SƏSin Florası
Bizi izləyin

Tabloid.az

SƏSin Florası

Dünyada elə hisslər var ki, onlar ifadə olunmur, yaşanır! Flora Səsinə bələnən bu sevgi nəğməsini də sözə çevirmək mümkün deyil – Onu və Onda ancaq yaşamaq olar…

Baharın içindən köhnə "Çinar"a sarı getdikcə düşünürəm ki, Flora xanımın səsi ömür kitabının arasına qoyulan Çiçəkdir. Hər dəfə bu ömür kitabını vərəqləyəndə illərin ən gözəl səhifəsinə hopan bu Çiçək həyatda yalnız bircə dəfə yaşanan və bütün ömrə çilənən, bir az da dumana bürünmüş xatirəni göz önünə sərib, ürəyi titrədir.

Hər kəsin ömür kitabında bu xatirə - çiçəklərdən yalnız birində cəmləşir. Flora xanımın həyatı isə bu çiçəklərin hamısına səpələnib.

Axı, o, Floradır – Çiçəklər İlahəsi!

(1) Qızılgül

- Oğlum, 7-ci bloka girin, lap üstə qalxın, sonuncu mərtəbəyə, 39-cu mənzil…

Bu sözlərin bizdə doğurduğu "məndən yuxarıda kimsə yaşaya bilməz" assosiasiyasına bir qədər gülümsünüb, Flora xanımın əsəblərə su çiləyən bal kimi şip-şirin, doğmadan-doğma səsinin iziylə "lap üstə" qalxırıq.

Flora xanımın az qala çiynindən boylanan, yeməyə adam gəzən yep-yekə itdən yiyəsinə qısıla-qısıla mətbəxə pənah aparırıq.

- Bura it keçmir, qorxmayın!

Aha, artıq Flora xanım da bildi ki, mən itdən it kimi qorxuram…

Masanın üstü sənədlərdə doludur – tez-tələsik onları oturacağın üstünə yığır. Gərginliyinin səbəbini soruşuram, əsəbini büruzə verir:

- Axı, sizə dedim ki, bu gün işim çoxdu, məhkəmə sənədləri var, onları hazırlamalıyam. İsrar etdiniz, söz verdim, indi sözümdən qaça bilmirəm. Baxın ha, bir də gördüz, acığımı sizə tökdüm…

Deyəsən, ehtiyatsızlıq elədim, ağlımı başımdan gül aldı, əlim tikana toxundu.

- Flora xanımın tikanlı sözü də gül qoxur…

Gülür, yenə şip-şirin səsi gəlir.

Səhvimi düzəldim: niyə Qızılgüllə başlayıram ki, tikana də toxunam?

Qərib-qərib durma belə, bənövşə…

(2) Bənövşə

- Bakıda doğulmusunuz?

- Hə, ancaq pasportumda doğulduğum yer Qəbələ rayonu yazılıb.

- Hansı məhəllədə yaşamısınız?

- Lermantov küçəsində, "Baksovet"dən bir az yuxarı. 18 yaşıma qədər orada yaşamışam.

- Gedib-gəlirsiniz ora?

- Anamın eviydi, indi orda bacımın oğlu yaşayır. Yox, getmirəm.

- Niyə getmirsiniz?

- Nastolji hisslərdən qaçıram.

- Hara qaçacaqsınız ki!

- Nə deyim… Uşaqlığım ağır keçib, ağlım kəsəndən həyat üşütdü məni. Əziyyət çəkirdim, ağlamaq tuturdu; iradəm güclüydü, ağlamırdım, ancaq göz yaşım sinəmdən yandıra-yandıra qalxıb, boğazımı alışdırırdı, için-için sızıldayırdım.

- Nə idi sizi bu qədər kədərləndirən?

- Bilmirəm. Bəlkə də dünyanın fikri… Özüm kasıb idim, ancaq kasıblara ürəyim yanırdı, özgə dərdini öz dərdim sayırdım. Hələ bunu deyim: bir neçə il əvvəl pəncərədən baxanda gördüm ki, zibil qutusunu bir uşaq eşələyir: o, alma tapdı, su da yox idi, əliylə sildi onu, yedi (ağlayır…). Mən cumdum aşağı, uşağı gətirdim evə, yedirtdim, içirtdim. Ancaq bu hadisə artıq ömrümə keçdi, heç yadımdan çıxmır…

Nəğmə olmaq istəyirəm, ay ana

(3) Nilufər (ağ su zambağı)

- Flora xanım, niyə Tibb Universiteti?

- Atamın arzusuydu. Anam səhnədə olmağımı istəyirdi, çünki rəhmətlik babamın, xalamın beyin səsi vardı…

- Beyin səsi?

- Yəni hündür səs, beyindən gələn səs. Dayımın, anamınsa sinə səsi vardı – indi mənim aşağı kökdə olan səsim var ha, elə - pəsdən çox gözəl oxuyurdular. Babam muğamatı peşəkar səviyyədə bilirdi.

- Siz necə?

- Təəssüf ki, muğamı bilmirəm, ancaq çox sevirəm.

- Maraqlı həyatdı: həm atanızın istəyini yerinə yetirdiniz, həm də ananızla öz arzunuzu… Ağ xalat geyindinizmi, Flora xanım?

- 3 il. Konservatoriyada oxuya-oxuya Doğum Evində ginekoloq işlədim.

- Niyə buraxdınız həkimliyi?

- O vaxt səsimə həsəd aparan bir müğənni xanım vardı. Qadınları öyrətmişdi ki, cibimə rüşvət qoyub həbs elətdirsinlər məni – həm bir neçə il səsimdən canı qurtarsın, həm də ömürlük üstümdə damğa olsun.

- Doğrudanmı 3 il müddətində heç pul götürməmişdiniz?

- Yalnız bircə dəfə təklif olmuşdu… İndi mən o vəziyyəti danışım da sizə: O vaxt imkanlı bir adamın övladı anadan olmuşdu. Gecə növbədəydim, səhər həmin uşağın atası yaxınlaşdı ki, Flora xanım, hədiyyəmi aldınızmı? "Nə hədiyyə" deyə təəccübləndim. Öyrəndim ki, mamaçaya 250 manat veribmiş, təbii ki, mamaça da mənə demədən pulu qoyubmuş cibinə. Çox pis oldum, mamaçaya əsəbiləşdim ki, məni niyə hörmətdən salırsan, adımdan niyə istifadə edirsən? O kişi ilə bərabər iki qadın da yaxınlaşdı mənə – tam təsadüf idi, qadınların o adama aidiyyatı yox idi. Dedilər ki, bizi öyrədiblər, sizin cibinizə pul qoyub tutduraq, ancaq biz bu oyunun iştirakçısı olmaq istəmirik. Bu məkrdən beləcə xəbər tutdum və çox qorxdum. Anamla məsləhətləşdim, elə yoldaşımın da qərarı oldu, çıxdım işdən.

- İndi sağdı həmən o müğənni xanım?

- Hə, sağdır.

Təzə açmış bir qönçə tək…

(4) Qönçə

- Səhnəyə çox tez gəlmisiniz.

- 13 yaşımda ilk dəfə səhnəyə çıxmışam - Həkimlər Evində. Festival keçirilirdi, Səid Rüstəmov münsiflərin sədriydi. Elə oradan da qapdılar məni - fövqəladə səs kimi götürmüşdülər. Həkimlər Evində, Leytenant Şmidt zavodunda özfəaliyyətdə iştirak edirdim. İnstituta 2 illik staj tələb olunanda da zavoddan düzəltdilər mənə – halbuki o qədər stajım yox idi.

- Bu, həmin ərəfəydi ki, televiziya – "sehirli qutu" Bakıda yeni-yeni yaranırdı.

- Hə, qonşumuzda televizor vardı, ekranın qarşısına da linza qoyulurdu, böyütmək üçün, yığışıb gedirdik baxmağa. Ev yiyəsi bizə üz vermişdi, biz də istifadə edirdik (gülür…)

- "Sehirli qutu"da Flora xanım nə vaxt göründü?

- Həmən illərdə.

- Televiziyada oxuduğunuz ilk mahnı yadınızdadır?

- Əlbəttə - Şəfiqə Axundovanın "Hind qızı" mahnısı. O vaxt rus məktəbində oxuyurdum, sözlərin fərqinə varmırdım, "hind qızı"na "it qızlı" deyirdim. Bəşir Səfəroğluna səsimin sorağı çatmışdı, gəlib qulaq asandan sonra qucaqladı, bağrına basdı məni, dedi ki, qızım, "it qızlı" yox, "hind qızı"! Ancaq mənim dilimə "it qızlı" daha çox yatırdı… (gülür)

- Niyə rus bölməsində oxudunuz?

- Rus bölməsində inkişaf daha çox idi. Dilimizə basqı vardı, rus dilinə isə geniş imkan yaradırdılar, yəni məqsəd assimilyasiya etmək idi. Yadımdadır ki, o vaxt Gəncəyə ("Kirovabad" qoymuşdular Gəncənin adını) 1000 nəfər rus qızı gətirmişdilər, azərbaycanlıların onlara evlənməsi üçün.

- Bu plan Mingəçevirdə də tətbiqü olunmuşdu və öz ailəsindən ayrılıb xüsusi təlim keçmiş həmin qadınlarla evlənən azərbaycanlıları məqsədli şəkildə vəzifəyə qoyurdular.

- Bir neçə şəhərdə vardı bu. Gəncə xüsusən diqqətdəydi, çünki üsyankar şəhərdir, axı.

- Həmin qızlar Azərbaycana göndəriləndə, rus bölməsində oxuyanlara geniş şərait yaradılanda bilirdinizmi ki, bu, milləti aşındırmaqdan ötrüdür?

- Yox, o vaxtlar bunu hiss eləmirdik…

Gözləmədiyim anda çönüb - Sən o çaydanın lüləsini ortaya qoy, oğlum – deyir qohumu sandığım Kamal adlı gəncə.

"Yarəb, bəlayi-eşq ilə qıl aşina məni…"

(5) Yasəmən

- "Qanun naminə" filminə necə gedib çıxdınız?

- İlk filmim idi o, Muxtar Dadaşov dəvət eləmişdi. Əvvəlcə Balış roluna çağırdılar. Bəhanə gətirirdim ki, yoldaşım Yaponiyadadır, onsuz çəkilə bilmərəm – halbuki mən özgür insanam, verdiyim qərarı icra edirəm. Dedilər ki, xırda roldur, narahat olma. Razılaşdım. Sınaq çəkilişinə gedəndə isə məni aldatdılar, Züleyxanın sözlərini verdilər, sonra da həmin rola təsdiqlədilər. Mənsə çox narazıydım, heç bilmirdim Züleyxa necə obrazdır? Əsəri oxumamışdım…

- Nə əcəb həmin dövrdə məşhur olan "Mehman" romanını oxumamışdınız?

- Daha çox rus klassiklərini oxuyurdum.

- Kimləri oxumusunuz?

- Kimləri oxumamışam? Az qala bütün rus ədəbiyyatını bilirəm. Həm də yöndəmsiz xasiyyətim vardı: bir əsəri başladımmı, onu qurtarmamış yerə qoymurdum – gecə-gündüz.

- Muxtar Dadaşov harda görüb bəyənmişdi sizi?

- Operada. Muxtar Dadaşovun qardaşı Soltan müəllim "Leyli və Məcnun"da mənə Leyli rolu vermişdi.

- Siz Leylini də oynamısınız?

- Bəli, Arif Babayev Məcnun idi, mən Leyli – hər ikimizin ilk çıxışıydı Orepada, 1966-da. 9 tamaşa oxudum. Əruzu bilməsəm də, bu vəzndə çox yaxşı şeir deyirdim. Soltan müəllim bunu görmüşdü, "Şam səhnəsini" xüsusi olaraq mənimçün qurmuşdu… Ondan əvvəlsə "Böyük dayaq" filmində "Pərişanın mahnısı"nı oxumuşdum.

- Bəs, onu Şövkət xanım oxumayıb?

- Yox, mən oxumuşam. Sadəcə, mənə olan qadağalar dövründə adım titrdən çıxarıldığı üçün çox adam bunu bilmir.

Yalanmış hamısı, hamısı yalanmış…

(6) Lalə

Flora xanım başa varmayan 3 talesiz nikah yaşayıb…

- Mehman gənc yaşda ölür, Züleyxa dul qalır - yəni nakam məhəbbət yaşayır. Hərdən adama elə gəlir ki, "Qanun naminə" qara magiya kimi sizi şəxsi həyatınızda bir ömür izləyib…

- Nə səhnə həyatımda qanun olub, nə də şəxsi… Yalan yalanın üstündən gəldi. Mən qovruldum, bişdim o yalanların içində.

- Özünüz necə, qorunmaq üçün yalan danışmadınız ki?

- Yox, əksinə, yalanları ifşa eləməyə yalnız həqiqətin gücü çatardı, mən də həqiqətə möhtac idim. Düzdü, yalanlar bəzən üstün gəlir, nəticəsi ağır olur…

- Bu yalanlar şəxsi müstəvidəydi, ya sənətdə, ictimai həyatda?

- Hər yerdə… Doğrusu, müəyyən mənada həyatımdan məmnunam, çünki həyat yoldaşlarım məni istəyiblər, mənə görə mübarizə aparıblar – bu baxımdan naxışdı adamam. Nəyinsə xatirinə danışmamaq, susmaq mənim xasiyyətim deyil. Ancaq şükür Allaha ki, xasiyyətimi qismətim sınağa çəkməyib. Yəni elə vəziyyətə düşməmişəm ki, ya mənə "get" desinlər, ya da mən "get" deyim. Hətta ziyanıma olan məqamda sözümü demişəm – billə-bilə ki, ziyan çəkə bilərəm. Hər bir insan kimi yalan danışa bilərəm, həm də çox peşəkarlıqla, ancaq…

İnsafsızlıq yetər, gülüm

(7) Açelya (nəfs hakimiyyəti)

"Mömünün sifətlərindən biri də odur ki, ziyanına olan yerdə belə həqiqəti deməkdən çəkinmir";

"Allahdan qorxmasaydım, mən onlardan daha yaxşı yalan danışardım".

(Hər iki sitat Əli ibn Abu Talibdəndir)

Görəsən, Flora xanımı yalandan çəkindirən nədir?

- Həqiqət, fakt. Bilirəm ki, yalan sonda məğlub olur, ən azı mənəvi baxımdan.

- Bəlkə, Allahdan qorxursunuz? Axı, yalan danışmağı O qadağan eləyib…

- Yox, Allahdan qorxmuram. Qismətimi O yazıb, mən öz seçimimlə yaşamıram – necə ki, bu dünyaya öz seçimimlə gəlməmişəm və öz istəyimlə də getməyəcəyəm. Sınağa da inanmıram. Sən Allahı sadizmdə günahlandıra bilərsən? Allahın ehtiyacı var məni sınağa çəkməyə? "Allahın şeytandan xəbəri yoxdur" sözü də məntiqsizdir, bu sözlə Onun qüdrətinə xələl gətirirsən.

(Bu mövzuda xeyli danışır, fikirlərini bölüşür…)

- Maraqlı yanaşmanız var…

- Bilirsiz necədi? Allaha üsyanım var mənim. Qısıldığım da odur, küsdüyüm də. Mən çox nadir hallarda Allahdan yardım istəyirəm, ancaq tez-tez Tanrının özünə gileylənirəm…

- Nə giley edirsiniz Tanrıya?

- Deyirəm: səs vermisən – bəs, taleyi niyə belə yazmısan; ağıl vermisən – qismətlərimi niyə yarımçıq eləyirsən; övlad vermisən – niyə atasız qoyursan; ana verirsən – niyə tez aparırsan; ata verirsən – niyə əzablar içində canını alırsan… Bu "niyə"ləri Allaha ünvanlayıram. Ancaq O, mənə hirslənmir.

- Niyə elə güman eləyirsiz ki, sizə hirslənmir?

- Elə bilirdim, səsimi alacaq əlimdən, amma bu yaşımda səsimə toxunmayıb.., məni qoruyur. Görürsüz, Allah çox xeyirxahdır…

(Ayağının altına bir-iki dəfə boylanır, deyəsən, heç nə tapa bilmir. Amma narahatlığı qaşını çatmağından bilinir…)

Uzaq, yaşıl ada...

(8) Nərgiz

- Sizin haqqınızda internetdə bir məlumat oxudum: "4 oktava səs". Yəni 4 oktavalı (28 not) səs ola bilər?

- Çox nadir hallarda olur belə səs. İma Sumok adlı çox məşhur bir müğənnin belə səsi vardı. Tofiq Quliyev məni "İma Sumok" çağırırdı səsimə görə. Qeyri-təvazökarlıq kimi çıxmasın, mənim temprimdə və səsimdə Azərbaycanda ikinci müğənni yoxdur. Bir məsələ də var: opera səsim estrada-soprano səsimdən fərqlənir. O, artıq məndən asılı deyil – yəqin, yuxarıdan gəlir.

- Kosmosdan?

- Bilmirəm. Onu bilirəm ki, səsimi kosmosa göndəriblər.

- Siz kosmik informasiya alanlardan yox, göndərənlərdənsiniz…

- (gülür)… Mən Şıx Babanın nəslindənəm – qoy, bunu da deyim sizə. Nənəm Zöhrənisə – el arasında ona "Qəmzəlcan nənə" deyirlər - övliyadır. Onun qəbrini atam mərmərlə örtmüşdü. O mərmərin içindən ağac bitdi, ancaq sinə daşını parçalamadı, təsəvvür edirsiniz? Sanki mərməri həmin diametrdə yonub ağacı orda əkmisən. İndi əhali həmin ağaca düyün vurub niyyət eləyir.

Zöhrənisə nənənin bir təsbehi vardı. Rəhmətə gedəndə dedilər ki, bu təsbehi qəbirdə basdırmaq lazımdır. Bir əmim bunu eləmədi – bütün nəsli qırıldı: iki əmoğlum cavan yaşda öldü, əmiqızı özünü yandırdı… nəsə, məhv oldu o ailə.

Sonra təsbehi qardaşıma verdilər. Qardaşımın oğlu 7 yaşında dənizdə batanda artıq yəqin elədik ki, təsbehi basdırmaq vacibdir və basdırdıq.

- Əsasən, qeyri-adi istedadlar ocaqlara bağlanır.

- Mən özümü çox silkələdim ki, bəlkə, öncəgörən çıxdı məndən, olmadı (gülür)…

- Sizin sehriniz səsinizdir…

Daha məndə dözüm yox

(9) Ardıc

- Dar gününüzdə babanıza sığınmısınızmı heç?

- Danışım bir əhvalat: məni çox incidirdilər, xaricə getməyə qoymurdular. Qərara gəldim ki, gedim xarici vətəndaşa ərə, canım qurtarsın. O vaxt anam və kiçik oğlum vardı, elə yerə getməliydim ki, tez-tez Bakıya gələ bilim. Oturub fikirləşdim: əgər Fransadan ər tapsam, ordan 3 ildən bir gəlmək olur; Çexoslovakiyadan tapsam, orda qarmaqarışıqlıq var; Macarıstan…

- Ciddi deyirsiniz, Flora xanım? Ər axtarırdınız özünüzə?

- Tam ciddi deyirəm, amma əlbəttə ki, yalançı, "tutulma ər"dən söhbət gedir; yəni pulunu verəcəkdim… Polşada rəfiqəm vardı, onun vasitəsilə bir nəfəri qonorar müqabilində ər olmağa razı saldıq. Yoldaşım onunla danışığa girdi, razılaşdılar ki, daş-qaş verəcək.

- Həyat yoldaşınızla rəsmi nikahda deyildiniz?

- Yox, o mənim ikinci həyat yoldaşım idi, öz ailəsindən mənə görə ayrılmışdı, demişdim ki, adımı bərpa etməyincə nikaha girməyəcəyik. Elə birinci yoldaşım da mənə görə ailəsindən ayrılmışdı… Bu da bir taledir…

- Neçənci ildə olub bu "ər axtarışı"?

- 1974-də. Həmin polyak Azərbaycana gəldi, ancaq nikaha KQB razı olmadı. Hay-küy qaldırdım, Moskvaya qədər getdim, axırda KQB sədri Krasilnikov vizamı imzaladı - bilə-bilə ki, bu kəbin saxtadır.

Nikahın davası üçün Moskvaya gedəndə, dəqiq yadımdadır, bədirlənmiş Ay vardı; Aya üzümü tutdum, dedim, ya nənənin-babanın cəddi, mənim bu arzumu ürəyimdə qoyma, sonra necə istəyərsən, əvəzini çıxarsan, lap həyatımla ödəyərəm. Çünki boğulurdum… Çıxırdım Bulvara, nəfəs ala bilmirdim…

- Niyə bu qədər şiddətlə xaricə getmək istəyirdiniz? Niyə öz torpağınızda boğulurdunuz?

Flora xanım ürəyini açdı:

Ey həyat, sən nə qəribəsən

(10) Kaktus

- Xarici dövlətə getməyə vəziyyətdən çıxmaq üçün şərait kimi baxırdım. Axı, burda mənə qadağalar çox idi… Bir hadisə danışım sizə. İlk həyat yoldaşım İbrahim Mustafayeviç (Topçubaşov) Türkiyədə restoranlardan birində olarkən müğənni onun yazdığı mahnını oxuyur, ancaq anonim. Müğənni Nəsrin Spaxi imiş. Sonra mahnı müəllifinin zalda olduğunu deyirlər və müğənni İbrahim Mustafayeviçin adını elan edir, elə orda da münasibət yaranır. İlk dəfə yoldaşım cəhd elədi ki, Türkiyə ilə mədəni əlaqələr qurulsun və Nəsrin Spaxi Azərbaycana gəlsin. 3 il çalışdı - 1967-dən 70-ə qədər və nail də oldu, ancaq Nəsrini qarşılaya bilmədi. İbrahim Mustafayeviç 70-ci ilin fevralında ürək tutmasında rəhmətə getdi, mayında Nəsrin xanım gəldi. Nəsrin onun qəbrini ziyarət elədi, Quran oxudu…

İbrahim bəylə işləyən bir fotoqraf vardı – Elxan Əliyev, balacaboy, qəribə sifətli adam idi. Yoldaşım rəhmətə gedəndən sonra mənə dedi ki, gəl, evlənək. Əsəbiləşdim, dedim, sən istəyirsən ki, mən at axuruna eşşək bağlayım?

Sonradan biləcəkdim ki, bu adam KQB-nin "stukaçı" imiş. Elxan mənim yolumu vurmağa başladı. Nəsrin xanımın gəlişindən sonra Türkiyəyə Azərbaycan nümayəndə heyəti gedirdi, məni də o qrupa saldılar. Oqtay Kazımov mənə mahnı da yazdı - "Ey həyat, sən nə qəribəsən". Elxan KQB-yə yazıbmış ki, mən getsəm, qayıtmayacağam. İbrahim bəy Türkiyədə cərrahi əməliyyatlar aparmışdı, böyük məbləğdə pul yığılmışdı. Elxan yazıbmış ki, Flora o pulu götürüb, Türkiyədə qalacaq.

- Həqiqət vardı bu sözlərdə?

- Doğrudan da pul yığılmışdı. Ancaq Topçubaşov o pulu götürməmişdi, Türkiyədə xəstəxana tikintisinə köçürmüşdü. Xəstaxananın foyesində bu münasibətlə İbrahim Topçubaşovun böyük portreti də asılmışdı…

Beləliklə, məni qoymadılar Türkiyəyə və qara siyahıya düşdüm, altını illərlə çəkdim. Bu vəziyyətə görə yalançı kəbin variantına əl atdım.

- …Və duanız qəbul olundu.

- Hə, Şıx Babaya qurban götürdüm. Getdim, işlərim qaydasına düşdü və qurban da yaddan çıxdı, baba da, nənə də (gülür) – hər şey əldə eləmişəm axı.

- Kəsmədiz qurbanınızı?

- Kəsdim. Aradan bir-iki il ötmüşdü, qızdırma içində yatırdım. Kimsə dedi ki, bəlkə, pirə qurbanın var, ona görə xəstələnmisən? Aaa, yadıma düşdü. Səhər durdum yuxudan, anama dedim ki, məşqə gedirəm, ancaq birbaş sürdüm Qəbələyə. Yolu da tanımıram, soruşa-soruşa, Ağsu aşırımını zor-güclə, babamın cəddinə yalvara-yalvara getdim. Bibimin evində kəsdik, 7 qapıya payladıq, sonra da qayıtdım – tək…

(Növbəti dəfə ayağının altına baxıb, bayaqdan onu narahat edən "varlığı" tapır, Kamaldan yerə "tökülən" bu "nəsəni" götürməyi xahiş edir. Diqqət kəsilirəm, "tökülən" - xırdaca, bapbalaca və bircə dənə çörək qırıntısıdır …)

Bu qatarın dalınca baxma…

(11) Zambaq

- Flora xanım, bir xırda çörək qırıntısından, çaydanın lüləsinin əyri qalmasından narahat olacaq səviyyədə həssassınız?

- Hə, bu mənim xasiyyətimdir. Bax, o şkafın ağzı bağlanmayıb, eləmi (çevrilib baxırıq, Kamal anında mətbəx rəfinin azacıq aralı qalan qapısını bağlayır - gülürük), 50 dərəcə temperaturum olsa belə, onu eləməliyəm…

- Məncə, bu həssaslıq sizi (bayaq oturacağın üstünə qoyduğu məhkəmə sənədlərinə işarə edirəm) bu sənədlərə endirir. Bəs, siz bilmirsiniz ki, Flora Səsindən bir də gəlməyəcək və siz belə şeylərə öz enerjinizi xərcləyib, xırdalanmamalısınız?

- Namus - mənəviyyat deməkdir. Qoymaram ki, mənəviyyatım tapdalansın. Axı, mənə deyilənlər də, mənim dediklərim də tarixdə qalır…

- Flora xanım, nə sizin dedikləriniz tarixdə qalacaq, nə də sizə deyilənlər. Tarixdə səsiniz, mahnılarınız, filmləriniz qalacaq…

- Amma qəbul edilən qədər səsim varsa, deməli, bibloqraflarım olacaq və onlar bu tarixi vərəqləyəndə görəcəklər ki, hansısa "gey"… - Floranı təhqir eləyib! Mən bunları necə qulaqardına vurum? Niyə böhtanları, yalanları görməzlikdən gəlim?

Sevil xanım çıxıb dedi ki, "Tıq-tıq xanım" multfilmini o oxuyub. Mənim yaradıcılığımı əlimdən almaq istəyirlər, ona sübut etməməliydim ki, o filmdə mən oxumuşam?

Gəl, qaytar eşqimi

(12) Qərənfil

- Şir bürcü ictimaiyyətçidir, həm də tərifi sevir…

- Şir bürcündənəm, amma tərifi sevmirəm. O qədər saxtakarlıq görmüşəm ki, tərifin səmimiliyinə inanmıram. Ümumiyyətlə, mənimçün insan səmimiyyəti anlayışı yoxdur. Şekspir deyir ki, bu gün kim olduğumuzu bilirik, sabah kim olacağımız isə bəlli deyil…

- Əgər insan səmimiyyətini qəbul etmirsinizsə, yəqin, özünüz də səmimi deyilsiniz.

- Yox, mən mərd dostam – məndən dostuma qarşı istifadə etmək, sözümdən döndərmək olmaz, satqınlıqla aram yoxdur… Bilirsiz niyə öz qürurumu saxlaya bildim? Atasız böyüdüm – anamla atam ayrılmışdı bir-birindən. Anam məni çərçivəyə salmadı, pis ovqatının acığını məndən çıxmadı, təbiətimə toxunmadı və mənim təbiətim qorxub gizlənmədi, ikiüzlüyə öyrəşmədi.

- Ancaq bu dəqiqə mənim səmimiyyətimə inanmırsınız, axı!

- Əvvəla, siz mənim qüsurlarımı üzümə deməzsiniz, çünki etika var; ikinci, siz mənə münasibətinizi sabah hansısa təzyiq altında dəyişə bilərsiniz – çünki can şirindir; üçüncü, sizin səmimiyyətinizdən asılı deyiləm; o vəziyyətə düşmürəm ki, müdafiəyə ehtiyac duyum.

- Yəqin, xəyanət çox görmüsünüz…

- Qadını sındıran ailə xəyanətidir – onu görməmişəm. Dostum da yoxdur ki, xəyanət görüm. Ancaq həyat təcrübəm var, axı…

Bilməzdim…

(13) Nanə

- Amma mən bilirəm ki, siz səmimi insansınız və səmimi olaraq indi kaprizlərinizi bizə deyəcəksiniz.

- (gülür) Çox təmizkar və çox tələbkaram. Əgər söz verdimsə, həll eləməyə çalışıram – lap əsəblərim, narahatlığım bahasına olsa da. Ola bilər ki, 1-2 saat özümü itirərəm, ancaq dərhal qolumu çirməyib, işə girişirəm. Uduzmağı sevmirəm və uduzmuram da; Geyimə üstünlük vermirdim, son vaxtlarsa geyimə qarşı münasibətim dəyişib – indi olanımı geyirəm, olmayanımı da alıb və ya aldırıb geymək istəyirəm. Yaşıma uyğun olmayan xarici görkəmimdən utanıram. Cavan görünürəm, ancaq qocalmaq da istəmirəm, təbabətin verdiyi bütün imkanlardan istifadə etmək niyyətindəyəm ki, gələcəyi bir az ləngidim; Çox şirindiləm… Tıxaclardan xoşum gəlir…

- Tıxaclardan?

- Hə, öz-özümə düşünmək imkanım yaranır, ona görə…

Gedəcəyəm, göylər məni çağırır…

(...Və) Flora

- Flora xanım, siz özünüzü çiçəklərdən hansına bənzədirsiniz?

- Heç birinə – bu müqayisəni aparmaq ağlıma gəlməyib.

- Bəs, özünüzü musiqiyə çevirsəydiniz, Flora Kərimova hansı nəğmə olardı?

- "Gedəcəyəm, göylər məni çağırır". Bir də: "Yaradanda demişdin ki, sürünmə/ Bir dəvəyəm yerdə gəzən süründə…"

Bu nəğmələr həyatımın leytmotividir.

ANAR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm