Eurovision-2014 təmsilçimiz Dilarə Kazımova - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Eurovision-2014 təmsilçimiz Dilarə Kazımova - FOTOLAR

Azərbaycanı Kopenhagendə keçiriləcək Eurovision-2014 mahnı müsabiqəsində Dilarə Kazımova təmsil edəcək!

Martın 2-də İTV telekanalının efirində Azərbaycanın Eurovision-2014 mahnı müsabiqəsindəki təmsilçisinin adı açıqlanıb. Bu 2014-cü ildə həm də Azərbaycanın Eurovision üçün milli seçim turu olan Böyük Səhnə beynəlxalq televiziya şousunda qalib gələn Dilarə Kazımovadır.

Publika.az xəbər verir ki, Dilarə 6 may 2014-cü il tarixində Kopenhagenin B&W Hallerne arenasında Eurovision mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Dilarənin Azərbaycanı hansı mahnı ilə təmsil edəcəyi 2014-cü il mart ayının 15-nə kimi açıqlanacaq.

Dilarə Kazımova – artıq solo karyerası olan, bununla yanaşı musiqi qruplarının tərkibində də böyük təcrübəyə sahib olan gənc müğənnidir. Buna qədər o, iki dəfə Azərbaycanın Eurovision üçün milli seçimlərində iştirak etmiş və hər iki halda öz yerini yalnız qalibə təhvil vermişdir.

Azərbaycanın Eurovisionda debüt ili olan 2008-ci ildə tərkibində Dilarənin də olduğu Unformal qrupu milli finalda ikinci yeri tutmuşdu. 2010-cu ildə Dilarə artıq Milk & Kisses qrupunun tərkibində Eurovision’a vəsiqənin bir addımlığına kimi gəlib çıxmışdı. Elə həmin il də Milk & Kisses qrupu Azərbaycanı Latviyada, Yurmalada keçirilən Yeni Dalğa televiziya müsabiqəsində layiqincə təmsil etmişdi.

Bu il Böyük Səhnə layihəsində iştirakla yanaşı Dilarə həm də beynəlxalq Səs (The Voice) yarışmasının Ukrayna versiyasnın “kor dinləmələrini” və bir neçə raundunu keçmişdir.

Azərbaycanın Eurovision-2014 üçün milli seçimlərinin qalibini Azərbaycandan olan və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirmişdir.

Böyük Səhnə şousunun əsas xüsusiyyəti ondan ibarətdir ki, layihə ərzində münsiflər heyətinin tərkibi dəyişilir, bu isə əvvəlcədən yaranan təəssürata əsaslanmanı qeyri-mümkün edir və Eurovision’a yollanmaq üçün daha peşəkar və layiqli artistin seçiminə imkan yaradır.

Beləliklə, kastinqlər və dörd seçim konsertində münsiflər heyətinin tərkibində olanlar: Azərbaycanın xalq artisti Mübariz Tağıyev, Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimi, Heydər Əliyev adına sarayın baş rejissoru Gülçöhrə Şəfiyeva, bəstəkar Faiq Sücəddinov, Bakı musiqi akademiyasının professoru Zümrüd Dadaşzadə, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, şoumen Murad Arif, müğənni Tünzalə Qəhrəman, müğənni Səbinə Babayeva, şairə, ekspert Zəhra Bədəlbəyli, müğənni İlhamə Qasımova, teleaparıcı Saleh Bağırov, Ukraynanın СТБ telekanalının rejissoru Fuad Əliyev, bəstəkar Dimitros Kontopulos (Yunanıstan).

Final mərhələsinin münsiflər heyətinin tərkibi:

Stefan Örn (İsveç) – bəstəkar, Eurovision-2011’in qalib mahnısının müəllifi.

Tünzalə Ağayeva – müğənni, bəstəkar, Azərbaycanın əməkdar artisti.

Murad Arif – prodüser, bəstəkar.

Eldar Qasımova – müğənni, aktyor, Eurovision-2011 mahnı müsabiqəsinin qalibi.

Münsiflər heyətinin sədri – Cəmil Quliyev, İTV-nin baş direktoru.

Formatına uyğun olaraq Böyük Səhnə layihəsinin verilişləri cümə günləri studiyada çəkilir, bazar günləri isə İTV kanalının axşam efirində yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm