Müəlliməsi ilə münasibətdə ittiham olunan abituriyent DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Müəlliməsi ilə münasibətdə ittiham olunan abituriyent DANIŞDI

Bakıda 45 saylı məktəbdə qəribə hadisə baş verib. Belə ki, məktəbin ingilis dili müəlliməsi olan Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş qızın 50 saniyəlik videogörüntüsü qalmaqala səbəb olub.

Həmin videogörüntü əsasında məktəbin direktoru Nazilə Məmmədova Z.Nəbiyevanı şagirdə qarşı əxlaqsız hərəkətdə ittiham edir və onun məktəbdən uzaqlaşmasını tələb edir.

Publika.az-a açıqlama verən Z.Nəbiyeva 15 ildir bu məktəbdə işlədiyini və heç vaxt direktorla mübahisələrinin olmadığını deyib:

“Mənimlə həmin şagird arasında yaxınlıq olması ilə bağlı söz-söhbətlər hələ yanvar ayında yayılmışdı. Belə fikirlər var idi ki, niyə bu qız daim mənim yanımdadır? Amma bu çox qəribə düşüncədir. Biz həmin şagirdlə ailəcə yaxınıq və digər şagirdlərlə onun arasında fərq qoymuram. Sadəcə, o şagirdin istəyini göstərmək forması fərqlidir. Başqaları yaxın olduğu insanı bir dəfə öpür, bu qız dəfələrlə öpə bilir. Məni də anası qədər çox istəyir. Hər gün də dərsə başlayanda məni öpür. Amma yanvar ayında bu sözlər yayılanda direktor mənə elə ciddi bir söz demədi. Məktəb bağlanandan sonra məni yayılan şayiələrlə bağlı yanına çağırdı. Amma mən məktəbi idarə edən birinin belə sözlərə inanmamalı olduğunu dedim. Dünən məni yanına çağırıb məktəbdən çıxmağımı, iş yerimi dəyişməyi tələb etdi. Mən belə sözləri heç gözləmirdim. Axı mənim iki övladım var, ailəmə mən baxıram. Xəstə anam var, ona da mən baxıram. Direktor bunları bilə-bilə məni necə işsiz qoya bilər? Üstəlik, məktəbdən çıxmağım o deməkdi ki, mən ittihamları qəbul edirəm. Mən yayılan xəbərlərin boş olduğunu deyəndə o, telefonunda mənə videonu göstərdi. 50 saniyəlik videoda şagird mənim yanağımdan öpüb. Burda qəribə heç nə yoxdur. Mən etiraz etsəm də, o bildirdi ki, bu iş uzansa, məhkəməlik olacaq. Mənim məktəbdə qalmağım uşaqların tərbiyəsini pozacaq”.

Z.Nəbiyevanın sözlərinə görə, direktor bu videonun valideynlər tərəfindən çəkildiyini iddia etsə də, bu, inandırıcı deyil.

“Mən direktorla razılaşıb, sinif otaqlarının birində dərsdən sonra abituriyent hazırlayırdım. Həmin otaqda kamera yox idi və çəkilişin telefon yox, kamera ilə çəkildiyi aydın görünür. Direktorun razılığı olmadan otağa kamera yerləşdirilə bilməz. Çünki otağın açarının biri məndə, digəri tərbiyə işləri üzrə müavində olur. Valideynlər ora keçə bilməz. Direktor videonun valideynlər tərəfindən çəkildiyini və valideynlərin məni məktəbdən uzaqlaşdırmağı tələb etdiklərini deyir”.

Z.Nəbiyeva bildirib ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil Nazirliyinə müraciət etməyib.

“Hələ ki, Təmiz Dünya İctimai Birliyinə müraciət etmişəm. Bu xəbərlər yayılandan sonra, direktor mənə başqaları ilə söz göndərib ki, videonu nazirliyə təqdim edəcək. Amma mən heç nədən çəkinmirəm. O videoda heç nə yoxdur”.

Hadisədə ittiham olunan tərəflərdən biri -11-ci sinif şagirdi Publika.az-a bildirib ki, bu barədə yayılan söz-söhbətləri yalnız tərbiyəsiz və sağlam düşünməyən insanlar yaya bilər:

“Mən Ziyafət müəllimə ilə yaxınam, ailəm onu tanıyır, o müəllimənin yanına hazırlığa getməyimi məktəbdən məsləhət görüblər. Əgər o, yaxşı müəllimə deyildisə, nə üçün mənə məsləhət görürdülər. Düzdür, mən Ziyafət müəllimə ilə çox yaxınam, amma onların düşündüyü kimi deyil, onu özümə ana kimi yaxın hiss edirəm. Hesab edirəm ki, bu, normaldır. Mənim müəllimə ilə söhbət etməyim, birlikdə yemək yeməyim müəllimə və şagirdlər arasında söz-söhbətə səbəb olmuşdu. Amma mən bunu heç vaxt ciddi qəbul etmirəm. Bu xəbərin yayılması mənim üçün önəmli deyil. Lakin müəllimənin işsiz qalması məni çox narahat edir. Bu, müəllimənin məktəbdən uzaqlaşdırılması üçün sadəcə bir bəhanədir. O videoya mən də baxmışam, orada heç nə yoxdur. Mən hər gün dərsə başlayanda müəllimə ilə görüşürəm. Ona görə də biz heç kimdən çəkinmirik və məlumatı da özümüz yaymışıq. Məlumat yayılandan sonra direktor mənə zəng edib, videonu Təhsil İdarəsinə apardığını deyib”.

Təmiz Dünya İctimai Birliyindən Publika.az-a bildiriblər ki, həm Z.Nəbiyeva, həm də həmin şagird məlum məsələ ilə bağlı onlara müraciət ediblər. Biz məlumatın mətbuatda yayılmasına şərait yaratmışıq. Bu, direktorun müəlliməni məktəbdən çıxarması üçün bir bəhanədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır.

Məktəbin direktoru Nazilə Məmmədova ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm