• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xalq artisti: “33 yaşıma qədər qızlarla gəzib kef eləmişəm” - FOTOLAR/MÜSAHİBƏ

Xalq artisti: “33 yaşıma qədər qızlarla gəzib kef eləmişəm” - FOTOLAR/MÜSAHİBƏ

Bu gün xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının doğum günüdür. “73”-ün kürəyini yerə vuran qocaman aktyorumuzu biz də təbrik etdik. Onu da deyim ki, “qocaman” sözünü məcazi mənada dedim, çünki onun hərfi mənasını Ağaxan müəllimə heç yaraşdırmıram, o, bizim həmişəcavan aktyorumuzdur...

Xalq artistini doğum günündə axtardıq, onu məşq zamanı söhbətə tutduq. “Məni harda itirsəniz, teatrda taparsınız”, - deyən sənətkarımızı hələ bir saat gözləməli də olduq. “Qoy məşqi qurtarım, sonra...”- deyib səhnəyə qayıtdı.

Qeyd edim ki, Bakıda doğulan aktyor ilk sənət təhsilini Suraxanıda fəhlə-gənclər dram dərnəyində alıb. Daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsərində Cəfər Cabbarlı rolu ilə başlayıb. Mozalan kinojurnalının süjetlərində çəkilib.

- Ad gününüzdür, hansı əhvali-ruhiyyədəsiniz?

- Adi, gündəlik həyatımın bir gününü yaşayıram. 73 yaşım tamam olur, durub bayram edəsi deyiləm ki… Teatrdayam, məşq edirəm, tamaşa hazırlayırıq.

- Belə başa düşdüm ki, qocalığı boynunuza alırsınız…

- (gülür)Yox, yox, qətiyyən. Özümü çox gənc hesab edirəm. Amma 73 də az yaş deyil.

- Qoy bunun dərdini yaşından qat-qat qoca görünənlər çəksin, maşallah, yüz cavana dəyərsiniz… Deyin görək, ilk təbriki, ilk hədiyyəni kimdən aldınız?

- Gəlinim və həyat yoldaşımdan. Gəlinim mənə sürməyi rəngdə bir köynək bağışladı, xanımım da ətir. 25 manata alıb, hələ qutudan çıxarmamışam. Bir tamaşaçım da mənə ətir bağışladı. Axşama qədər də hələ vaxt var, görək daha kimlər nə hədiyyə edəcək.

- İndiyə qədər arzuladığınız, amma oynamadığınız rol varmı? Bilirəm ki, əksər aktyorların arzusu Hamleti oynamaq olub.

- Mən Hamleti yox, ömrü boyu Kral Liri oynamaq arzusunda olmuşam. Amma bu rolu mənə verməyiblər. Bu arzumu dəfələrlə Azərpaşa Nemətovun yanında da demişəm, o da hər dəfə mənə söz verir, amma yerinə yetirmir.

- İnşallah, oynayarsınız. Deyin görək, bayaq hansı tamaşanın məşqlərini edirdiniz?

- Şekspirin “3-cü Riçard”ın məşqləri gedirdi. Rejissoru Cənnət Səlimovadır...

- Özünüzü böyük aktyor sayırsınız?

- Bunu mənə xalq deyə bilər. Mən yalandan durub özümü tərifləyə bilmərəm.

- Amma dünən sənətə gəlib, bu gün özünə sənətkar deyənlər də çoxdur.

- Elələrinə mən icraçı aktyorlar deyirəm. Bir var icraçı, bir də var yaradıcı aktyor. İcraçı aktyor səhnəyə daxil olanda ona tapşırılanları yerinə yetirir, amma tamaşaçı ondan enerji, istilik ala bilmir.

- Amma aktyor da var ki, bir dəfə səhnəyə daxil olmaqla səhnəni doldurur…

- Düzdür, elə aktyorlar da var, səhnəyə daxil olur, yarım saat danışır. Amma tamaşaçı ondan heç nə anlamır.

- Özünüzü şanslı aktyor sayırsınız?

- Əlbəttə. Şansım olmasaydı, teatra gələn kimi mənə Romeo obrazını verməzdilər. Arturu, Cəfəri, Balakişini verməzdilər, “Səhər görüşləri” verilişində “Lyubimçik Ağəli”ni oynadım, şanslı olmasaydım, “Mane-mane”-, deyib dalımca qaçmazdılar.

- Heç öz həyatınızı, taleyinizi oynamısınız?

- Yox. Əslində, mənim həyatımda dramatik məqamlar yaşanmayıb.

- Ən çox hansı yaşınızı sevirsiniz və o yaşa qayıtmaq istəyirsiniz?

- İnanın ki, hər yaşım mənə əzizdir. Hər yaşımla bağlı xatirələrim, yaşantılarım var. Mən onlardan imtina edə bilmərəm. “73”-ü də sevirəm.

- Əlbəttə, sevməlisiniz, çünki sizə bu qədər enerji verə bilir...

- Adam var, tədricən qocalıb ölür. Amma deyəsən, mən elə lapdan öləcəyəm.

- Allah eləməsin, “kvartalın axırıdır, nə ölmək-ölmək salmısınız”?

- (gülür) Eynimi açdın…

- Ağaxan müəllim, xoşbəxt aktyor olduğunuzu bilirəm, bəs ailədə necə, xoşbəxt kişisiniz?

- Ailəmdən çox razıyam. Həmişə mənə dəstək olub.

- Xanımınız tamaşalarınıza gəlib baxır?

- Premyeralara mütləq gəlib baxır.

- Heç “bu rolu filan aktyor səndən gözəl oynayır”-, deyib sizi ruhdan saldığı vaxtlar olub?

- Əksinə, məni həmişə tərifləyir ki, sənin kimi bu rolu oynayacaq ikinci bir aktyor ola bilməz, səndən yoxdur.

- Bəs, bu dəyərin qabağında, siz necə, ona xəyanət etmisiniz? Heç olmasa, ömrünüzdə bir dəfə də olsa…

- Mən çox gec evlənmişəm, 33 yaşımda. 33 yaşıma qədər o ki var gəzib, kef eləmişəm. Amma evlənəndən sonra buna vaxtım qalmayıb. Sənətim arvadıma xəyanət etməyimə imkan vermədi. Çünki başım sənətimə qarışıb, düşünmüşəm ki, yeni rollar oynayım, filmlərə çəkilim.

- Amma yəqin ki, arada qısqanclıqlar da olub?

- Yeni evləndiyimiz vaxtlarda olub belə hallar. Amma çox dərinləşməyib. Evimizə zənglər ediblər ki, Ağaxan filan qadınla filan yerdə öpüşüb, qucaqlaşıb.

- Doğrudan, belə şeylər olurdu?

- Yox, sadəcə, mən teatrın aktrisaları olan Almaz Mustafayeva və rəhmətlik Gülşən Qurbanova ilə yaxın dost idik. Harada gördük öpüşüb-görüşürdük, elə-belə bacı-qardaş kimi e. Bunu görən ağzıgöyçəklər də o saat arvadıma zəng edib, aranı qarışdırmaq istəyirdilər. Mən də arvada bunları başa saldım və inandırdım. Söhbət bununla da bağlandı.

-Ən böyük arzunuzu da bilmək maraqlı olardı...

-Ad günümdə ən böyük arzum prezident təqaüdü almaqdır. Kaş bu mənə də nəsib olaydı. Çünki məvacibimlə dolanmaq çətindir. Vallah, pulum kommunal xərclərimi də ödəmir.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR