Art
Sözün hər mənasında böyük azərbaycanlı: O, yaradıcılığına hansı şeirlə nöqtə qoyub?
İnsandır hər şeyi mənalandıran,
Saat nə gərəkdir zaman olmasa.
Bir dağın, bir çayın gözəlliyini,
Söyləyin, kim duyar insan olmasa.
Hər şeyi olduğu kim duyan, görən, bəzən görmək istədiklərini görə bilməyəndə üsyan edən, şerləri ilə bunu aydın şəkildə oxucusuna çatdıra bilən idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadim Bəxtiyar Vahabzadə.
Publika.az xəbər verir ki, bü gün böyük şairin anım günüdür. Bəxtiyar Vahabzadənin zahiri görünüşü, davranışı, danışığı, hadisələrə baxışı da özünəməxsus idi. Şairin bəxtiyarlığı ancaq sözlərinin sərrastlığında, hədəfi düzgün nişan almasında idi həm də…
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək, o heç ürək deyil.
O heç mənə gərək deyil!
Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində dünyaya gəlib. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüblər. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Gənc Bəxtiyar yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan başlayaraq mütəmadi dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, qoxmazcasına, açıq şəkildə təsvir edilir.
İllər keçdikcə şairin qələmə aldığı mövzuların dairəsi genişlənir. Vahabzadənin əsərlərində yaradıcı ziyalı obrazlarına, Avropa və Şərq ölkələrindəki hadisələrə və onların qəhrəmanlarına rast gəlinir. Bəxtiyar Vahabzadənin bədii əsərlərinin qəhrəmanlarının bir qismi ədəbi-tarixi şəxsiyyətlərdir. Bunların sırasında özünü "qəm karvanının saribanı" adlandıran Məhəmməd Füzuli, lazım gələrsə sümüyünü də xalqı yolunda əritməyə hazır olan, böyük cəsarət və bədii qüdrət sahibi Mirzə Ələkbər Sabir, eləcə də müdrik Nizami Gəncəvi, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və başqalarının yaddaqalan obrazları xüsusi yer tutur.
Bəxtiyar Vahabzadənin qələmə aldığı ağrılı mövzulardan biri 20 Yanvar faciəsi ilə bağlıdır. Şairin "Şəhidlər" poeması bu baxımdan ən dəyərli əsərlərindəndir.
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz və özünəməxsus yeri və rolu olan İstiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli qələmi və kəlamları ilə fərqlənməyi bacarıb hər zaman.
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Bəxtiyar Vahabzadə Azərbaycan və azərbaycançılıq mövzusunu "Ata yurdu”ndan - səs-söz, ifadə, motiv, təsvir-təhkiyədən tutmuş, soy-kök, od-ocaq, gen-yaddaş, torpaq, vətən və dünya genişliyinə qədər ifadə edib.
Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Bəxtiyar Vahabzadənin 1950-cı illərdən başlayan məhəbbət şeirləri ruhən doyumsuzluğun ifadəsi olub poetik "Mən”i haldan-hala salıb, onu bəzən sərt, bəzən mülayim, bəzən məmnun, inkarçı, müdrik, adi, bəzən də filosof, sadəlövh edib…
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.
Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutub. Şair 1950-2000-ci illər ərzində "Ana və şəkil”, "Ana türbəsi”, "Ana”, "Körpə nəfəsi”, "Lay-lay”, "Doğum evində”, "Ana dili”, "Ana hədiyyəsi”, "Ana və balalar”, "Mənim anam”, "Ekran qabağında”, "Anama giley”, "Şəhid anası”, "Ana birsə”, "Mənim ana dilim”, "Anam öldümü”, "Anam təzədən böyüyür”, "Anam haqqında şeirlər”, "Ana dedim, qarşımda bir gözəl səhnə açıldı” və bu kimi gözəl poeziya nümunələri yaradıb.
Dil açanda ilk dəfə, ana söyləyirik biz.
Ana dili adlanır bizim ilk dərsliyimiz.
Bu dil bizim ruhumuz,
Eşqimiz, amalımızdır,
Bu dil bir-birimizlə
Əhdi-peymanımızdır...
Bəxtiyar Vahabzadənin adı həm də Azərbaycan teatrı ilə sıx bağlıdır. Onun “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib. Vahabzadə 60-dan çox şeir kitabının, 10-dan artıq monoqrafiya, 20 poema və 9 pyes, 200-ə qədər elmi-nəzəri və publisistik məqalə, 12 cilddə "Əsərləri”n müəllifidir. Şairin əsərləri dünyanın bir çox dillərinə – ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, eyni zamanda keçmiş Sovet Birliyi xalqlarının dillərinə tərcümə olunub.
Hər şeydən əvvəl o, böyük azərbaycanlı idi sözün hər mənasında. Şairin ölümündən əvvəl yazdığı son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında qələmə alınıb. Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən Bəxtiyar Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Şair 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Dibçəkdəsən, qəfəsdəyəm.
Sən əlacsız, mən xəstəyəm.
İndi özgə həvəsdəyəm,
-Ağlar zədən-zədən bülbül.
Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır
Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül.
Cəmilə Hətəmxanova
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO