Boyun nahiyəsinə cavankən qulluq edin
Bizi izləyin

Tabloid.az

Boyun nahiyəsinə cavankən qulluq edin

Yaşı 25-i ötən xanımlar boyun dərilərinə qulluq göstərməlidirlər. Özü də qulluq davamlı olmalıdır.

Boyun dərisinə qulluq sifət dərisi qədər əhəmiyyət kəsb edir. Çünki boyun dərisindəki qırışlar xanımların ümumi görkəminə xələl gətirə bilər. Bu dəfə boyun dərisinə qulluq barədə söhbət açacağıq. Kosmetoloqlar söyləyirlər ki, yaşı 25-i ötən xanımlar boyun dərilərinə qulluq göstərməlidirlər. Özü də qulluq davamlı olmalıdır.

Beləliklə, hər səhər boynunuzun dərisini toniklə sildikdən sonra nəmləndirici krem çəkin. Axşamlar isə boyun dərisini çirkdən təmizləməyi unutmayın. Həftədə bir dəfə mütləq boynunuza da maska çəkin. Təbii ki, həftədə bir dəfə "skrab"la boyun dərisini yumaq yerinə düşərdi. Maskanı və "skrab"la təmizləmə proseduralarını axşamlar etsəniz yaxşıdır. Çünki bu proseduradan sonra dərinizə krem çəkib dincəlmək, onun təsir effektini artırır.

Bu proseduraları həyata keçirməzdən öncə mütləq boynunuzun dəri tipini müəyyənləşdirin. Çünki adətən boyun dərisi yağlı olmur. Ümumiyyətlə, qırışmağa tez meyilli olan boyun dərisi, əsasən normal və quru dəri tiplərinə aid olur.

Boyun dərisinin tipini müəyyənləşdirmək çox asandır. Belə ki, səhər tezdən yuyunmazdan əvvəl salfetkanı dərinizə qoyun. Əgər salfetka qurudursa, onda hər hansı bir iz yoxdursa, deməli, sizin dəriniz qurudur. Kiçik ölçülü ləkələr gözə çarpırsa, normaldır. Yağ ləkələri diqqəti cəlb edirsə, deməli, boynunuzun dərisi yağlıdır. Boynunuzun dəri tipini müəyyənləşdirmək ona görə vacibdir ki, ona qulluq edən zaman düzgün kosmetik vasitələrdən istifadə edə biləsiniz. Əgər sifət dəriniz yağlı, boyun dəriniz isə normal dəri tipinə aiddirsə, deməli, siz iki cür losyon, krem, tonik almalısınız. Hər dəri tipinə uyğun vasitədən istifadə etməklə gözəlliyinizi qoruyaçaqsınız.

Onu da qeyd edək ki, quru dəri xüsusi diqqət tələb edir. Quru boyun dərisinə qulluq etmək üçün sizə nəmləndirici və qidalandırıcı effektə malik olan krem reseptini təqdim edirik. Bunun üçün 50 qram kakao yağı, 30 qram kokos yağı, 40 qram arı şanı lazımdır. Bu yağları və arı şanını qaba tökərək su vannasında əridirik.

Su vannası prosedurası aşağıdakı kimi həyata keçirilir: yağ olan qabı qaynayan çaydanın qapağının yerinə qoyuruq. Çaydan qaynadıqca onun buxarı üzərindəki qabın içindəkiləri də əridəcək. Komponentlər maye halına düşdükdən üzərinə yarım çay qaşığı zeytun yağı əlavə edirik. 5-7 dəqiqədən sonra qabı çaydanın üzərindən götürür və üzərinə bir neçə damcı A və E vitaminlərini yağ şəklində əlavə edirik. İlıq qarışığın üzərinə bir neçə çay qaşığı çobanyastığı məhlulu və qazsız mineral su qatırıq.

Solğunlaşmış dərisi olanlar 1 xörək qaşığı aloye şirəsi də əlavə edə bilərlər. Amma aloye şirəsini hazırlamaq üçün onu 12 gün öncədən soyuducuda saxlamaq lazımdır. Kremi soyuducuda saxlayın. Amma unutmayın ki, kremin tərkibində konservantlar olmadığından, onu uzun müddət saxlamaq olmaz. Odur ki, kremi az hazırlayın ki, qısa müddətdə işlədə biləsiniz. Əgər kremin yararlılıq müddətini 1 il uzatmaq istəyirsinizsə, onun tərkibinə bal, limon turşusu və salisil turşusu əlavə edə bilərsiniz. Bu maddələrin hər birindən 1 çay qaşığı kremin tərkibinə əlavə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm