Kənan M.M-dən etiraf: “Onu döydüm, polis gəlməmiş qaçıb getdim”
Bizi izləyin

Tabloid.az

Kənan M.M-dən etiraf: “Onu döydüm, polis gəlməmiş qaçıb getdim”

Həmsöhbətim Kənandır. Detektiv filmlər çəkən, həm də öz filmlərində əsas qəhrəman kimi baş kəsən, adam öldürən rejissor Kənan M.M. Birdən-birə “Ay brilliant” adlı komediya çəkərək gündəmi alt-üst edib.

Publika.az-a müsahibəsində Kənan şah əsərindən və şahlara layiq xarakterindən də ağızdolusu danışıb.

- Hər zaman səni dramatik, kriminal filmlərdə görməyə alışmışıq, amma birdən-birə komediya çəkdin. Bu, hansı zərurətdən yarandı?

- Əslində, sənətçi üçün janr məhdudiyyəti olmamalıdır. Əgər insan maşın sürməyi bacarırsa, o hər növ nəqliyyat vasitəsini idarə edə bilər. Mən də istədim ki, özümü sınayım. Sevinirəm ki, bu istiqamətdə ilk işim İlkin Həsənigillə oldu. Ən azı ona görə ki, bir-birimizi çoxdan tanıyırıq, dostuq. Amma buna baxmayaraq, çəkiliş meydançasında onlar mənim üçün aktyor, mən isə ssenarist-rejissor idim. Uşaqları efirdən izlədim və işlərini bəyəndim. Tələbə vaxtlarımdan beynimdə bir ideya ilişib qalmışdı ki, sənin günahın yoxdur, amma günahkarsan. Ekranın içindəkilər səni günahkar, ekrandan kənardakılar isə səni günahsız bilir. Dalana qısılıb qalan insanların taleyini əvvəlcə dramatik süjet xətti ilə çatdırmaq istədim, sonradan fikrimi dəyişdim. Düşünürəm ki, uğurlu da alındı. Mən uğuruna əmin olmadığım işi üzərimə götürmürəm. Məsələn, bu yaşdan sonra məni nazir müavini təyin etsələr, öhdəsindən gəlmərəm. Çünki otaq adamı deyiləm və qanım yaradıcılıqla qaynayır. Düşünürəm ki, bu film mənim şah əsərimdir. İllərdir ki, bu işlə uğraşıram, amma bu film o filmlərin üzərindən bir xətt çəkəcək.

- Çoxları səni təkəbbürlü, pis çıxmasın, yekəxana insan kimi qələmə verir. Bəs əslində, Kənan necədir? Deyilənləri qəbul edirsənmi?

- Bəzi suallar var ki, cavabı axirətdə açıqlanacaq. Kim bilə bilər, bu saat cibimdə nə qədər pul var? Bilməzlər, deməli, kənardan deyilən fikirlər də dəqiq olmaya bilər. İkinci, yaxşı eləyib, yekəxanalıq edirəm. Lap əcəb edirəm. Düz danışmaq yekəxanalıq sayılırsa, bəli, mən yekəxanayam. Hüseyn Dəryanın ölümü zamanı verdiyim müsahibə indiyə qədər mənə düşmən qazandırır. Sən demə, elə əvvəldən onlar mənə düşmən imişlər. Həzrəti Əli Əleyhissəlamın bir sözü var ki, həqiqəti söyləməyən axmaqdır. Mən axmaq deyiləm.

- Çox davakar görünürsən. Mübahisə zamanı fiziki təzyiqə tez-tez əl atırsan?

- Olur.

- Axırıncı dəfə kimi təpiyin altına salmısan?

- İşıqforda dayandığım zaman olub. Qırmızı işıqda siqnal veriblər ki, nə dayanmısan, sür. Mən də maşından düşüb necə lazımdırsa, həmin adamın cavabını verdim. Sonra buna görə özüm də utandım. Amma cavabını verməsəydim də, utanacaqdım.

- Yol polisi nə əcəb müdaxilə etmədi?

- İmkan olmadı, qaçıb getdim. Əslində, insanlar məni başqa cür tanıyırlar. Hətta sosial şəbəkədə də yazırlar ki, biz səni tanımamışıq, əslində, sən göründüyün kimi deyilsən. Hər kəs özü haqqında həqiqəti bilir. Hər qoyun öz ayağından asılacaq. Mən neynirəm, özüm bilərəm, əcəb eləyirəm, heç kimə dəxli yoxdur. Kim də neyniyir, özü bilər, əcəb eləyir, çünki mənə dəxli yoxdur.

- Bu, hədə-qorxu kimi səslənmir ki?

- Yox, iki vur iki dörd eləyir, beş eləmir ki…

- Klip "rəhmətə getdi", yoxsa?

- Artıq onu basdırdım. Bir şeyi başa düşün ki, mənim çəkdiyim kliplər müğənnilərə lazım deyil. Onlara bilirsən nə lazımdır? Filankəs Türkiyədə klip çəkdirdi, onun acığına mən də çəkdirəcəyəm. Bir-birinin acığına dodaqlarına silikon qoydururlar, bahalı villa, telefon, avtomobil alırlar. Neyləyirsiniz edin, qanınızı mənim üstümə tökməyin. Bir də görürsən, klip çəkirəm, müğənni deyir ki, sağ ol, əla çəkmisən. Soruşuram ki, nə xoşuna gəlir, qayıdır ki, klipdə ayaqqabılarım gözəl görünür. Şükür Allaha, Azərbaycanda artıq kliplər çəkilməyə başlayıb, mən də qalan yaradıcılığımı filmlərə həsr edəcəyəm. Mən ali məktəbi beşlə qurtarmışam. Düzdür, o vaxtlar hələ peşəkar deyildim, təcrübəm yox idi. Amma indi özümü film çəkməyə hazır bilirəm. Heç kimə deməmişəm, indi sizə deyirəm. İlqar Fəhminin bir əsərini ekranlaşdıracağam. İlqar Fəhmi hər rejissora əsər verməz, çünki o, pula satılan yazıçı deyil. İki ildir beynimdə dolandırıram ki, mən belə gözəl filmə kimi çəkim? Kim necə başa düşürsə-düşsün, müasir Azərbaycan kinosunda komediya aktyorunu dramatik rolda çəkən rejissor olmayıb. Fərda Xudaverdiyevi mən dramatik rola dəvət etmişəm. Artıq çəkilişlərə də başlamışıq. Film “Vampir” adlanır.

- Yəqin ki, İlkin Həsənigilin ardınca film çəkmək üçün sənə müraciət edənlər çox olacaq?

- Artıq müraciətlər başlanıb. Məsələ burasındadır ki, mən seçilmirəm, mən seçirəm.

- Sənətdə dostluq önəmlidirmi?

- Sənətdə dostluq keçmir. Çox deyiblər ki, qurban olum, filminə məni də çək. Sən yaxşı dost, yaxşı insan ola bilərsən. Amma yaxşı aktyor deyilsən axı.

- Səncə, filmin uğurlu alınmasında rejissorun payı daha çoxdur, yoxsa, aktyorun?

- Birincisi, ssenari uğurlu olmalıdır. Ssenari uğurlu deyilsə, lap Hollivud ulduzu da olsan, film uğurlu alınmayacaq. Mən ssenarini yazanda artıq hansı rola hansı aktyoru dəvət edəcəyimi bilirəm.

- Bəs nə vaxt sən də Hollivud rejissorları kimi filmlərindən qazanc əldə edəcəksən?

- Mart ayında. “Ay Brilliant” filmi mənə çoxlu gəlir gətirəcək.

- Hər halda, filmə çəkilən aktyor heyəti də qazanacaq. Qorxmursan ki, pul üstə dava düşər, dostluğunuz pozular?

- Pul əslində çox murdar şeydir. Pul nə qədər murdardırsa, biz onun qarşısında bir o qədər təmizik. Düzdür, pul çox şeydir, amma hər şeyi həll eləmir. “Pul hər şeyi həll eləyir” deyən insan pul üçün çox şeyləri eləyir. Bizim aramızda olan münasibətə pul müdaxilə edə bilməz.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm