz işini görüb.

“Döyüşə 1500 nəfər getmişdik, cəmi 60 nəfərlə qayıtdıq...”

Mən bu ayaqlarla cənubda 800 km, Mərkəzi və Şərqi Avropada 2000 km piyada yol getmişəm. Bütün sadaladığım döyüşlərdə fasiləsiz iştirak etmişəm, minomyot batareyasında döyüşmüşəm. Diviziyada atəşi istiqamətləndirən bölmənin komandiri olmuşam. Bizim işimiz piyadalar üçün yol açmaq idi. Qələbəni harada qarşılamağa gəlincə, qələbə bizim diviziyanın adı ilə bağlıdır. Bizim 416-cı diviziya Berlin şəhərində Berlinin şərq qapısı Sileziya vağzalından döyüşə başlamışdı. Ora 1500 nəfər getmişdik, gələndə isə cəmi 60 nəfərlə qayıtdıq. Düzdür, bunların bir hissəsi bizdən əvvəl qayıtmışdı. Qələbədən əvvəl Berlində küçə döyüşləri gedirdi. Mənim gözümün qabağında tanışlarım, cəbhə dostlarım məhv olub. Bu da taleyin işidir ki, mən sağ qalmışam. Doğrudur, mən iki dəfə yaralandım, amma yüngül yara aldım, sağ qaldım.

Bütün vuruşmalarda Don, Dnepr , Dnestr, şimalda Visla, Oder və bir neçə başqa çayı biz döyüşlə keçmişik. Dnepri keçib o biri sahilə çatanda mina atdılar və biri gəlib düz çayın yanına düşdü. Su ləngər vurdu, bir neçə nəfər suya düşdük. Qış vaxtı idi, ayağımızda uzunboğaz çəkmə, əynimizdə şinel, qulaqlı papaq, çiynimizdə yük... Axar çayda üzüb sahilə çıxmaq lazım idi. O vaxt hansı qüvvə bizi sahilə çıxardı, bilmirəm. Görünür, onda cavan idik, taqətdən düşmürdük. Sahilə çıxandan sonra da almanlar bizi atəşə tutdular. Həmin gün buzlar əriməyə başladı və şimaldan çayboyu buzlar gəlməyə başladı. Ona görə də bizim bölməyə ərzaq göndərmək mümkün olmadı. Təxminən 50-60 nəfər sudan çıxdıq. Meşəlikdə özümüzə mövqe tutduq, amma oralar subasar yerlər idi. 30 metr qazırdın ki, heç olmasa özünə səngər düzəldəsən, su çıxırdı. İki gün ac qaldıq. Adətən çiynimizdə olan çantada konserv olurdu, amma indi heç nəyimiz yox idi. Bəlkə də, bu yaxşı idi ki, çantamız yüngül olduğuna görə çayı keçə bilmişdik. Gündüz olanda gördük ki, 4-5 ölü at var, amma qış olduğuna görə qurd salmayıb. Amma atlar şişib qalmışdılar. Axşamı gözlədik, hava qaralanda qarın üstü ilə 100 metr sürünə-sürünə gedib balta ilə ölü atın ətini çapıb gətirirdik. Xəndəyin üstünü plaş-palatka ilə örtüb od qaladıq və əti orada 3-4 saat suyun içində qaynatdıq. Ət yumşalandan sonra onu yedik. 2-3 gün belə keçdi. Bizim təyyarələr kömək eləmək üçün gecələr alçaqdan uçaraq torbalarda ərzaq atırdılar. Amma almanlar bizə yaxın olduqlarına görə, torbanın 1-i bizə düşəndə, 2-3-ü onlara düşürdü.

“Almanlar öz əsgərini ayağından zəncirləmişdilər...”

Dneprə çatanda almanlar geri çəkilirdilər və biz də onları təqib edirdik. Amma bir pulemyot nöqtəsi imkan vermirdi ki, biz onları təqib edək. Orada atıcı rotaların gücü zəif olduğuna görə bu pulemyot nöqtəsini adi silahla, tüfəng və avtomatla neytrallaşdırmaq olmurdu. Minomyotla atəş açmaq üçün də imkan yox idi, çünki orada piyadalar atəş nöqtəsinə çox yaxın idi və bizim özümüzünkülərə də güllə dəyə bilərdi. Biz ora hər tərəfdən atəş açaraq hücum elədik və artıq pulemyotun səsi kəsilmişdi. İçəri girəndə nə görsək yaxşıdır, alman əsgəri ayağı zəncirlənmiş, pazla torpağa vurulmuş vəziyyətdə ölmüşdü. Almanlar onu ora ona görə qoymuşdular ki, ölsə də, qoşunların qırılmasının qabağını alsınlar. Onlar özlərinə qarşı da belə qəddar idilər.

Bombardımançı təyyarələr o qədər alçaqdan uçurdur ki, onların altında olan xaç nişanlarını, qanadlarındakı yağ ləkələrini də aydın görürdük. 20-30 metr hündürlükdə uçurdu. Bəxtin gətirəndə sağ qalırdın, olmayanda o dünyalıq olurdun. Döyüşlər bu cür idi.

Sovet ordusu bu müharibədə azı 20 milyon adam itirdi. Mən müqayisə üçün bir rəqəmi açıqlayım, Amerika ordusu Avropada, Afrikanın şimalında, İtaliyada, Atlantikada, Sakit okeanda vuruşub cəmi 420 min nəfər adam itirib. Bu onu göstərir ki, millət müharibəyə hazır olub. Amma Azərbaycanın 3 milyon 200 min əhalisi var idi, sovet alman cəbhəsində 300-400 min insanını itirib. 300 nəfər adam olan batalyonlarda 20-30 nəfər adam qalmışdı. Bizim diviziyamızın da artıq gücü qalmamışdı. 416-cı diviziyanın aldığı şəhərlər Taqanroqdan başlanıb və Kişinyov sonuncu şəhər olub. Azərbaycanın Almaniyada hücum zolağında olan mühüm obyektləri bunlar idi: Sileziya vağzalı, Reyxsbank – dövlət bankı, Kayzer Vilhelmin sarayı , Hərbi muzey, Pulkəsən ev, Kafedral kilsəsi, Maliyyə Nazirliyi, Prussiya Dövlət Kitabxanası, universitet, Opera teatrı, SSRİ səfirliyi, Ədliyyə Nazirliyi, Milli Qalereya, Daxili İşlər Nazirliyi, Fransa səfirliyi, Reyxstaq, Brandenburq darvazaları, Böyük Britaniya səfirliyi və İmperiya Kanslerinin Sarayı - Hitlerin sarayı. Bunların alınmasında 416-cı diviziya və bizim 1374-cü batareyanın böyük rolu olub. Bu, bir şəhərdə olan obyektlərdir. Amma mən sizə şəhərlər dedim, biz orada gedən döyüşlərdə nə qədər adam itirmişik. Mənim gözümün qabağında Taqanrokdan Berlinə qədər yüzlərlə insan məhv olub.

Qar, əsgər şineli və 5-6 saatlıq yuxu...

Müharibədə çətin günlərimiz çox olub. Mən bir il doqquz ay cəbhələrədə nələr görmüşəm. Berlində çox ağır döyüşlərimiz olub. Bu şəhərdə hər binada, hər mərtəbədə döyüş gedirdi. Berlin Bakı ilə eyni paraleldədir, bahar hər ikisində eyni vaxtda gəlir. Amma həmin il çox soyuq gəlmişdi. Polşada Varşava altında döyüşlər gedəndə yerdə qar da var idi. Berlinin özündə biz şinellə idik. Mənim yanımda o qədər ölən olmuşdu ki, bilirdim ki, hər şey ola bilər. Döyüşlərdə insanda xarakter yaranır. İnsan, inanın ki, ölüm haqqında düşünmür. Əgər ölümü düşünsən, qorxaq olarsan, onda gərək kol dalında gizlənəsən. İnsan hər şeyə laqeyid olur. Sağ qalmaq sənin istəyindən asılı deyil, insanda ölümə qarşı bir laqeydlik olur, bu, çox qəribədir. O ki qaldı çətinliklərə, əsas çətinliklər Berlin döyüşlərində olub. Küçəni bir tərəfdən o biri tərəfə keçmək atəşsiz-filansız mümkün deyildi. Ön xəttə döyüşürdük, yer qar, qış vaxtı idi. Dam altında dura bilməzdik, çünki ən çox həmin yerləri bombalayırdılar. Yaşayış məntəqələrində gecələmək və ya bir-iki saat istirahət eləmək mümkün deyildi. Mən indi fikirləşirəm ki, biz buna necə dözmüşük. Ən yaxşı halda şinelimizi qarın üstünə salıb ən çox hörmət elədiyim bir yoldaşımla qulaqlarımızı bağlayaraq ayaqqabılarımızı çıxarmadan kürək-kürəyə uzanırdıq. Bu da ancaq imkan olanda. Axı bir il doqquz ayın yuxusu da olmalıdır. Ona görə kürək-kürəyə uzanırdıq ki, mən bilirdim ki, insana soyuq olanda, sətəlcəm olanda kürəyindən olur. 5-6 saat yatırdıq, səhər də duranda heç fikirləşmirdik ki, bizə soyuq dəyə bilər. Səngər qazırdıq, hərəkət edirdik, o qədər hərəkətli idik ki, ona görə də bizə soyuq olmurdu.

Dneprə qədər bir gündə piyada 70 km yol getdik. Almanlar ordunun zərbələri altında geri çəkilirdilər, biz də onları atəşlə təqib edirdik. Bu epizodu ona görə danışıram ki, qoy müharibədə insanlar nələr çəkir, düşünsünlər. O qədər yol gələndən sonra bizim qarşımıza böyük saman tayaları çıxdı. Güclü də yağış yağmışdı, su içində idik. Bizə əmr verdilər ki, burada 2 saat yatıb dincələ bilərsiniz. Əlbəttə, od qalamaqdan söhbət gedə bilməzdi. Bəxtimizdən tayalar saman tayaları idi və bütün yağışı içəri keçirmişdi. Şinelimiz, papağımız yaş olsa da, 70 km yol gəlmiş adamları yuxudan başqa heç nə narahat edə bilməzdi. Özümüzə otdan yuva düzəldib dincəldik. Səhərə yaxın komanda oldu ki, irəli getmək lazımdır. Bütün üst-başımız, sir-sifətimiz samanın içində idi. Artıq gündüz olduğuna görə bizə icazə verdilər ki, yarım saat od qalayıb paltarlarımızı qurudaq. Doğrudur, paltarımızı bir balaca suyunu sıxa bildik, amma istiləndik. Bax, müharibədə həyat bu cür idi...

Almanların əksəriyyəti Berlindən qərbə doğru köçmüşdülər. Mən ilk dəfə Rusiya, Ukrayna, Polşa torpaqlarından sonra Almaniya torpaqları, daş evlər, gözəl həyət evləri gördüm. Almanlar o qədər iddialı idilər ki, onların yaşayışları da belə idi. Beton yolları da mən ilk dəfə onlarda gördüm.

5 orden, 20 medal

Biz evlərə girəndə dolabı açırdıq, 20 dənə kostyum, təsərrüfat hissəsində cürbəcür bankalar... çox zəngin həyatları var idi. İddialı almanlar belə idi, onlar belə dolanırdılar. Döyüşlər vaxtı alman ailəsində olmuşam. Bir ailədə azı 70 yaşı olan kişi və arvad var idi. Mən orta məktəbdə xarici dil kimi alman dilini keçdiyimə görə, bir az danışa bilirdim. Bizi içəri dəvət elədilər, amma bir az şübhələndilər və qorxdular. Rusların içərisində yəhudi döyüşçülər də var idi və onlar Hitlerin yəhudiləri qırmasından xəbərdar idilər. Buna görə həmin əsgərlər bəzən ailələrdən qisas alırdılar. Mən onlara başa saldım ki, biz sizi öldürmürük, sizinlə söhbət eləməyə gəlmişik.

Mayın 1-i idi. Artıq döyüşlər qurtarmışdı. Berlində Mingəçevirdən olan bir dostumla küçədə lagerə rast gəldik. İçəri keçdik, 80-90 nəfər alman orada sığınacaqda qalırdılar. Qonşu alaydan olan kefli rus zabiti əlində tapança bir almanı vurmaq istəyirdi. Biz ondan niyə belə etdiyini soruşanda söyüş söydü və dedi ki, mənim almanlarla ədavətim var. Biz onun silahını əlindən aldıq və dedik ki, sabah olduğumuz yerə gələrsən, qaytararıq. Kefli olduğuna görə müqavimət də göstərə bilmədi.. Almanlara “na xaus” dedik. Onlar məəttəl qaldılar, sifətləri dəyişdi, çox sevindilər. Bilmədilər bizim üçün nə etsinlər.

Almanlar bizim hamımızı rus hesab edirdilər və “raşşın” deyirdilər. Biz Berlində döyüşlər qurtarandan sonra almanlara özümüzü nişan vermək üçün Azərbaycandan, Bakıdan olduğumuzu deyirdik, amma onlar tanımırdılar. Qafqazlı dedikdə “koukas” deyib tanıyırdılar. Onlar müharibədə əsas zərbəni ruslardan gözləyirdilər.

Müharibə 1418 gün davam elədi. Dəhşətli müharibədə 5 orden aldım - 2 “Böyük Vətən Müharibəsi”, “Qırmızı ulduz”, “Şöhrət ordeni”, “Əmək bayrağı” ordeni və 20 medalım var. İlk təltifim “İgidliyə görə” - 1943-cü ildə Taqanrokun alınmasının şərəfinə verilən medaldır. Aldığım ordenlərin 4-ü döyüş ordenləridir.

Vətənə 50-ci ilin yayında 24 yaşında kiçik leytenant rütbəsində qayıtdım. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini qiyabi bitirdim. Ondan sonra müxtəlif vəzifələrdə çalışdım. Ali Sovetin Rəyasət Heyətində Nəşr və Tərcümə şöbəsinin müdiri oldum, sonra Sovet işləri şöbəsinin rəhbəri oldum və 26 il orada çalışdım. Axırıncı iş yerim isə Mərkəzi Seçki Komissiyasının aparat rəhbəri vəzifəsi olub.

Sonda onu demək istəyirəm ki, hazırda Azərbaycanın torpaqları işğal olunub, Qarabağ hələ də işğal altındadır. Müharibədə qalib gəlmək üçün əsgərdə hansı hiss olmalıdır? Birinci onu deyim ki, hər kəs orduda qulluq etməlidir, çünki ordu böyük məktəbdir. Ordu gəncə həm vətənpərvərliyin nə olduğunu dərindən dərk etməyi öyrədir, həm də kişiliyi. Bilirsən ki, çətinliyə dözmək lazımdır, vətəni müdafiə üçün hər dəqiqə hər şeyə hazır olmalısan. Yeri gələndə, hətta həyat bahasına. İntizamı, səliqəni öyrənirsən. Ordu vətəni sevməyi öyrədir, insanda xarakter yaranır, sən ölüm haqqında düşünmürsən. Bütün gənclərə ordu həyatı arzu edirəm. Mən 2 il döyüşü bir kənara qoyuram, Almaniyada müharibədən sonra 5 il etdiyim xidmət, iki universitetə bərabər idi.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm