Müsavatda qarşıdurma yenidən qızışır
Bizi izləyin

Nida.az

Müsavatda qarşıdurma yenidən qızışır

“Rövşən Dəmirlini böyük hay-küy salıb. Əslində o, indi anasının yanında olmalı idi. Zəng edib anasının vəziyyətinin pis olduğunu və kəndə getdiyini dedi. Deməli, bu bəhanəymiş”.

Bunu Publika.az-a açıqlamasında Müsavat partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin ittihamlarına münasibət bildirərkən deyib.

MNTK sədri R. Dəmirli ilə yaxşı münasibətlərinin olduğu üçün ona inandığını bildirib: “Onun rəhbərlik etdiyi Suraxanı rayon təşkilatının 4 üzvünün şikayət ərizəsi MNTK-ya daxil olub. Ərizədə deyilir ki, onlara Şura iclasının vaxtı və yeri barədə məlumat verilməyib. Adətən, Suraxanı rayon təşkilatı öz iclaslarını partiyanın qərargahında keçirirdi və hamıya zəng edib xəbər verirdilər. Partiya nizamnaməsində də göstərilib ki, rayon təşkilatının Şura iclasını təşkilat sədri çağırır. O, buna məcburdur. Heç bir Şura üzvünün hüququnu pozmağa ixtiyarları yoxdur. Hamının Şura iclası barədə xəbəri olmalıdır.

Rövşən Dəmirliyə zəng etdim ki, niyə üzvlərə zəng edib iclasın yeri və zamanı barədə deməmisiniz? Dedi ki, “Facebook”da bu haqda məlumat yaymışdıq, zəng edib deməmişdik. Özü bunu boynuna alır. Mən “Facebook” nə vaxtdan Şuranın çağırılması haqda vasitə olub?” deyə soruşdum. İclas barədə hər kəsə məlumat verilməli idi. Şura iclasını kiminsə evində keçirmək nə deməkdir? Rəsmi qərargah ola-ola Şuranı evdə keçirmək hansı qaydalara sığır?”

S. Hüseynova R. Dəmirlinin MNTK-ya çağırılmasına da aydınlıq gətirib.

“Məqsəd şikayət ərizəsinə aydınlıq gətirilməsi idi. Rövşən bəy yalan danışmır. Kifayət qədər yetkin adamdır, inanmıram belə bir şeyə görə anasını bəhanə gətirsin. Anasının 90 yaşı var, yəqin ki xəstədir, ona baxmağa gedib. Sadəcə bu səs-küyü başa düşmürəm. Onun MNTK-ya çağırılması barədə xəbəri mediaya yaymağın nə əhəmiyyəti var? Nədən qorxurlar, niyə çəkinirlər? Qəti şəkildə deyirəm, Arif Hacılı bu məsələdə nə təzyiq göstərib, nə də kimisə öyrədib. Arif Hacılının adının hallandırılması doğru deyil. Arif bəy ümumiyyətlə belə şeylərə qarışmır. Müsavatçıların öz hüquqlarını qorumaq üçün ağılları çatmır? 4 nəfərin hər biri səviyyəli və yetkin, ali savadlı insanlardır. Onları kiminsə öyrətdiyini demək ayıbdır”, - deyə o vurğulayıb.

MNTK sədri xatırladıb ki, 2010-cu ildə partiya tərəfindən Arif Hacılının namizədliyi 30-cu dairədən verilmişdi: “Müsavatın Suraxanı rayon təşkilatı olaraq onların Arif bəyi dəstəkləmək borcları idi. Onlar bunu minnətlə etməməlidir. Arif bəyin namizədliyi partiya tərəfindən verilmişdi, təbii ki, dəstəklənməli idi. Hansı təzyiqlərin olduğunu desinlər? Əgər 4 nəfər ərizə yazıb Şuraya çağırılmadığını deyirsə, bu təzyiqdir? Şuranın qərarı bunlar tərəfindən müzakirə olunmadan Divan tərəfindən ləğv edilərsə, bu, təzyiq olardı. 4 nəfər haqq və hüququnu tələb edir ki, iclas barədə niyə deməmisiniz? Bu adamlar qara yaxmaqla məşğuldurlar”.

Qeyd edək ki, R. Dəmirli MNTK-ya çağırılmasının əsas səbəbinin Vurğun Əyyubun deputatlığa namizədliyini dəstəklədikləri olduğunu deyib.

“Təşkilatın Şura toplantısında iki nəfər - Misir Məhəmmədoğlu və Fəxri Mehdiyev bilərəkdən iştirak etməyib. Biz onları məlumatlandırmışdıq. Bu şəxslər Şuranın çıxardığı qərardan MNTK-ya şikayət ediblər. Keçirdiyimiz iclasda Şuranın 19 üzvündən 12-si iştirak edib. Bu da kvorum deməkdir. MNTK-nın qərarı heç bir əhəmiyyət daşımır. Kim Müsavat rəhbərliyinin dediklərini etmirsə, “MNTK” adlandırdıqları qurumla cəzalandırırlar. Təxminən bilirəm nə qərar verəcəklər. Deyəcəklər ki, Şuranın qərarı legitim deyil və beləcə Müsavat Məclisində də həmin şikayət əsasında Vurğun Əyyubun və digər iki nəfərin namizədlik məsələsi qaldırılmayacaq. Yenə də deyirəm, qərardan asılı olmayaraq, biz sona qədər Vurğun Əyyubu müdafiə edəcəyik”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm