Məsxərəyə qoyulan müəllimlər, döyülən şagirdlər: Kimdir günahkar?
Bizi izləyin

Sosial

Məsxərəyə qoyulan müəllimlər, döyülən şagirdlər: Kimdir günahkar?

Bu hallarla qarşılaşan müəllim necə davranmalıdır?

Astara rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə müəllimin şagirdi döyməsilə bağlı video görüntülər yayılıb. Məsələyə münasibət bildirən məktəb direktoru Teymur Heydərov müəllimin cəzalandırıldığını deyib. Direktorun açıqlamasına görə, müəllimin bu addımı atmasına səbəb doqquzuncu sinif şagirdinin onun arxasında qəribə səs çıxartmasının sinifdə gülüşə səbəb olmasıdır.

Son vaxtlar müəllimlərin şagirdlərini döyməsi barədə məlumatlar tez-tez yayılır. Hər dəfə də hadisə araşdırılarkən müəllimin şagirdlərin davranışına görə əsəblərini cilovlaya bilmədiyi açıqlanır. Yəni şagirdlər müəllimləri elə həddə çatdırır ki, o pedaqoq olduğunu da unuda bilir.

Bu zaman isə belə sual yaranır. Həqiqətənmi tək günahkar müəllimdir və yalnız o cəzalandırılmalıdır? Bu hallarla qarşılaşan müəllim necə davranmalıdır?

Azərbaycan Təhsil Şurasının sədri, pedaqoq Əjdər Ağayev Publika.az-a bildirib ki, problem tərbiyə işi zəif olan ailələrdən və məktəblərdən qaynaqlanır: “Ümumiyyətlə, bu məsələ respublika məktəblərində problemə çevrilib. Müəllim şagird münasibətləri və ailədə tərbiyə işi sistemli qurulmalıdır. Valideyn və müəllimlərin şəxsi nümunəsi bu məsələdə böyük rol oynayır. Təəssüf ki, məktəblərin tərbiyə işində qüsurlar var. Hələ də müəllimlərin bir çoxu şagirdlərlə dostluq, yaxınlıq, səmimi münasibətə alışmayıb, onlar şagirdə səsini yüksəltmək, bəzi hallarda əl qaldırmaqda özlərini haqlı sayırlar. Təhsil Nazirliyinin müəllimlərin davranışı ilə bağlı etik qaydaları var. Lakin məktəblərdə belə hallar yaşanarkən müəllimin necə davranması barədə qaydalar yoxdur. Bəzən həqiqətən də müəllimin səbir edə bilməməsinin, şagirdi cəzalandırmaq üçün müxtəlif üsullara əl atmasının şahidi oluruq. Bəzi müəllimlər xüsusən, yuxarı siniflərdəki şagirdlərlə bacarmağın mümkün olmadığını dilə gətirirlər”.

Pedaqoqun sözlərinə görə, bu hallarda müəllim qədər şagirdin də cəzalandırılmasına ehtiyac var: “Ciddi, ixtisasını mükəmməl bilən, fənninə sevgisini şagirdlərinə hiss etdirən müəllim gülüş hədəfinə çevrilməz. Belə şagirdlər tək-tək ola bilər, lakin kütləvi olmaz. Bu halların yaşandığı məktəblərdə müəllimlər öz davranışları barədə düşünməlidir. Müəllimi gülüş hədəfinə çevrilən şagird ədəbsizlik etmiş olur və bu ailədən gələn tərbiyənin göstəricisidir. Çünki hər bir şagird ilk növbədə ailənin məhsuludur. Valideynlərin bir-biri ilə davranışı şagirdlərin məktəbdə özünü aparmasına təsir edir. Şagirdlərin bu cür davranışları ilə qarşılaşan müəllim maksimum səbirli olmalı, məsələni valideyn, sinif səviyyəsində müzakirəyə çıxarmalıdır. Çünki öz yaşıdları tərəfindən qınanmaq daha təsirli olur. Lakin istənilən halda şagird də cəzalandırılmalıdır. Müəllimi gülüş obyektinə çevirən şagirdlər tənbeh olunmalıdır. Burada ailə də məsuliyyət daşıyır”.

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bu hallara iki yanaşma olduğunu deyib: “Birinci növbədə, müəllim heç bir halda şagirdə əl qaldırmamalı, fiziki zorakılıq tətbiq etməməlidir. İstər orta məktəblərin nümunəvi nizamnəməsində, istərsə də müəllimin etik davranış qaydalarında bu hallarla bağlı kifayət qədər cəza normaları var. Şagird müəllimə qarşı hörmətsizlik edərsə, onun sinif rəhbəri, dərs hissə müdiri və direktora yazılı formada məlumat verə bilər. Bu zaman şagirdə töhmət, xəbərdarlıq, valideynin məktəbə çağırılması kimi cəzalar müəyyən edilməsi mümkündür. Son məqamda məktəb pedaqoji şurasının qərarı ilə şagird məktəbdən azad edilib, başqa bir məktəbə yerləşdirilə bilər. Heç bir halda müəllimin şagirdi döyməsinə haqq qazandırmaq olmaz.

Müəllimin də insan olduğunu, onun da ailəsində problemlərin ola biləcəyini unutmamalıyıq. Amma heç kim problemini şagirdlərə qarşı zorakılığa yönəltməməlidir. Müəllim peşəsini seçən şəxs qarşılaşacağı çətinlikləri nəzərə almalıdır. Müəllim olmaq istəyənlər həm də psixoloji testdən keçməlidir. Müəyyən yaş dövründə şagirdlər özünü başqalarına sübut etməyə çalışır. Bu dövrü müəllim anlamalıdır. İkinci məqam isə şagirdlərimizin davranışı ilə bağlıdır. Təəssüf ki, şagirdlərimiz bayağı toy müğənniləri, şou nümayəndələrinin davranışlarını örnək götürür, məktəbdə də bu cür zarafatlar edirlər”.

Ekspertin fikrincə, bu halların yaşanmasında əsas günah məktəb direktorunun üzərindədir: “Direktorun məktəbdə normal pedaqoji mühit yarada bilmədiyinə görə bu hallar yaşanır. 5 il orta məktəbdə müəllim işləmişəm, bu gün də Bakı Dövlət Universitetində müəllim kimi çalışıram. Ən çətin tərbiyə edilən uşaqlar belə mənim auditoriyam da olublar. Amma onlarla işləmək üsulunu tapıb, onları ram etmişəm”.

Millət vəkili Gövhər Baxşəliyevanın sözlərinə görə, ən çətin vəziyyətdə belə müəllim şagirdə əl qaldırmamalıdır: “Müəllim şagirdə sözlə təsir göstərməlidir. Bu, mümkün deyilsə, ona “2”yazmalı, dərsdən çıxartmalı, ya da sinifdə saxlamalıdır. Bu barədə sinif rəhbəri, direktora məlumat verə bilir. Fiziki təzyiq olmaz. Artıq XXI əsrdəyik. Bu hala yol verən müəllimlər ciddi şəkildə cəzalandırılmalıdır ki, başqalarına da örnək olsun. Bir dəfə şagird döyən müəllim bir daha auditoriyaya buraxılmamalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm