“Türkiyədə Azəri qızı Güneli sayan yoxdur” – Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

“Türkiyədə Azəri qızı Güneli sayan yoxdur” – Müsahibə, Fotolar

Tabloid.az 5 ildir Türkiyədə model olaraq çalışan və hazırda Azərbaycana gəlib model agentliyi açmaq istəyən Könül Əzizova ilə eksklüziv müsahibəni oxuculara təqdim edir.

Şou əhli arasında Türkiyədə yaşayıb fəaliyyət göstərən həmyerlilərimiz az deyil. Bir neçəsi də model biznesində özünə kifayət qədər ad qazana bilib. Onlardan ən məşhurları Günay Musayeva, Nigar Talıbovadır. Tabloid.az 5 ildir Türkiyədə model olaraq çalışan və hazırda Azərbaycana gəlib model agentliyi açmaq istəyən Könül Əzizova ilə eksklüziv müsahibəni oxuculara təqdim edir.

- Könül xanım, Türkiyədə model biznesi bizim ölkə ilə müqayisədə çox inkişaf edib. Orada modellər arasında rəqabət güclüdür?

- Vallah mən belə şey görməmişəm. Mən bu işdən çörək pulumu qazanmağa getmişəm. Mənim podiuma birinci, sonuncu çıxmaq kimi iddialarım olmayıb. Ona görə də belə şeylərə fikir verməmişəm.

- Niyə bu qədər iddiasızsınız ?

- Mən sadəcə çörək pulumu qazanmaq istəmişəm. Ön planda olmaq, reklam olunmaq istəməmişəm. Baş maniken də olmuşam, amma bunu reklamıma yönəltməmişəm.

- Amma general olmaq istəməyən əsgərdən yaxşı əsgər olmaz deyə bir misal var...

- Mənim iddiam çox dəfiləyə çıxmaq olub.

- Türkiyədə yaşayan 2 modelimiz Günay Musayeva və Nigar Talıbova Azərbaycanla yanaşı orada da kifayət qədər tanınır. Niyə Könül Əzizova hələ tanınmır?

- Çünki reklamıma pul xərcləmirəm. Azərbaycanda reklamımı hələ indi-indi aparıram. Hələ ailəmin bütün üzvlərim bilmir ki, mən modeləm.

- Türkiyədə model olaraq tanınmaq üçün nə etmək lazımdır?

- Ya qalmaqal etməlisən, ya məşhur birinin yanında olmalısan, ya da aparıcı olmalısan. Mənə aparıcı kimi çalışmaq təklif edilib. Amma qəti cavab verməmişəm.

- Model üçün xarici görünüş nə qədər önəmlidir?

- Fotomodel və dəfilə üçün maniken anlayışı var. Mən bu işə başlayanda fotomodel olaraq başlamışam. Çünki boyum elə də uzun deyil. 1.70 sm boyum var. Sonradan podiuma çıxdım. Maniken üçün boy çox uzun olmalıdır. Sima önəmli deyil. Bir də əsas vücud olmalıdır. Fotomodel üçün isə boyun önəmi yoxdur. Əsas sima və vücuddur.

- Müğənnilərimiz Aygün Kazımova, Röya və Rəqsanənin türk şou biznesinə qatılmaq cəhdindən sonra bəlli oldu ki, orada çox güclü monopoliya var. Kənardan gələn adamı daxili bazara buraxmamağa çalışırlar. Model biznesində vəziyyət necədir?

- Təbii ki, öz millətlərinə hədsiz çox önəm verirlər. Bizim ölkəmizə biri gələndə şişirdib dağ başına qoyurlar. Türkiyədə isə bizimkiləri önə qoymurlar. Mən özüm Röyanın kliplərini dalbadal Kral TV-də görəndə şok olmuşdum. Çünki orada imkan vermirlər. Azəri qızı Günelə baxın, neçə illərdir oradadır. Öldürür özünü, heç onu sayan yoxdur. Niyə? Çünki istəmirlər. Özlərini üstün tutan millət olduqları üçün. Kənardan gəlib qabağa getməyə qoymurlar.

- Azərbaycan və Türkiyə ilə model biznesini müqayisə edə bilərsiniz?

- Müqayisə etmək mümkün deyil! Azərbaycanda mən o işığı görmürəm. Mən demirəm ki, məndən yoxdur. Amma uzun müddətdir bu işin içində olduğumdan fikirlərim formalaşıb. Azərbaycanda model biznesinin inkişafı üçün uzun illər lazımdır.

- Türkiyədə modellərin qonorarı nə qədərdir?

- Müxtəlifdir. Amma ən maraqlısı odur ki, pulsuz çıxanlar da var. Məsələn, çox məşhur modelyerin kolleksiyası nümayiş edilirsə, modellərin çoxu adının orada olması üçün can atır. Elə bilirsiniz baş manikenlər podiuma pulla çıxır? Və gördüyünüz moda nümayişlərinin hamısı pulludur ? Podiuma pulsuz çıxan saysız məşhur manikenlər var. Və bu bir həqiqətdir. Özü də baş maniken çıxanlar öz adlarına işləyirlər.

- Günay Müsayeva və Nigar Talıbova da Türkiyədə yaşayır. Əlaqələriniz var?

- Qətiyyən yoxdur. Günayla bir işdə qarşılaşmışıq. Aramızda ancaq salam-sağ ol olub. Bəlkə də heç məni tanımır. Nigar Talıbova ilə podiumda qarşılaşmışam. Orada artıq həyəcan olur. Münasibətimiz heç yoxdur.

- Modellərin ən böyük problemi bədən ölçülərini daim nəzarətdə saxlamaqdır. Bunun üçün nə edirsiniz ?

- Heç nə (gülür). Bu, məndə genetikdir. Anamdan keçib. Amma hədsiz arıqlamaq istədiyim dövr olub. 18-19 yaşında 1 ay mütəmadi olaraq alma və qatıqla dolanırdım. Axırda da xəstəxanalıq oldum. O vaxt necə arıqlamışdımsa, bu günə kimi kökələ bilmirəm.

- Hazırda bədən ölçüləriniz necədir ?

- 92-63-92... ideala yaxındır.

- Plastik əməliyyat etdirmisiniz?

- Bəli, ancaq üzümdə bunu etmişəm. Bədənimin qalan heç bir yerində plastik əməliyyat etdirməmişəm.

- Niyə Azərbaycanda model agentliyi açmaq qərarına gəldiniz? Axı dediniz ki, burada bu biznesin inkişafı üçün uzun illər lazımdır.

- Bəxtimi sınamaq istəyirəm. Məhz Azərbaycanda bu sahə inkişaf etmədiyi üçün agentlik açmaq istədim. Model kimi tanınmaq, uğur qazanmaq istəyən çoxlu sayda oğlan və qızlarımız var. Onlara kömək etmək istəyirəm. Ən tanınmış modelimiz Rüstəmdir. O, Amerikadadır. Çünki burada iş demək olar ki, yoxdur.

- Bəs Azərbaycanda model biznesini inkişaf etdirmək üçün nə etmək gərəkdir?

- Modelyerlərin sayı artmalıdır, yaxşı kolleksiyalar hazırlamalıdırlar. Olanlar isə üzə çıxmalıdır. Bir modelyeri məşhurlaşdırmaqla iş bitmir. Bizim modelyerlər dərk etmirlər ki, onlar dəfilələrin sayını çoxaltmaqla sifarişləri çox olacaq və çox qazanacaqlar. Bizim modelyerlər indi dərzilik edir. Dəfilənin kolleksiyası fərqli, şou xarakterli olmalıdır. Yəqin bunu Azərbaycanda ancaq Fəxriyyə Xələfova bacarır.

- Bəs şou nümayəndələrimiz haqqında nə deyə bilərsiniz?

- Aygün Kazımova və Röyanı çox bəyənirəm. Onlar mənim sevimli müğənnilərimdir. İkisi də çox zövqlə geyinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm