• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Gözümün işığı və ya qəribə heykəltəraş ömrü”sənədli filmi təqdim olunub

“Gözümün işığı və ya qəribə heykəltəraş ömrü”sənədli filmi təqdim olunub

Martın 14-də Nizami Kino Mərkəzində Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında istehsal olunmuş "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçirilmişdir.

Bu ekran əsəri görkəmli heykəltəraş, Əməkdar İncəsənət Xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilmişdir.

Təqdimat mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Həyat Abdullayevanin ailə üzvləri, filmin yaradıcı heyyəti, sənət adamları və digər qonaqlar iştirak edib.

Mərasim iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin foyesində Həyat Abdullayevanın Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən nümayiş etdirilən "Bahar" və "Lənkəranlı qız" əsərləri ilə tanış olmuşlar.

Filmin nümayişindən əvvəl mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, görkəmli heykəltəraşın tələbəsi olmuş Xanlar Əhmədov Həyat Abdullayevanın incəsənətimizə verdiyi töhfələrdən geniş söhbət açmışlar.

Diqqətə çatdırılmışdır ki, hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan Xurşidbanu Natəvanın abidəsinin də müəllifi Həyat Abdullayevadır.

Bildirilmişdir ki, son illər Bakıda dövlətimizin başçısının müvafiq sərəncamları əsasında qoyulmuş abidələr mədəniyyətimizin tarixinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Yaxın gələcəkdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni qəsbkarlarından azad olunacaq və Xurşidbanu Natəvanın abidəsi də muzeyin həyətində saxlanılan digər abidələrlə birgə yenidən Şuşada ucalacaqdır.

Qeyd olunmuşdur ki, Həyat Abdullayevanın boya-başa çatdığı ailə sovet rejiminin bir çox təzyiqlərinə, zülmlərinə məruz qalsa da, onlar həmişə həyata nikbin baxmışlar. Həyat Abdullayevanın şərəfli ömür yolu və yaradıcılığı bizim üçün əsl örnəkdir.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunmuşdur.

Çıxışlarda filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edilmişdir.

Ümumilikdə 27 dəqiqə davam edən bu filmdə sənətkarın zəngin yaradıcılığı və ömür yolundan bəhs olunmuş, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlandırılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR