• USD 1,7021 0,00% EUR 1,9029 0,00%
    • GBP 2,2084 0,00% RUB 0,0302 0,00%

Qızlar bunu kişilərdən daha çox sevirlər - Fotolar

Qızlar bunu kişilərdən daha çox sevirlər - Fotolar

Qızların ən yaxşı dostları brilyantlardır, onlar zinət əşyalarını hətta həyat yoldaşından, sevgilisindən, bir sözlə, kişilərdən də çox sevir və göz bəbəyi kimi qoyurlar. Əsas düşmənləri isə - iri bijuteriyalardır. Çünki qızların çoxu geyimə və makiyaja diqqət versə də, aksessuarlara qarşı laqeydlik göstərirlər, ya da çox zaman böyük aksessuarları düzgün uyğunlaşdıra bilmirlər. Amma nahaq yerə - axı məhz düzgün seçilmiş aksessuarlar obrazın tamamlanmasına və effektli olmasına kömək edir. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə həcmli aksessuarların düzgün istifadəsi haqqında məlumat verəcəyəm.

Yay və qış aksessuarları bir-birindən nə il fərqlənir?

Bakının küləyindən danışıb oxucuları çox yormaq istəməzdim. Amma iqlim dəyişkənliyi Azərbaycan gözəllərinin qarşısına həmişə nə geyinmək kimi kəskin suallar qoyur. Dəyişkən havanın şıltaqlıqlarına dözməkdən başqa əlacımız qalmır. Mövzudan çox uzaqlaşmayaraq demək istəyirəm ki, yay aylarında bir qayda olaraq, iri boyunbağılar, qolbaqlar, sırğalar və üzüklər daha kompakt halda gündəmə gəlir.

Fərq yalnız materialların seçimində nəzərə çarpır: yayda biz plastik bilərzik, taxta muncuq və yüngül parçadan hazırlanan aksessuarları özümüzə rəva görə bilərik, qışda isə daha gözəl şeyləri seçirik.

Qış obrazlarında trikotaj paltarların və ya vodolazkanın üstündən taxılan iri boyunbağılar klassik tərz halını alıb.

Qalın sviterlərin üstündən uzun zəncirli və maraqlı kulonlu boyunbağılar taxmaq da ənənə halını alıb. Bu zəncirli kulonları yay aylarında kürək dekoltesi olan paltarların arxasından taxmaq olar.

Yaz və payızın ilk aylarında palto yaxalığı üçün sancaqlar aktualdır. Bu, sizi kütlədən ayırmaq üçün çox effektlidir və gözəldir.

1 cc

Yayda isə qızlar gümüşü qolbaqlar, təbii materiallardan hazırlanan etnik naxışlı bəzək əşyalarına üstünlük verirlər. Halbuki həmin aksessuarlar cinslərlə və sviterlər ilə əla görünür.

Hansı halda tam setlər - sırğa, boyunbağı, bilərzik dəsti aktualdır?

Aksessuar seçimi tamamilə fərdi məsələdir. Aksessuarlar iki yerə bölünür: İri bəzək əşyaları, nazik və incə zinət əşyaları. Bu həm də komplekt dəstlərə də aiddir. Məsələn, mən boyunbağı, qolbaq və sırğaları eyni zamanda taxmağı sevirəm. Xüsusilə gündəlik həyatda: məsələn, sadə köynək və cins şalvarları bir neçə gümüş üzük, qolbaq, boyunbağı və sırğalar gözəlləşdirir.

Axşam və bayram obrazlarının yaradılmasında boyunbağı və sırğa dəsti hələ də aktualdır. Lakin, mən dəstdən kənara çıxmağın qətiyyən əleyhinə deyiləm. Əgər onlar üsluba uyğun gəlirsə və əhval-ruhiyyəni oxşayırsa, hətta maraqlı görünür.

Əgər siz qlam-rok üslubunun pərəstişkarısınızsa, bəzək əşyalarının sayı haqqında çox düşünməyə bilərsiniz. Bir neçə qızılı zəncirləri, bilərziklər üzüklər - bütün bunlar ahəng təşkil edir və maykayla gözəl görünür.

Hansı əşyaları öz aralarında uyğunlaşdırmaq olmaz?

Moda hər saniyə dəyişir: əvvəllər heç tamamilə uyğunsuz hesab olunan bəzəklər bu gün dəbdədir. Eklektizm podiumlara və bəzək əşyalarına diktə edir. Əlbəttə, ağır, rəngli, zəncir kolyeləri zərif şəbəkəli sırğalarla birləşdirməyə dəyməz. Daha bir tabu incə boyunbağı ilə etnik qolbaqların miksi və vintaj daşlar ilə müasir formada bəzək əşyalarının sintezidir.

Siz bir neçə daşı uzlaşdırmağa qərar vermisinizsə, belə halda onların rəng qammasının oxşar olmasına çalışın.

Yaxası büzməli bluzkaları iri həcmli boyunbağılarla yükləmək olmaz. Üstü naxışlı, zolaqlı və təsvirlər olan köynəkləri də irihəcmli boyunbağılarla boğmayın. Əks halda siz içi bərbəzəklə dolu mücrüyə bənzəyəcəksiniz.

Yeni il gecəsi üçün aksessuar seçimi

Şərq təqviminə görə 2015-ci il taxta keçi və qoyun ili üzərində təhvil olur. Yeni il bayramının ənənələrinə görə, hər ili öz sahibinin rənginə və atributlarına görə qarşılamaq uğur gətirir.

Siz bu ziddiyyətlərlə oynaya, dərin göy və ya yaşıl rəngli geyimlər seçə, aksessuarları isə zəngin sarı və ya qırmızı rəngdə seçə bilərsiniz. Daha bir variant - klassik monoxromdur.

Unutmayın ki, keçi qızğın və şən heyvandır, cəsarətli və şux paltar və bəzək əşyaları seçməyi özünə rəva görə bilər.

Zinət əşyalarını dress-kod qaydalarına necə uyğunlaşdırmaq?

Əgər siz, məsələn, bankda və ya hüquq firmasında çalışırsınızsa, onda incə üzüklər, qolbaqlar və ya nazik zəncirlər ofis dress-koduna kifayət qədər uyğundur. Əgər ofis qaydaları çox sərt deyilsə, onda çətin ki, kimsə trikotaj paltarların üstündən asılan gözəl muncuqlara etiraz edəcək, hətta rəsmi kostyumla istədiyiniz bəzək əşyalarını daşıya bilərsiniz.

Aksessuar seçimdə 5 əsas qayda:

Əgər sizin zərif və uzun boynunuz varsa, iri sırğalar daşımaq tövsiyə olunur. Əgər bu, sizin bədənin gözəgəlimli hissəsi deyilsə, onda dürr kimi düzülən muncuq və mirvarilərdən imtina edin.

Əgər sizin əlləriniz ideal vəziyyətdə deyilsə, manikür etməyə macal tapmamısınızsa və ya lak çəkməmisinzisə, əlləri vurğulamaq, parlaq və iri üzüklər taxmaq olmaz.

Dəyirmi formalı üz sahibləri üçün uzunsov formalı, sırğalar və uzun zəncirlər əlverişlidir.

Dəyirmi sırğa və yumru boyunbağılar, əksinə, həddən artıq uzanmış sifəti bütövləşdirməyə kömək edəcək.

Və klassik qayda: Zinət əşyalarının rəng çalarlarını dəri tipinizə uyğun seçmək lazımdır, aksessuarın formasını isə paltarın və ya bluzkanın dekoltesi ilə uzlaşdırmaq lazımdır.

Bu mövsüm hansı bəzək əşyalarından imtina etmək lazımdır?

İri boyunbağı bir neçə mövsüm əvvəlki kimi aktual deyil. Onları böyük kulonlar və sancaqlar əvəz edir. Amma bir il sonra onları mücrüdən yenidən çıxartmalı olduğunuz istisna deyil.

Eyni ilə mirvarilər də bu il aktual deyil. Keçən il mirvariyə öz ənənəsinə sadiq qalan “Chanel” moda evinin kolleksiyasında yer verilmişdi. Lakin klassik qaydada saplara düzülən mirvarilər heç zaman dəbdən düşmür, böyük incilərlə isə ehtiyatlı davranmaq lazımdır.

Bir vaxtlar qızılı və gümüşü aksessuarları birlikdə istifadə etmək böyük zövqsüzlük hesab olunurdu. Zərgərlər bu qaydanı birdəfəlik siliblər. Belə ki, qızılı sırğalar, gümüşü qolbaqlar, metal kulonlu boyunbağı, daş-qaşlı üzüklər və dəmir toqqalı kəmərlər dəb aləmində bu gün bütöv bir harmoniya təşkil edir.

Aksessuar seçərkən üz quruluşunu və dəri rəngini də nəzərə almaq lazımdır. Çünki zinət əşyaları üz ifadəsini tarazlayır və onun daha gözəl görünməsini tənzimləyir.

Şəkildə yes - yaraşdığını, no - isə sizə uyğun olmadığını bildirir.

Oval üzünüz varsa, çox şanslısınız. Çünki sizə hər cür sırğa və boyunbağı yaraşır. Ürək şəklində olan sırğalar, çiçək fiqurları, yumru modellər sizin üçün ideal seçimdir. Çox uzun olmayan boyunbağılar bu cür üz quruluşuna malik olan qadınlara daha çox yaraşır.

Yumru üz quruluşunuz varsa, dairə formasında sırğalar taxmayın. İçində toplar olan sırğalar, ya da iç-içə keçən dairələr sizə yaraşmayan modellərə daxildir. Bu üz quruluşuna ən çox damla, ya da markiz kəsimlər yaraşır. İncə və uzun kəsimlər üz quruluşuna yumşaq ifadə verir. Xüsusən də boyundan sinə hissəsinə doğru tək sallanan kolyelər yumru üz quruluşuna çox yaraşır.

Kvadrat formasında olan üz quruluşu kişi üz tipinə daha çox uyğun gəlir. Bu üz tipini yumşaltmaq üçün çiçəkli, iç-içə keçən dairə və sallanan sırğalar taxmalısınız.

Ürək formasında olan üz quruluşunda çənə uzun olduğu üçün bunu yumşaltmaq tələb olunur. Damla sırğa modelləri sizin üçün əla seçimdir. Qalın və boyuna kip oturan, sallanmayan boyunbağılara üstünlük verməlisiniz.

Dəri rənginə uyğun olan ləl-cavahirat

Açıq dərili xanımlar mütləq ağ qızıla üstünlük verməlidir. Ağ qızılın üzərinə düzülən mirvari və brilyantlar açıq dərili xanımları çox cazibədar göstərir. Rəngli daş-qaşdan ibarət olan zinət əşyalarını taxmaq istəyirsinizsə, yaqut, ametist və çəhrayı kvarsa üstünlük verməlisiniz.

Qaraşın xanımlar: İtalyan qızılı adlanan qızıl növünə üstünlük versəniz, yaxşı olar. Çəhrayı, sarı və qara, mirvari qaraşın xanımlara çox yaraşır. Zümrüd, sitrin və sapfir qaraşın xanımların gözəlliyini daha da işıqlandırır.

P.S Yadda saxlayın ki, aksessuar seçimi individualdır. Axı, aksessuarlar geyimi vurğulamaqdan ötrü yaradılıb. Sonda isə bayram ərəfəsində bütün oxucularımıza gözəllik arzu edirəm...

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR