Yeganə: “Türkiyədə nə Aygünü, nə Röyanı, nə Brilliantı tanıyırlar” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yeganə: “Türkiyədə nə Aygünü, nə Röyanı, nə Brilliantı tanıyırlar” – MÜSAHİBƏ/FOTOLAR

Tanınmış müğənni Yeganə Mürsəlovanın Publika.az-a müsahibəsi

-Yeganə xanım, xeyli vaxtdır Azərbaycanda yox idiniz. Bakıya hansı yeniliklərlə gəlmisiniz?

- Azərbaycanda yeni işlərim var. İyirmi gün əvvəl Cəlil adlı bir meyxanaçının sözlərinə mahnı bəstələdim. Hər zaman lirik mahnılara üstünlük versəm də, bu mahnım ritmikdir. Bu dəfə oynaq mahnı oxumaq istədim. Mahnının aranjimanını bəstəkar-müğənni Tunar Rəhmanoğlu edib. Bundan başqa, vaxtilə oxunmuş, son illər isə heç kimin ifa etmədiyi iki aşıq mahnısı hazırlamışam. Bəlkə də, o mahnıları otuz ildir heç kim oxumurdu.

- Hansı mahnılardır?

- Açıqlama vermək istəmirəm ki, sürpriz olsun. Bu mahnıların təqdimatı olacaq. Onlardan birinə çox yaxşı bir klip çəkdirəcəyəm. Üzü qışa doğru getsək də, bu mahnıya klip çəkilməsini çox istəyirəm. Həmişə mənə deyirlər ki, kliplərini Şamaxı, İsmayıllı tərəfdə çəkdirirsən. Torpaq məni çəkir də. Axı özüm şirvanlıyam. Həm də Şirvan aşıq musiqiləri ritmik olduğuna görə insanların qanını qaynadır. Hərdən bunu deyəndə kimlərsə məndən küsür. Şirvan aşıq məktəbi insanlara daha yaxındır. Qazax, Tovuz aşıqlarının yanında isə heç vaxt nağara və qoşa nağara olmayıb. Amma hər ikisi gözəldir, bizimdir, folklorumuzdur...Bu mahnılar artıq aranjimandadır. Verilişlərə dəvət alıram. Son üç ildə iştirak edəcəyim verilişləri seçirəm. Amma əvvəl belə bir şey etməmişdim.

- Seçim etməyiniz nədən irəli gəlir?

- İndi o qədər lazımsız verilişlər var ki.

- Bu günlərdə imtina etdiyiniz veriliş olubmu? Çünki indi ildə bir dəfə efirə dəvət olunmayan müğənnilər prestij xatirinə “hər verilişə getmirəm” tipli bəyanatlar verirlər....

-Yox, qətiyyən, bu sözləri prestij xatirinə demirəm. Ümumiyyətlə, heç vaxt ağzımdan mərifətsiz söz çıxartmaq istəməmişəm ki, kiminsə xətrinə dəyər. Verilişə dəvət edirlər. Qəfil sənə elə bir lazımsız sual verirlər ki... Baxırsan ki, qarşındakı cahil və savadsızdır. Sən də məcbur olub onun sualına cavab verməlisən. İçəridə də dişin bağırsağını kəsir. Tamaşaçılar da bilir ki, sənə sualı verən hansı səviyyənin adamıdır. Ona görə də axır vaxtlar efirə dəvət olunanda götür-qoy edirəm. Hətta məndən başqa qonaq olacaq digər sənətçilərlə də maraqlanıram. Peşəkar səhnədə olduğum on dörd il ərzində bir dəfə də heç bir həmkarımla söz-söhbətim olmayıb. Elə bir müğənni tanıyırsınızsa, göstərin. Hamısıyla yaxşı yola getmişəm. İlanın da quyruğunu tapdasan, səni sancar. Ona görə heç kimin də xətrinə dəymək istəmirəm. Heç kimə də icazə vermərəm ki, barəmdə yanlış fikir söyləsin, xətrimə dəysin.

- Burada yetərincə tanındınız, hətta müəyyən pərəstişkar auditoriyanız da formalaşmışdı. Amma qəfil çıxıb Türkiyəyə getdiniz. Son vaxtlar isə gah orada, gah burada olursunuz. Belə çətin deyil?

- Məsələyə belə yanaşaq da: dəfələrlə demişəm və yenə də deyirəm ki, bundan əvvəl klip çəkdirmək, hansısa yenilik etmək üçün ya Gürcüstana, ya da Rusiyaya üz tuturduq. Demirəm ki, buradakı rejissorlar, bəstəkarlar, aranjimançılar zəifdirlər. Azərbaycanda bütün dəyərli, tanınmış, peşəkar bəstəkarlarla işlədim.

- Kimlərlə?

- Faiq Sücəddinnov, Tahir Əkbər, Gövhər Həsənzadə, rəhmətlik Hikmət Mirməmmədli, Nailə Mirməmmədli, Xanım İsmayılqızı ilə işbirliyimiz oldu.

-Yəni demək istəyirsiniz ki, buradakı sənət mühiti sizin üçün maraqsızlaşdı deyə Türkiyəyə üz tutdunuz?

-Yox, maraqsızlaşmadı. Düşündüm ki, niyə də Türkiyənin peşəkar bəstəkarlarıyla iş birliyim olmasın? Bizdə hər zaman texnika kassaddır. Bunu danacaq yerimiz yoxdur. Texnika hər zaman orada inkişaf edir, sonra bizə gəlir. Bəlkə, bu da kiçik dövlət olmağımızdan irəli gəlir. Ora getdim, peşəkar rejissorlarla iş birliyim oldu. Tarkandan başqa heç kimin fotosessiyasını etməyən bir fotoqrafla İtaliyada fotosessiyalar etdik. Bunlar elə-belə olmadı ki. Hamısına xərc çəkirdim.

- Xərcləri özünüz çəkirdiniz, yoxsa çalışdığınız şirkət?

- Əlbəttə, mən yox. Ora “Selem özen” adlı bir prodakşının dəvətiylə getmişdim. Həmin şirkətdə Türkiyənin çox öndə olan on beş müğənnisi çalışır. Həmin şirkətlə əməkdaşlığımız iki ilə yaxın davam etdi. Əməkdaşlığımız bitəndən sonra özüm tək davam elədim.

- Bildiyimə görə, adını çəkdiyiniz musiqi şirkəti sizin reklamınıza yarım milyon dollar civarında sərmayə qoymuşdu. Hətta bu barədə yerli mətbuat da yazırdı. Doğrudanmı, sizə bu qədər pul xərclənirdi?

- Çox, çox xərclənirdi. Amma dəqiq rəqəm deyə bilmərəm. Çünki bizim müqaviləmizdə belə bənd var idi. Həmin bəndə əsasən, mənim nəyə nə qədər xərcləndiyini soruşmağa ixtiyarım, haqqım yox idi. Mən oradan aylıq əməkhaqqımı alırdım.

- Aylıq əməkhaqqınız nə qədər idi?

- Demək istəmirəm. Amma son vaxtlar özüm çəkdirdiyim kliplərin qiymətini deyə bilərəm. Çünki həmin məbləğ sırf mənim büdcəmdən çıxıb. Ən son klipim “Yaralı ürək” mahnısına çəkildi. Həmin mahnını İbrahim Tatlısəs də oxumalıydı. Hətta bu barədə razılaşmamız da var idi. Təəssüf ki, sonradan onun başına məlum hadisələr gəldi.

- Klipinizə xərclədiyiniz məbləği açıqlayacaqdınız...

-Deyə bilməərm ki, klipimə 30-40 min xərcləmişəm. Geyimlərimlə, çəkiliş heyətinin yeməyi, digər xərcləriylə birlikdə 14 min avro xərcim çıxdı. Çox peşəkar rejissor idi və işindən də razı qaldım. Səkkiz il əvvəl Azərbaycanda da ən bahalı kliplərdən birini mən çəkdirmişdim. “Yalvara-yalvara” aşıq mahnısının klipini Emin Mirabdullayev çəkmişdi.

- O klip neçəyə başa gəlmişdi?

- O vaxt həmin qiymətə heç kim klip çəkmirdi. “Yalvara-yalvara” animasiya janrında çəkilən klip idi. Həmin klipə on min dollardan çox xərcim çıxdı. Oradakı kuklaların hazırlanması üçün Rusiyadan bir neçə maşın plastilin gətirilmişdi. Nə vaxt gedirdin, Emin bağda plastilin əridirdi. Əziyyət çəkildi, axırda da keyfiyyətli iş ortaya qoyuldu. Amma indiyə kimi bu barədə heç yerdə danışmamışam.

-Türkiyədəki işləriniz də yarımçıqdır, burdakılar da. Birdəfəlik ya orada, ya da burada yaşamaq fikriniz varmı?

- Orada birdəfəlik yaşamaq, işləmək istəmirəm. Əslində, həyat yoldaşım Türkiyə vətəndaşı olduğuna görə mənim üçün orda qalmaqda çətinlik yoxdur. Yəni orada da yaşaya, işləyə bilərəm, burada da. Amma ora Türkiyənin pop ulduzu olmaq üçün getməmişdim.

- Bəs niyə getmişdiniz?

- İstədim ki, oradakı peşəkarlarla da işləyim, onların bildiklərini öyrənim.

- Son illər Azərbaycanın bir neçə tanınmış müğənnisi, o cümlədən Brilliant Dadaşova, Aygün Kazımova, Röya Ayxan Türkiyə şou-biznesinə can atırlar. Hətta oradakı reklamları üçün yetərincə böyük pullar da xərclənir. Həmin sənətçiləri Türkiyədə tanıyırlarmı?

- Açıq danışmaq lazımdır. Türkiyədə Azərbaycandan heç bir sənətçini tanımırlar. Təkcə Güneli çıxmaq şərti ilə. Hamımız getmişik və vəziyyəti bilirik də. Güneldən sonra ikinci azərbaycanlı ifaçı mən oldum ki, Türkiyənin “Number one”, “Powerturk”, “Kral pop”, “Kral”, “Viva”, “Gala” kimi kanallarda kliplərim yayımlandı. Sadaladığım bu telekanallara heç Türkiyənin bəzi məşhurları düşə bilmirlər. Səkkiz klipim gecə-gündüz yayımlanırdı.

- Amma yenə də Türkiyədə tanına bilmədiniz.

- Yetərincə tanındım. Oranın musiqi mediası və musiqiçiləri məni yetərincə tanıyır.

- Neçə vaxtdır Bakıdasınız?

- Türkiyədə, yaxud Azərbaycanda olduğum müddəti dəqiq bilmirəm. Həyat yoldaşım Qurban bayramında gəldi, sonra işi ilə əlaqədar Türkiyəyə qayıtdı. Bir-iki günə yenidən bura gəlməlidir. Onun işi çox olanda orada, mənim burada işlərim çox olanda burada qalırıq. Türkiyədə də evimiz var, Azərbaycanda da.

- Nə əcəb kiminləsə duet oxumursunuz?

- Heç istəmirəm də. Bəlkə də, yaxşı mahnı olsa, oxuyaram. Tarkanın, Selami Şahinin bəstələrini oxumuşam. Demək istədiyim odur ki, onlardan sonra maraqlı bir iş olmalıdır.

-Tarkanın, Selami Şahinin bəstələri sizə neçəyə başa gəlirdi?

-Hər zaman gördüyüm işi göstərməyi xoşlayıram və nadir hallarda qiymətini açıqlayıram. Geyimlərimi bazardan da ala bilərəm, adi mağazadan da. Yəni mənim üçün nəyinsə brend olması yox, yaraşmağı, xoşuma gəlməyi şərtdir.

-Türkiyədə də toylara gedirsiniz?

-Yalan danışmağı sevmirəm. Orada, bir dənə də olsun toya getməmişəm.

-Yəqin ki, Türkiyədə sizə tələbat yoxdur...

- Hər zaman öz millətimin məclislərinə gedirəm. Azərbaycanda və yaxın ölkələrdə yaşayan soydaşlarımızın toylarına daha çox dəvət edilirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm