Əlisilahlı teatr direktoru, soyunan Elza, lütlənən Xatirə və Səməd-Sevda əttökənliyi – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Əlisilahlı teatr direktoru, soyunan Elza, lütlənən Xatirə və Səməd-Sevda əttökənliyi – HƏFTƏBECƏR

Doqquzuncu HƏFTƏ BECƏRdiklərimizi diqqətinizə çatdırırıq. Amma bu dəfə təkcə şou-biznes aləmində baş verənləri deyil, teatrlarda yaşanan və heç də şou əhlinin elədiklərindən geri qalmayan qalmaqalları da xatırlayacağıq...

Gənc müğənni Sevda Yəhyayevə jurnalistin “həmkarlarınızdan geridə olmaqdan qorxmursuz?” sualına maraqlı və düşündürücü bir cavab verib. Gənc ifaçı deyib ki, heç kim məni yeyə bilməz... Bir şey başa düşdünüz? Elə mən də sizin kimi. Maraqlıdır, geridə olmaqla yeməyin nə əlaqəsi var? Sevda ardınca əlavə edib ki, insan gərək işləsin, dinləyicilərə, tamaşaçılara yeni-yeni mahnılar təqdim etsin:

“Müğənni durmadan işləməlidir. İşləməsən, paslanarsan”.

Görəsən, Sevdanın indiki çalışqanlığı sənətə sevgidəndir, paslanmamaq istəyindəndir, yoxsa pul qazanmaq həvəsindən?..

Vaqif Gərayzadə məktəbinin iki nümayəndəsi - Elnarə Xəlilova və Səidə Sultan isə nəyisə bölüşə bilmirlər. Vəziyyət o həddə çatıb ki, Səidə Sultanın “Elnarənin geyimlərini, zövqünü bəyənmirəm” deməsi Xəlilovanın yaddaşını da zəiflədib:

“Yox, xəbərim yoxdur. Kimdir ki o həmkarım? Tanımıram elə bir həmkarımı”.

Jurnalist xatırlatmağa çalışıb ki, sizinlə W-Trio qrupunda oxuyub. Onda Elnarə başlayıb şaqqanaq çəkib gülməyə:

(Gülür) Mən? Mən onunla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq hələ ki tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O gərək mənim statusumda olsun ki, həmkarım olsun. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samirə Allahverdidir”.

Elnarə hesab edib ki, Səidə ona paxıllıq etdiyindən belə deyib: “Vallah bilmirəm ki, niyə elə deyib. Yəqin, paxıllıq eləyir. Çünki ağlıma başqa nəsə gəlmir. Bu söhbəti indi eşidirəm. Yəni, mən izləməmişəm. Mən hər bir insanın zövqünə və fikrinə hörmətlə yanaşıram. Amma müəyyən normativlər var ki, bunu hamımız bilirik. Bu gün internet dövrüdür, hər kəs baxıb, məlumat eldə edir. Yalnız mənim səviyyəmdə adam geyimimə nəsə deyə bilər. Mən hər bir insanın fikrinə hörmətlə yanaşıram. Və hörmət eləməyi də bacarıram. Çünki belə tərbiyə almışam. Adını çəkdiyiniz adam hər zaman səhər efirinə gecə paltarında çıxır. Başa düşə bilmirəm, səhər efirinə necə gecə paltarında çıxmaq olar? Və yaxud da gecə makiyajında. Çıxıb camaatın içində kimisə biabır edəsi deyiləm”.

Sitatı ona görə axıra qədər verdim ki, vəziyyətin nə qədər gülünc olduğunu özünüz görəsiniz. Necə yəni, Səidəni tanımıram? Bu ya unutqanlıqdır, ya da yaddaş xəstəliyi. O ki qaldı Elnarənin özünü Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samirə Allahverdi ilə müqayisə etməsinə, görəsən, həmin sənətçilər adlarının Elnarə ilə yanaşı çəkilməsinə razıdırlarmı? Səidə Sultana gəldikdə, bu adamın indiyə kimi doğru-dürüst bir mahnısını eşidən olmayıb. Ən “şedevr” ifası isə o vaxt telefonlarda “mən sənnən barışmıram, danışmıram” deyən “pişik videosu” idi. Bunun isə nə sənətə, nə səhnəyə aidiyyəti var.

Mətanət Əliverdiyevanın “şpaqat” açmağı yeni-yeni idmançı aparıcıların yetişməyinə təkan verməkdədir. Yadınızdadırsa, ötən həftə yazmışdım ki, Əliverdiyevanın hərəkətində MTRŞ-nin qəbahət görməməsi gənc aparıcıları da həvəsləndirib. Buyurun, “Hər şey daxil” verilişinin əkiz aparıcılarından biri Sevinc canlı yayım zamanı uzanaraq ayaqlarını göyə qaldırıb. Xeyirli olsun!

Gün o gün olsun ki, şpaqat açsın və dombalaq da aşsın! Sağ əli ayağını göyə qaldıra bilməyənlərin başına…

Açığı, bu mövzuda yazanda ətim tökülür. Amma indi 3-4 kilo artıq çəkim var deyə, yazmağı məsləhət bildim. Elə ötən dəfə də ağsaqqal və ağbirçək yaşda olan iki ifaçının bir-birinə olmazın təhqirlər yağdırmağı haqda yazanda da utanmışdım. Hər halda, yaşı 60-ı keçmiş bir şəxs özünə “qatıqlama” dedirdirsə, deməyə söz qalmır. Bu, ötən həftə düşündüklərim idi. Amma bu həftə Səməd Səmədovun verdiyi açıqlama hər iki sənətçinin iç üzünü göstərib:

“Sevda xanımla barışmışıq. Hər şey mehribanlıqla bitəcək. Sevda xanıma hörmət edirəm. Bu yaxında ona Moskvada mənimlə birgə oxumağı təklif edəcəyəm. Sevda xanıma 101 ədəd qızılgül yollamışam. İnşallah, yaxşı olacaq”.

Vəziyyətə baxın da. 101 gül və bir toy, vəssalam. Eyni məntiqlə, gələn dəfə daha ağır təhqirlər edib, 103 gül və iki toya məsələni həll etmək olar. Yəni, tamaşaçıya və özünə bu qədər hörmətsizlik olarmı? Özü də bunları xalq artisti kimi fəxri adı daşıyan adam edirsə…Deyirəm, yaxşı ki, “Şərəf” və “Şöhrət” ordeni almayıb bunlar...

Elza Seyidcahan yenə gündəmdədir. Bəstələri və ifaları ilə yox, şeirləri ilə. Amma təkcə şeirləri ilə də yox:

“Mənim şeirimi də hər adam anlaya bilməz. Şeirlərimdə bir məna var. Amma el dilində belə bir deyim var ki, “hər kəs öz arşınına görə ölçər”. Yəni, hər kəs öz başa düşdüyü kimi anlayır”.

Bu, məsələnin şeirlə bağlı tərəfi. Jurnalist əməkdar artistdən soruşub ki, Ledi Qaqa kimi səhnəyə lüt çıxardınızmı:

“Ledi Qaqa hər zaman mənim addımlarımı təkrarlayıb. Amma rejissor mənə desə ki, səhnəyə lüt çıx, çıxaram. Niyə də yox. Amma bir şərtlə, rejissorun etdiyi o təklifin altında bir məqsəd, məna, fəlsəfi fikir olmalıdır. Əgər olsa, səhnəyə lüt çıxaram. Boş-boşuna səhnəyə lüt çıxmaram. Mən ağıllıyam. Bəzi müğənnilər kimi ağılsızcasına soyunub, səhnəyə çıxmıram. Lazım gəlsə, rejissor desə ki, bu addımın bu gün yaxşı qarşılanmayacaq, amma sabah qəbul olunacaq, səhnəyə lüt çıx, düşünmədən edəcəm”.

Soyunmağın fəlsəfəsi? O, necə olur, görəsən? Əgər Elza Seyidcahan əsgərlik yaşında yeniyetmə olsaydı, düşünərdim ki, hərbi xidmətdən yayınmaq üçün özünü belə aparır. Axı yaşı əllini haqlamış biri gündəmdə qalmaq üçün belə danışmamalıdır. Lap tutaq ki, rejissor soyunmağın vacib olduğuna inandıra bildi. Bəs camaat? Onlara yazığınız gəlmir? Hələ camaat Rəqsanənin lüt şəkillərinə düz-əməlli baxa bilməyib. Saytlar da məhkəməyə verilməkdən qorxub, həmin fotoları tirajlamayıblar. Mətanətin “şpaqat”ı, Sevincin ayağını göyə qaldırmağının nəşəsini indi-indi yaşayırlar…

Elə növbəti məsələ də lütlənməklə bağlıdır. Bu dəfə Xatirə İslam “Öz aramızda” verilişinə çıxarkən geyindiyi libasa görə onu tənqid edənləri hədələyib:

“Bəzi “adamcıqlar” mənim profilimə yazır ki, geyimindən utan. Ərin hara baxır? Onlara mənim ərim lazımdır, yəqin ki... Bir də ki, yazın görüm, bu geyimdə pis nəsə var? Siz lüt olanlara qiymət verənlər deyilsinizmi? O zaman qələt edib, yazmadan əvvəl düşünün. Sözlərim hamıya aid deyil. Nə geyinmişəm, əcəb etmişəm, əlimin içindən gəlib. Hələ sabah da Zaurun qonağıyam. Bəlkə, lüt getdim. Ta arxasını demirəm”.

Məndə belə bir təəssürat yaranır ki, Azərbaycanda sənət aləmində kim yaxşı söyüşlər söyürsə, dombalaq aşırsa, camaatı təhqir edirsə, ən baha qiymətə də toya onları aparırlar. Tamaşaçıya “qələt edin” demək nə imiş? Düşünürəm…Düşünürəm…və qərara gəlirəm ki, Xatirə tam haqlıdır. Çünki məni də 6 min manata toya aparsalar, sonra çıxıb camaatı söydüyümə görə güldən ağır söz deməsələr, gələn dəfə başqa ifadələr işlədərəm. Afərin sizə, Xatirə xanım!..

Elə bilirsiniz bir-birini qıran, 101 gülə 101 batman təhqiri yola verən təkcə müğənnilərdir? Teatrlarda elə hadisələr baş verir ki, adamın ayağının altından yer qaçır. Ötən həftə Mingəçevir Dövlət Dram Teatrıyla bağlı ən azı 4-5 yazı yazdım. Aktyor direktoru, direktor aktyoru, aktrisa inzibatçını ittiham edir. Ortada da bilirsiniz nəyin davası gedir? Teatrın qarderobunu kafe, zirzəmisini studiya, kiçik zalını isə kinoteatr ediblər. Uzun sözün qısası, bu vurhavurda, basabasda aktyor İbrahim Salamov işdən çıxarılıb, onu dəstəkləyən daha dörd aktyor isə ərizə yazıblar ki, gedirik. Deməli, 20-25 nəfərdən ibarət aktyor heyəti olan teatrın 20-30 faizi rəhbərlikdən narazıdır. Burası belə. Narazılıqların bir ucu da gedib dirənir teatrın Həmkarlar Təşkilatının sədri Esmira Hacıyevaya. Bu o Esmira Hacıyevadır ki, aktyorların ona qarşı ittihamlarına cavab almaq üçün sosial şəbəkədə dostluq göndərib, fikrini öyrənmək istəmişdim. Əvəzində mənə dəyərli məsləhətlər vermişdi:

“İnformasiyaları dəqiqləşdirmədən yazdığınız ücün sizi dostum hesab edə bilmərəm. Amma sizinlə görüşüb, hadisələri faktlarla sübut etməyə və daha maraqlı bir müsahibəyə imza atmağınıza yardımçı ola bilərəm...”

Görürsünüz, necə canıyanan xanımdır? Hansı teatrda belə əməkdaş var? Bayaq da bir paylaşımımın altında yazıb ki, Mingəçevir teatrında baş verənləri mətbuata çıxaran aktyor reketliklə, onun dediklərini yazan jurnalist isə “ajataj” (ajiotaj yazmaq istəyib - İ.V.) yaradaraq reytinq toplamaqla məşğuldur”.

Sonra da teatrın direktor müavini Vüsal Məmmədov inciyir ki, niyə direktorumuz Səxavət Məmmədovun əlisilahlı şəklini müsahibədə vermisən? Bəs siz niyə texniki işçinizə başa salmırsınız ki, hərfləri doğru-dürüst öyrənmədən heç kimi bu qədər ittiham etmək olmaz. İndi görün kim “ajataj” yaradır?..

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm