“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr olundu - FOTO
Bizi izləyin

Art

“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr olundu - FOTO

“Mədəniyyət/Culture” jurnalı mart-aprel sayı ilə qarşınızdadır, əziz oxucular.

Bu sayın Zəfərli Novruz əhvali-ruhiyyəsi üz qabığından başlayaraq bütün kontentdə özünü göstərir. Ölkə Prezidentinin bayram müraciəti ilə başlayan dərgi Mədəniyyət nazirinin Novruz təbriki və daha sonra nazirliyin postmüharibə dövrünün fəaliyyətini əks etdirən ən vacib xəbərlərlə davam edir. Zəfər Muzeyinin inşası və nazirliyin vətənpərvərlik mövzusunda müsabiqəsinin qalibi Akif Azalpın müəllifi olduğu “Şəhid türküsü” şeiri şəhidlərimizin müqəddəs ruhuna həm də redaksiyanın ehtiramı kimi səslənir.

Bu sayımızda “Yaşat” Fondunun son məlumatları yer alıb - onları ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyevin qələmindən oxuyuruq.

Layihələrimizdən “Mədəniyyətdən Əbədiyyətə...“ Qobustan Uşaq İncəsənət Məktəbinin şəhid müəllimi Rauf Əliyevə; “Səhnədən hərb meydanına...“ isə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev, Akademik Opera və Balet Teatrının əməkdaşı Altun Qaracayevə həsr olunub. Şövkər Səlimovun qələmə aldığı “İçərişəhərin şəhid Fəridi” məqaləsində Vətən uğrunda canından keçən igidimiz Fərid Əliyevin ömür və döyüş yolundan danışılır.

Mədəniyyət Nazirliyinin bu dövrə qədərki “Nizami ilinə töhfələr”i ilə də tanış oluruq bu sayda... İstedadlı alimimiz, mövzuya hakim olan f.d. Akif Azalpın “Nizami və Nəvai” məqaləsi də redaksiyanın bu ilə daha bir töhfəsidir .

“Nəriman Həsənzadə - 90: İnsanlıqda şair, şairlikdə insan” müsahibəsi Xalq şairimizin əməkdaşımız Qurban Cəbrayılla səmimi söhbətidir.

Bu günün uzaqlığından bəzən şairlərimizin erkən çağlarına da dönmək lazım gəlir, necə ki, alimlərimizdən Yaşar Qasımbəyli nakam şairimiz Əli Kərimin yaradıcılığına nəzər salıb.

“Musiqi”də, hamını narahat edən üzdəniraq qonşularımızın bizdən oğurladıqları təsniflərin tarixçəsindən bəhs olunur.

“Teatr” rubrikası iki yazı ilə rövnəqlənib: professor İlham Rəhimlinin “Bitdi qürbət həsrəti” Ağdam teatrının dönüşündən və Samirə Behbudqızının tərcüməsində məşhur Jan Lui Barronun Teatr haqqında düşüncələrindən...

“Rəngkarlıq” monumentalçı rəssam Oqtay Şıxəliyevin zəngin irsinə bir pəncərədir.

Artıq daimi müəllifimizə çevrilən Türkiyədə yaşayan həmkarımız İbrahim Nəbioğlu yarımçıq və natamamın fəlsəfəsindən bəhs edir “Düşüncələr”də...

“Uzaqdakı yaxınlar”da Yavər Nemətli bu dəfə artıq konyalı həmyerlimiz Aynur Elxan Nayiri Vətənlə qovuşdurub.

Mədəni irsimizin ən vacib mövzusu hər zaman Qarabaq, onun mədəni irsi, abidələri , təbiəti, turizm potensialı və möhtəşəm Zəfərimizdir!

“Elm” rubrikamız isə hər zaman olduğu kimi, Azərbaycanın elmi potensialının göstəricisi olaraq qalır.

Ümid edirik ki, marağınızdayıq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm