Murad Arif: “Verilişimə çağırdıqlarımın əksəriyyətini dinləmirəm” - FOTOLAR/VİDEO
Bizi izləyin

Tabloid.az

Murad Arif: “Verilişimə çağırdıqlarımın əksəriyyətini dinləmirəm” - FOTOLAR/VİDEO

Artıq teleməkanda yeni mövsümə start verilib. Televiziyalarda yeni layihələrlə yanaşı, köhnə verilişlər də izləyicilərə təqdim olunacaq. Bu sırada “Solo” verilişi də var.

Həmsöhbətim uzun illərdən bəri Lider Televiziyasının ən baxılan proqramlarından olan “Solo”nun sevilən aparıcısı Murad Arifdir.

Tanınmış bəstəkar, prodüser, aparıcı, ən əsası, xarizmatik insan olan Murad Publika.az-a yeni mövsümdəki “Solo” barədə danışıb.

“Formatımızı qarışdırıb, tamaşaçını çaşdırmayacağıq”

- Yeni mövsümdə “Solo” verilişini hansı formatda görə biləcəyik? Yeniliklər nəzərdə tutulubmu?

- Yox, heç bir yenilik nəzərdə tutulmayıb. “Solo” verilişi teleməkanda sırf musiqidən, musiqiçidən, musiqi dilində danışan tək verilişdir. Formatımızı qarışdırıb, tamaşaçını çaşdırmayacağıq. “Solo” elə “Solo” olaraq qalacaq.

- Bir aparıcı kimi bu verilişin mahiyyətini nədə görürsən? Məqsəd və məram nədir?
- Məqsəd və məram musiqimizin bugününü tam reallığı ilə göstərmək, müğənnilərimizin canlı ifa qabiliyyətini nümayiş etdirmək, ara-sıra dünəni xatırlamaq, yada salmaqdan ibarətdir.

- Azərbaycan teleməkanında “Solo”nun rəqibi varmı?
- Bircə onu deyə bilərəm ki, bir çox proqramlar musiqili veriliş kimi başlayıb, qalmaqallı süjetler, söhbətlərlə yönlərini dəyişdi.

- “Solo” verilişi əsasən nəylə fərqlənməyə çalışır?
- Burada aparıcıdan çox şey asılıdır. Məncə, musiqini bilməyən, sevməyən insana bu verilişi aparmaq maraqsız olar. Mənsə həyatımı musiqiyə bağlamışam. Yazıram, oxuyuram, öyrənirəm.


“Sülhsevərliyim münaqişəli situasiyalara imkan vermir”

- Bu proqramın rəngarəng və yorucu olmaması üçün bir aparıcı kimi hansı vasitələrdən istifadə edirsən?
- Həyatda səmimiyyət hər məqsəd üçün əsas vasitədir. Aparıcılıqda da həmçinin.

- İndiyədək elə bir müğənni olubmu ki, çağırmısan, amma verilişə gəlməkdən imtina edib?
- Yox. Əksinə, başqalarının proqramından imtina edən çox maraqlı ifaçılar mənim proqramımda görünməyə can atırlar. Buna sevinirəm.

- Ümumiyyətlə, müğənnilər bu verilişə rahatlıqla gəlir?
- Yaradıcı heyətimizin və xüsusən də mənim sülhsevərliyim münaqişəli situasiyalara imkan vermir.

- Təbii ki, canlı ifadan qorxan müğənnilər də az deyil, deyilmi?
- Proqramıma fonoqramla gələn hər bir ifaçıya belə bir şübhə ilə yanaşa bilərsiniz…

“Könlümə yaxın buraxmıram ki...”

- Gəl bir az da, canlı yayım zamanı ekstrimlərdən danışaq. İndiyədək verilişdə baş verən ən maraqlı hadisələrdən danış. Məsələn, kimsə yıxılıb, kiminsə səsi batıb?..
- Canlı yayımda efirə çıxdığımız vaxtlar fonoqramlar kəsilib, müğənni sözləri unudub və ya sonda mahnını vaxtında bitirə bilmədiyindən ifanı yarımçıq kəsməli olmuşuq.

- Heç olubmu ki, münasibətin pis olduğu, yaxud, küsülü olduğun bir müğənnini efirə çağırmısan?
- Belə bir müğənni yoxdur. Mən işi real həyatdan ayırd edə bilirəm. Müğənnilərlə münasibətimdə çox neytral və praqmatikəm. Könlümə yaxın buraxmıram ki, qəlbimi də qıralar. Onlar mənim həmkarlarım, iş yoldaşlarımdır. Əvvəl-əvvəl təcrübəsiz vaxtlarımda olub, incimişəm, soyuq davranmışam, amma bunun qeyri-peşəkarlıq olduğunu anlayıb, yola verməyi öyrənmişəm. Və bu gün hər kəslə qarşılıqlı hörmətdə bulunuram. Belə daha rahatdır.

“Kiminsə fanatı olmaq kimi keyfiyyətdən məhrumam”

- Elə bir sənətçi olubmu ki, arzulamısan, amma hələ də efirində qonaq olmayıb?
- Yox. Mənim üçün elə bir əlçatmaz sənətçi yoxdur. Ümumiyyətlə, mən müğənniləri arzulamaq, onları bütləşdirmək, kiminsə fanatı olmaq kimi keyfiyyətlərdən məhrumam. Hər kəs adi insandır. Kimi müəllimdir, kimi həkim, kimi fəhlə, kimi nazir, kimi aparıcı, kimi də müğənnidir. Arzulamaq nədir? Oxuyandırsa, gəlib oxusun da... Nəyini arzulamalıyam? Hələ də efirimdə olmayanlar var. Vaxtı gələndə, ürəkləri istəyəndə qonaq olarlar. Peşəkarlara qapımız açıqdır.

“Buna görə qonaq çağırırıq”

- Elə bir müğənni olubmu ki, kiminsə xahişi ilə onu verilişə dəvət etmisən, amma sonradan peşman olmusan?

- Hamı gözəl sənətçi və peşəkar olmur. Bu, təbiidir. Şəxsən özüm qonaqlarımın 99.9 faizini maşında, evdə dinləmirəm. Amma inanıram ki, o qonaqları dinləyən, istəyən, sevən tamaşaçılarım var. Buna inanaraq qonaq çağırırıq.

- Ən səmimi, ən pozitiv, ən maraqlı qonağın kim olub indiyə qədər?
- Röya, Aygün Kazımova, Briliant Dadaşova, Rəhim Rəhimli, Faiq Ağayev, Natəvan Həbibi, Miri Yusif, Abbas maraqlı müsahiblərdir. İfaya gəlincə, hər kəsin öz tamaşaçısı var. Fərq qoymaq istəməzdim.

- Elə bir qonağın olubmu ki, səni o qədər yorub ki, verilişin tez qurtarmasını arzulamısan?
- Hərdən olur... Adam ya oxumağı, ya da heç olmasa, fikirləri ilə maraqlı ola bilmirsə, tamaşaçı da, aparıcı da eyni hissləri yaşayır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm