Dmitri Yablonski: “Azərbaycan dünyanı işıqlandıra bilər”
Bizi izləyin

Art

Dmitri Yablonski: “Azərbaycan dünyanı işıqlandıra bilər”

Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun uğurlu layihələrindən biridir. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski deyib.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında gənc muğam ifaçılarının çıxışı, konsertlərdə səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi bayram ab-havası hökm sürür.

“Bura gələn xarici qonaqlar Azərbaycanın sürətli inkişafı, insanların adət-ənənələri və mədəniyyəti, milli musiqisi, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Yerli və xarici musiqiçilər, tamaşaçılar bir-biri ilə münasibət qurur, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri aparırlar. Festival onu göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyanı işıqlandıra bilər”, - deyə Dmitri Yablonski bildirib.

Dünya şöhrətli violonçel ifaçısı azərbaycanlıların həmişə sülh, tərəqqi istəyən bir xalq olduğunu qeyd edərək deyib: “Bu festivalda bir çox xalqların musiqiçiləri iştirak edirlər. Biz istəyirik ki, dünyada insanlar sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Əminəm ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək və burada ən gözəl klassik əsərlər sənətkarların canlı ifasında dinləniləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm