Ay bədirlənəndə ağır cinayətlərin sayı kəskin artır
Bizi izləyin

Tabloid.az

Ay bədirlənəndə ağır cinayətlərin sayı kəskin artır

Astrologiya elmə nə qədər yaxındır?

Astrologiya elmə nə qədər yaxındır?

"Kosmos - bizim də daxil olduğumuz böyük və canlı bir bədəndir. Günəş - nəbzi bizim kiçik damarlarımızdan keçən böyük ürəkdir. Ay - bizi ömürlük lərzəyə gətirən böyük əsəb sisitemidir. Kim bilir, Saturn və ya Venera bizi necə idarə edir? Həyat enerjisi hər an bizim qəlbimizə axır..." D.X.Lorens

Əgər bu gün astrologiyaya elmi tərəfdən yanaşmaq istəsəniz, onda maraqlı bir problemlə üzləşəcəksiniz. Görəcəksiniz ki, elmi yanaşma heç də həmişə özünü doğrultmur. Məsələn, müzakirəolunmaz faktlar göstərir ki, Kosmos insana təsir edir. Lakin gülməli də olsa, elm bunu qəbul etmir. Çünki bu, "fundamental qanunlar"a ziddir. Elm israr edir ki, astrologiya yalan elmdir və işləmir. Lakin planetlərarası boşluqlar haqqında biliklərimiz artdıqca görürük ki, insan həyatına planetlərin təsiri böyükdür. Günəş tərəfindən yaradılan güclü sahə, Günəş sistemi planetlərinə təsir edir və Günəş şüalanmasındakı dəyişikliklər Yerdəki bütün həyatı dəyişdirir. Tarix boyu alimlər, elm tərəfindən qəbul edilə bilməyən astroloji fikirləri inkar edirdilər. Hətta tənqid də edirdilər. Məsələn, radiaktiv nəzəriyyə astroloji təsiri izah edə bilmir. Digər tərəfdən rentgen, qamma və digər şüaların mövcudluğu uzun müddət məlum deyildi. Radiodalğaların və ultrabənövşəyi şüaların kəşfindən əvvəl, insanlar heç xəyalına da gətirə bilməzdilər ki, "qeyri-təbii" şey olan radioötürücü nədir.

Hamıya məlumdur ki, elmi faktları əldə etməyin yeganə yolu məntiqdir. Buna baxmayaraq, məntiqi cəhətdən belə bir nəticəyə gəlmək olar ki, insan həyatı hər zaman səma varlıqlarının güclü təsiri altındadır. Məsələn,

a) Günəş üzərində olan ləkə və partlayışlar Günəşdə burulğanlara səbəb olur və Yerdə hava şəraitinə güclü təsir edir, xüsusən də atmosferin yuxarı təbəqələrində yerləşən ionosferaya və mənfi ionları bizim hərəkətimizə, hisslərimizə və davranışımıza təsir edir.

b) Atmosferdəki elektrik yükləri, eləcə də geomaqnetizm və elektromaqnetizm insanlara, heyvanlara və bitkilərə təsir edir.

c) Oksigen öz-özlüyündə müəyyən mənada maqnit xüsusiyyətlərinə malikdir. Buna görə də Günəşin maqnit sahələri və ləkələri Yerin atmosferinə nəinki termik, eləcə də maqnitik təsir edir.

ç) Ay atmosfer rütubətinə, iqlimə, bitkilərə, heyvanlara və insanlara bilavasitə zəruri təsir edir.

d) Kosmos şüaları canlı orqanizmlərin DNT və RNT-də, nukleon turşularında ciddi dəyişikliklərə səbəb olur.

e) Geomaqnetizm insanların və heyvanların orqanizmlərinə təsir edir. Bu orqanizmlər geomaqnit sahəsində baş verən dəyişikliklərə reaksiya verir.

ə) Məlumdur ki, planetlər öz orbitlərində bir mexanizm kimi, Günəşdə ləkə və partlayışların yaranmasına təkan verir. Planetlərin Günəşə nəzərən yerləşməsini bilərək, bir çox hadisələr haqqında qabaqcadan məlumat vermək mümkündür.

Planetlərin bu harmonik vəziyyətləri Günəşlə Yerin maqnit sahəsinin aktivliyinə, Yerin maqnit sahəsinin formasına təsir edir, bununla da bütün canlı varlıqlar, o cümlədən, insanlar bu təsirə məruz qalırlar.

Astroloqlara yaxşı məlumdur ki, güntutulması havanın kəskin tutulmasından, zəlzələlərdən, vulkanlardan xəbər verir. Qoroskopun əsas planetləri güntutulması dərəcəsində olan insanlara daha çox təsir edir.

İnsanın davranışı ilə Ay fazaları arasında müəyyən əlaqə var. Filodelfiyanın polis departamenti "Ayın insan davranışına təsiri" adı altında geniş araşdırmalar aparıb. Minlərlə polis öz təcrübələrinə əsaslanaraq bildiriblər ki, Ay insan davranışına fövqəltəbii təsir edir. Nəticədə isə insanlarda idarəolunmaz mənfi meyllər əmələ gəlir. Tədqiqatçılar vurğulayıb ki, Ay bədirlənəndə ağır cinayətlərin sayı kəskin surətdə artır. Psixi xəstələr, cinayətkarlar, qatillər və digər mənfi meylli insanlar Ay bədirlənəndə daha çox cinayət törədirlər. Ay kiçiləndə isə onlar da sakitləşirlər. Hətta irqi özbaşınalıqlar da Ay bütövləşəndə maksimal həddə çatır.

60-cı illərin əvvəllərində neyropsixiatr, doktor Leonard Ravits "Həyatın elektrodinamik nəzəriyyəsi" adlı tədqiqatlarını tamamladı. O, qeydə aldı ki, bütün canlı varlıqlar, o cümlədən insanlar biomaqnit sahələrə malikdir. İnsanların elektrik ahəngi Ay fazalarının növbələşməsindən, böyük planetlərin vəziyyətindən asılıdır. Doktor Ravitsin nəzəriyyəsinə əsasən, insanlar kimi uzaq səma cisimləri də - ulduzlar və planetlər də həmin elektrodinamik güclərin təsiri altına düşür.

1781-ci ildə yeni planetin - Uranın kəşfi və ondan sonra Neptun və Plutonun icad olunması elmin ən böyük nailiyyəti idi. Bununla da astrologiya və astronomiyada radikal yeniliklər yarandı. Məsələn, indiyə qədər dərkolunmaz fenomenlərin mövcudluğunu "yeni" - hələ kəşf olunmamış planetlərin təsiri ilə izah edirlər. Astrologiyanın birinci və əsas aksioması budur: ulduzlar və planetlər Zodiak işarələri ilə birmənalı surətdə əlaqəlidir və onlar Yerdəki bütün proseslərə təsir edir. Bu fikirlərin nəzəri əsası Demokrit, Aristotel və pifaqorçuların kosmoloji baxışlarıdır. Bu baxışlar digər astroloji fikirlərdən kəskin surətdə fərqlənirlər. Digər mənəbələrdə planetlər Allahın formalarından biri kimi təsvir olunurdu. Əksinə olaraq, Ptolemeyin "Yerin geosentrik sistemi"ndə planetlər əvvəlcədən məlum olan qanunlarla hərəkət edir və bütün Yer kürəsinin ibarət olduğu dörd elementi idarə edir. Bu sistemdə ilahi qüvvələrə heç bir üstünlük verilmir. Sonrakı astroloji nəzəriyyələrdə isə ilahi qüvvələrdən geniş bəhs edilir.

Bu dövrdə astrologiya elmi iudizm, xristianlıq və islamın kəskin hücumlarına məruz qalmışdı. Hesab edilirdi ki, astrologiya - ulduzlar hadisələrə sadəcə istiqamət verir və əsas həlledici rolu ilahi qüvvə oynayır. Məsələn, suriyalı Bar Dayson hesab edirdi ki, ulduzlar yalnız maddi varlıqlara təsir edir, insanın ruhu isə Allahı və ya şeytanı seçməkdə azaddır. Digər bir nəzəriyyə isə xarranlılara (Babilistan şəhərində yerləşən Xarran sakinlərinin davamçıları) və hindlilərə məxsusdur. Onlar planetləri allahlar kimi qəbul edir, düşünürdülər ki, dua və qarğışlarla planetlərə müəyyən təsir edə bilərlər.

Başqa bir nəzəriyyəyə əsasən, məsələn, pristsillianlarda (386-cı ildə edam olunmuş xristian nəzəriyyəçisi - Eretik Pristsillianın davamçıları) ulduzlar müxtəlif astroloji simvollar formasında Allahın iradəsini yerinə yetirirlər. Astrologiyanın ikinci aksiomasında deyilir ki, ayrı-ayrı kosmik varlıqlar mövcuddur və onlar konkret şəxslərin, fərdlərin uzunmüddətli müşahidə və araşdırmaları nəticəsində meydana çıxıb. Müxtəlif astrosahələrin vəziyyətini təyin edən bu nəzər nöqtələri konkret şəxslərə məxsusdur. Bu nöqtələr Zodiak işarələri ilə birlikdə Göyün xəritəsini təşkil edir və bu xəritənin izahını yalnız kompleks şəkildə vermək olar.

Bir çox astroloji məktəblər və digər aksiomatik cərəyanlar mövcuddur. Lakin astronomiyadan fərqli olaraq, bütün astroloji sistemlərdə insan obrazı özünü əsas amil kimi göstərir.

Siz öz taleyinizlə maraqlanmasanız belə, işlədiyiniz adamlar haqqında məlumata malik olmağınız vacibdir və lazım gəlir. Birinci şərt olan bu tapşırığı yerinə yetirmək üçün çoxlu sayda psixolji testlər var. Lakin test keçirildiyi vaxt insanın psixoloji vəziyyəti testin nəticələrinə təsir edə bilər və buna görə də insanın psixoloji vəziyyətinin müvəqqəti və ya daimi olmasını təyin etmək psixoloq üçün çox çətindir. Artıq bu sualları həll etmək üçün bir çox metodlar hazırlanıb: tam tibbi müayinənin köməyi ilə, "bütün kələ-kötürlərin ölçülməsi" ilə və başqa metodlarla. Lakin bir çox hallarda bu sualların həllini tapmaq üçün digər effektli, sadə metodları da axtarmaq lazımdır. Astroloji metodun imkanlarının ən maraqlı aspekti, müəssisələrin optimal fəaliyyət müddətlərinin təyinolunma imkanındadır. Bir çox sahibkarlar üçün bu, etibarsız vaxtdır. Belə ki, bu və ya digər tədbirlərin keçirilmə vaxtının və yerinin dəyişilmə effektliyini təyin etmək həddindən artıq çətindir.

Bəzi astroloji işarələr, heç bir şübhə olmadan, bir-birilə çox yaxşı uyğun gəlir. İnsanların eyni təbiətə malik olması, onların həyata olan münasibətlərinin və əsas motivlərinin oxşarlığından, eləcə də işarələrinin bir-birini başa düşməsindən asılıdır. Bununla belə bir-birinə zidd olan işarələrin ortaq məxrəcə gəlməsi təsadüfi haldır. Belə işarələrin dünyagörüşündə və hərəkətlərində fərq ondadır ki, onlar hansı işarə ilə və necə yola getdiklərini çox yaxşı bilirlər. Belə işarələrdən birinin xasiyyəti digərini tamamlayır. Bizə zidd olan insanlarla ünsiyyətdə olarkən özümüzü dərk etməyə və əvvəllər istifadə etmədiyimiz potensial qabiliyyətimizi üzə çıxara bilərik. Bir-birinə düz bucaq altında olan işarələr arasında olan münasibətlər adətən utancaq olur. İşarəsi bizim işarəmizlə 90 dərəcəlik bucaq altında olan insanlarla münasibətlərimiz məyusluq, bir-birini başa düşməmək və qiymətləndirməmək kimi meyarlarla xarakterizə olunur. Bu vaxt disharmoniya yaranır və insan tamamilə zidd hərəkətlərə yol verir. Bu iki şəxs arasındakı qarşılıqlı münasibətlərdəki sirləri tapmaq və düzgün qiymətləndirmək üçün astroloji xəritələrə müraciət etmək lazımdır.

Astroloqlar qoroskopun əsas strukturundan biri olan yaş qoroskopunu da icad etmişlər. Bu qoroskopun əsasında onikiillik tsikl dayanır və hər bir il özünün "zooloji" adına, işarəsinə malikdir. Bu qoroskop insan həyatının on iki yaşına on iki astroloji işarəni uyğunlaşdırır. Hər bir yaşın öz xüsusiyyətləri var və bu yaş uyğun işarənin əlaməti, bu yaşın xüsusiyyətlərini başa düşməyə, izah etməyə kömək edir. İnsanda 12 yaş proqramı var. Bunlardan hər biri öz vaxtını gözləyir, müəyyən müddət davam edir. Lakin bu proqramlar içərisində yalnız biri doğum ilindən asılı olaraq, ömürlük davam edir. İnsan, özünün ömürlük yaş işarəsini - bürcünü bilməli və nəzərə almalıdır.

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm