İdman
“BAKI 2015”-ə doğru: Ayaqqabını vaxtında geyin, yoxsa “qızıl” əldən çıxacaq
Publika.az bu il səbirsizliklə gözlənilən I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir.
(http://publika.az/p/59719 , http://publika.az/p/60589)
Bu dəfə ölkəmizdə əsası 2 il əvvəl qoyulan Triatlon idman növü haqqında məlumat veriləcək. Oxucuları triatlonun yaranması və idmançılar haqqında oxucuları məlumatlandırmağa çalışacağıq.
Triatlon yunan sözüdür (mənası 3 idman növü). Adından da göründüyü kimi bu idman özündə 3 növü - qaçış, velosiped və üzgüçülük idmanlarını birləşdirir.
Triatlon idmanı ilk dəfə Fransada 1920-ci ildə sınaqdan keçirildi. Birinci qeydə alınan triatlon yarışları 1974-cü ildə Amerikanın San Dieqo şəhərində keçirilib. Bu yarışlar standart trek təlimlərinə alternativ olaraq, yerli trek və sahə klubları tərəfindən təşkil olunmuşdu. Həmin yarışda 50-dən az idmançı iştirak etmişdi, lakin o kiçik başlanğıcdan sonra ötən 40 il ərzində bu idman növü çox geniş yayıldı. Bir müddət sonra isə Fransada Triatlon Federasiyası yaradıldı. Getdikçə başqa ölkələrdə də bu idman növünün populyarlaşması 1989-cu ildə Beynəlxalq Triatlon Federasiyasının yaranmasını labüd etdi.
İdmançı ilk əvvəl 3.8 km məsafəni üzür, sonra 180 km-i velosipedlə qət edir və 42.195 km-i qaçır. Supertriatlon da var. Buraya 5 km üzgüçülük, 250 km velosipedlə qətetmə və 50 km qaçış daxildir.
Bu idman növü 2000-ci ildən etibarən Olimpiya oyunlarına daxil edildi. Ümumdünya Triatlon İttifaqının (ÜTİ) mənzil-qərargahı Kanadada yerləşir.
Qeyd etmək lazımdır ki, triatlonda uğur əldə etmək üçün velosiped çox böyük önəm daşıyır. İdmançının əldə edəcəyi son nəticə onun velodistansiyanı necə keçməsindən birbaşa asılıdır.
Bu yarışın üç elementi arasında sərf olunan vaxt idmançının uğurunu müəyyənləşdirən əsas amildir. Velosipedlərini götürməyə və ya qaçış ayaqqabılarını geymək üçün idmançının sərf etdiyi vaxt qızıl və ya gümüş medal arasındakı fərqə bərabər ola bilər.
Nazirin təşəbbüsü ilə yaradılan yeni federasiya
2013-cü il sentyabrın ilk günlərində Azərbaycanda yeni federasiyanın yaradıldığı elan edildi. Bu barədə İlk Avropa Oyunları ilə bağlı mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat vermişdi. O bildirmişdi ki, Azərbaycan Triatlon Federasiyası artıq fəaliyyətə başlayıb və beynəlxalq federasiyalarda da qeydiyyatdan keçib.
Onu da qeyd edək ki, Triatlon federasiyasi Azərbaycan gənclər və idman naziri (AGİN) Azad Rəhimov və Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə yaradılıb. Federasiyanın ölkəmizdə təqdimatı zamanı Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və Beynəlxalq Triatlon Federasiyasının nümayəndələri iştirak ediblər.
Avropa Triatlon İttifaqı (ATİ) ilə də əlaqələr qurulub. Bu qurumun da prezidenti olan Bertrandi artıq 2 dəfə Bakıya gəlib.
Rəhbərlik, idarə və məşqçi heyəti...
Azərbaycan Triatlon Federasiyasının idarə heyətinin sədri Azər Məhərrəmovdur. Qurumda İcraçı direktorun köməkçisi vəzifəsini Könül Abbasova, mətbuat katibliyini isə Zəki Feyzullayev idarə edir.
Federasiyada baş məşqçi postu Sergey Yatsenkoya əmanət edilib. Digər məşqçilər isə Rəşad Ədburrəhmanov, Əli Həsənov və Həmid Manafovdur.
Forma və ən məşhur velosiped firması
Bakı 2015 üçün Azərbaycan Triatlon Federasiyası dünya şöhrətli "Airstream" firmasının velosipedlərini sifariş verib. "Airstream" triatlon sahəsində ən öndəgedən firmalardandır.
Azərbaycan Triatlon Federasiyası yığma komandanın rəsmi geyim formasını da müəyyənləşdirib. Geyim Azərbaycan milli bayrağının rənglərini əks etdirir və bu idman növünün bütün nüansları, eləcə də atletlərin istəkləri nəzərə alınmaqla hazırlanıb.
Formanın istehsalçısı triatlon sahəsində ən dəbli və populyar olan "Kiwami" firması tərəfindən hazırlanıb.
Yeni yaradılmış quruma "Zəfər" mükafatı
Azərbaycan Triatlon Federasiyası (ATF) 2014-cü il fevralın 4-də
İdman və Gənclər nazirliyi, eləcə də "Sportsman" jurnalının dəstəyi
ilə təsis edilmiş "Zəfər" mükafatına layiq görülüb.
Nisbətən yeni fəaliyyətə başlayan ATF “İlin Federasiyası” adını qazanıb! Bu mükafat idmandakı yüksək nailiyyətlərə görə verilir, ATF və yığmanı isə yeni, məhsuldar mövsüm gözləyir.
İdmançıların nəticələri
2014-cü il fevralın sonlarında Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çində keçirilən mötəbər Asiya Kubokunda üzləri güldürüb. 1500 metrlik su məsafəsini idmançı 19 dəqiqə 7 saniyəyə başa vurub. Ardınca isə velodistansiyanı 56 dəqiqə 56 saniyəyə qət edib. Nəhayət, yarışların son mərhələsi - qaçış zolağını R.Pevtsov 31 dəqiqə 1 saniyə nəticəsilə bitirib. Ümumi hesablamada Pevtsov 1 saat 48 dəqiqə 41 saniyəylə ikinci yeri tutub. Başqa beynəlxalq yarışlarda da iştirak edən idmançılarımızdan yaxşı nəticələr gözlənilir.
İlk Avropa Oyunlarına hazırlıq - gələcəyə doğru ümidlər
Bakıda keçiriləcək Avropa Oyunlarının triatlon marşrutu işiylə, bu sahədə peşəkarlığını sübut etmiş ingilis mütəxəssis Con Land məşğul olur.
Bakı 2015-də triatlon turniri paytaxtdan 30 kilometr aralıda keçiriləcək. Bu, həmin idman növünün özəlliyindən irəli gəlir. Burada bütün tələblərə cavab vermək çox vacibdir. Yarışların yerinin hazırlanmasına dair işlər artıq başlanıb və martın sonunadək tam yekunlaşmalıdır. Mayın əvvəlində isə test yarışları həyata keçiriləcək. Triatlon yarışlarının yerinə dair indiyədək geniş müzakirələr aparılıb. Hazırda ATİ Avropa Oyunlarında təmsil olunacaq texniki personalın siyahısının hazırlanması üzərində iş aparır.
Bu məqsədlə müxtəlif ölkələrin milli federasiyalarına onların
təmsilçilərinin bu mötəbər yarışlara cəlb edilməsinə dair sorğular
göndərilib. Bu zaman mütəxəssislər ATİ-nin birinci, ikinci və
üçüncü dərəcələrinə malik olmalıdırlar. Avropa Oyunlarının
proqramına əsasən, texniki işlərlə məşğul olan rəsmilər Bakıya
triatlon yarışlarına iyunun 9-da gələcək. Səfər isə iyunun 16-da
başa çatacaq.
Yaxın vaxtlarda ATİ-nin İcraiyyə Komitəsinin toplantısında Bakıda
keçiriləcək Avropa Oyunlarının texniki rəsmi şəxslərinin siyahısı
təsdiqlənəcək. Bu seçimi isə ispaniyalı Xorxe Qarsiya və macar Bela
Varqa kimi peşəkarlar aparacaqlar.
Bakı 2015 Avropa Oyunlarında triatlon yarışı iyunun 13-də qadınlar arasında, iyunun 14-də isə kişilər arasında keçiriləcək. Hər iki yarışda 65 idmançı üzgüçülük, velosiped sürmə və qaçış üzrə keçiriləcək yarışda qızıl medal uğrunda mübarizə aparacaq. Hər bir yarışın qalibi Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Triatlon üçün təsnifat yerləri bu idman növü üzrə 2014-cü ildə keçirilmiş Avropa Çempionatına, digər yarışların reytinqinə, yerli MOK üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən müəyyən olunacaq.
ATF-nin idarə heyətinin sədri Azər Məhərrəmov gələcəklə bağlı belə açıqlama verib:
“Bizim məqsədimiz çox konkret və sadədir - triatlonun ölkədə gənclər arasında, müxtəlif şəhər və bölgələrdə inkişaf etməsi, sevilməsi üçün əlimizdən gələni eləmək. Bu böyük məqsədə doğru ən önəmli yol da Bakı Avropa Oyunlarıdır. Bu yarışlara veriləcək qiymət nə vaxtsa tarixə düşəcək, bu, çox böyük bir anlayışdır, onun əhəmiyyətini və nə qədər vacib olduğunu biz indi anlaya bilmərik. Bununla belə, növbəti mərhələ olaraq bizim üçün Riodakı Olimpiada böyük əhəmiyyət kəsb edir. Əlbəttə, lisenziya qazansaydıq xoşbəxt olardıq. Biz Olimpiadaya heç olmasa bir vəsiqə qazanmağı nəzərimizdə tutmuşuq. Daha bir məqsədimiz - dünya triatlon tarixində layiqli yer tutmaqdır ki, burada da əsas məsuliyyət birinci və gənclərdən ibarət yığmaların üzərinə düşür”.
Aygün İlqarqızı
-
Sosial12:32
Bakıdan Minvoda uçan təyyarəyə dron hücumu: geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA