Ermənistanda avtobus sürücüləri qiyam qaldırdı
Bizi izləyin

Dünya

Ermənistanda avtobus sürücüləri qiyam qaldırdı

Ermənistan paytaxtında yüzlərlə marşrut taksisi maye qaz yanacağının bahalaşmasına etiraz edərək cümə axşamı xəttə çıxmayıb.

Publika.az-ın məlumatına görə, mikroavtobus sürücüləri maye qaz yanacağına qiymətin kəskin şəkildə artmasından sonra zərərlə işlədiklərini deyirlər.

Son günlər Ermənistan dramının dəyərinin enməsi səbəbindən əsas istehlak mallarının qiyməti bəzi hallarda 40 faizədək, o cümlədən avtomobil yanacağı kimi istifadə edilən maye qazın qiyməti 20 faizədək artıb.

Sürücülər əvvəl 1 kub metri 190 drama aldıqları maye qaz üçün indi 230 dram verməlidirlər.

Çərşənbə günü axşam başlanan 5 marşrut üzrə işləyən sürücülərin tətilində bu gün ondan çox istiqamətlərdə sərnişin daşıyan mikroavtobus sürücüləri iştirak edib.

Sürücülər maşınların istismarına sərf etdikləri xərclərin artdığını, marşrut sahiblərinə gündəlik ödənişləri verə bilməyib hər gün 30-40 min dram borclu qaldıqlarını deyirlər.

Polis etiraz aksiyasının şəhər mərkəzində keçirilməsinə yol vermir. Yüzlərlə mikroavtobus paytaxtın mərkəzindən uzaq mikrorayonlarında cərgələrə düzülüb dayanır.

Marşrut taksi sürücüləri tələb edirlər ki, qazın qiyməti endirilsin.

Yerevan meriyası problemi həll etmək üçün şəhər nəqliyyatında gediş haqqının artırılmasını təklif edir.

Sərnişin Daşıyanlar İttifaqının sədri Qrant Yeğiazaryan deyir ki, sürücülərin zərərsiz işləməsi üçün marşrut taksilərdə hal hazırda 100 dram olan gediş qiymətini 300 dramadək artırmaq lazımdır.

Buna sürücülər də razı deyil. Onlar deyirlər ki, əhalinin ödəmə qabiliyyəti buna imkan vermir.

Yerevan meriyası 2013-cü ildə sakinlərin sərt etirazları nəticəsində şəhər nəqliyyatında gediş qiymətinin 100 dramdan 150 drama qaldırılması qərarını dəyişməyə məcbur olmuşdu.

Lakin günün ikinci yarısından tətili dispetçer məntəqələri yanında davam etdirəcəklərini bəyan edən sürücülərə hələlik problemin həlli üçün başqa təklif edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm