Art
Şərq və Qərb ənənələrini qovuşduran dahi: Onun əsərləri haralarda səslənməyib ki...
Azərbaycan musiqi sənətinin Uca zirvəsi... Günəşli zirvəsi... Vüqarlı zirvəsi... Azərbaycan musiqisinə "Min bir gecə"ni, "Şur"u, "Azərbaycan kapriççiosu"nu, "Sevil"i və bu kimi saysız musiqiləri bəxş edən, öz yolu, öz imzası, öz üslubu olan təkrarsız bəstəkar Fikrət Əmirov. 20 fevral unudulmaz bəstəkarın anım günüdür.
Publika.az anım günündə dünya şöhrətli Fikrət Əmirovu yad edir.
"Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir". F. Əmirovun bu sözləri onun sənət devizidir. Və biz bu sözlərin təsdiqini onun yaratdığı irili-xırdalı bütün əsərlərində, həyatının bütün dönəmlərində, fəaliyyətinin bütün sahələrində müşahidə edirik, görürük və duyuruq.
Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. Bəstəkar musiqinin bir çox janrlarında yazıb-yaradıb. Onun "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd-Ovşarı", "Gülüstan Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka və fortepiano üçün "Müğam-poema"sı, süitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin əvəzsiz əsərləri hesab olunur.
1922-ci il noyabrın 22-də Gəncədə anadan olan Fikrət Əmirov əslən Şuşalıdır. Şuşada anadan olan atası Məşədi Cəmil Əmirov öz dövrünün məşhur bəstəkarı olub. Balaca Fikrətin musiqiyə böyük marağı məhz atasından keçib. Hələ kiçik yaşlarından atasının əsərlərinə qulaq asması onun gələcəkdə çox böyük bir bəstəkar olmasına təsirsiz ötüşməyib.
1928-ci ildə atasını itirən Fikrət Əmirov ailənin bütün qayğılarını öz üzərinə götürüb. Yaşadığı çətinliklərə baxmayaraq atasının sənət yolunu da davam etdirir. Bacısı Yaxşı xanımın ifa etdiyi mahnıları tarla müşayiət etməyə başlayır. Bu ifalar onlara məktəbdaxili və xarici bol uğur qazandırır. Uşaq Yaradıcılıq Akademiyasında özlərini sınamağa qərar verən Əmirovlar burada istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyli ilə tanış olurlar.
1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı orta musiqi məktəbini də bitirərək Bakıya gələn Fikrət Əmirov konservatoriyaya daxil olur. Fikrət Əmirov Bakıda olarkən Bülbülün yanına gəlir. O isə onu Üzeyir Hacıbəylinin yanına gətirir. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli olur. Fikrət Əmirovun aforizmə çevrilən "Biz hamımız Üzeyir məktəbindən çıxmışıq" sözləri də bunun sübutudur. Bax belə parlamağa başlayır Əmirov ulduzu. Bəstəkarın yaradıcılığında böyük Bülbülün də özünəməxsus rolu olub. O, Bülbülü Azərbaycan musiqisi haqqında dərin, mənalı bir kitaba bənzədərək, onu "əsərlərinin ən yaxşı dostu, məsləhətçisi və köməkçisi" adlandırıb hər zaman.
1941-ci ilin noyabrında Fikrət Əmirov orduya çağırılır. 1942-ci ildə Voronej cəbhəsinə göndərilir. 1942-ci ildə xəstəliyi ilə əlaqədar olaraq ordudan tərxis olunur. O, Gəncəyə gəlir və yaradıcılığına davam etməyə başlayır. Gəncə Dövlət Filarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında bir neçə tamaşaya musiqi yazır. Yeri gəlmişkən, Fikrət Əmirov da gənc bir tarzən kimi Gəncə Dövlət Filarmoniyasının ilk solistlərindən olub. 1943-cü ildə Bakıya qayıdan Fikrət Əmirov konservatoriyadakı təhsilini davam etdirir. Konservatoriyada Fikrət Əmirov şəxsən Üzeyir bəy tərəfindən dəvət olunmuş Boris Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnib.
Fikrət Əmirov 1952-ci ildə həkim Aidə Əmirova ilə ailə həyatı qurur. Cütlüyün Cəmil və Sevil adlı övladları dünyaya gəlir. Fikrət Əmirov 1979-cu ildə yazdığı "Min bir gecə" baletini həyat yoldaşı Aidə xanıma həsr edib. Bəstəkarın ilk övladı Sevil Əmirova Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Sevil Əmirova Mir-Həmzə Əfəndiyev ilə ailə həyatı qurub. Bu evlilikdən Nəzrin və Ömər adlı övladları var. Fikrət Əmirovun ikinci övladı Cəmil Əmirov 1990–2001-ci illərdə müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələyib. Prezident təqaüdçüsüdür. 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Bəstəkarın yolunu layiqincə davam etdirən nəvəsi Nəzrin Əfəndiyeva pianoçu, bəstəkardır. O, bir çox fəxri mükafatlara layiq görülüb. Yaradıcılığında müxtəlif musiqi janrında 20-dən çox mahnı, bir çox kompozisiya və aranjman yer alır.
Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Geniş və rəngarəng yaradıcılığa sahib olan bəstəkar musiqinin bir çox janrında əsərlər yaradıb. “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, "Muğam" poeması milli musiqi irsimizin ən sanballı nümunələri sırasında yer alır. “Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılır.
Fikrət Əmirovun yaradıcılıq üslubu iki özəyin – Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranıb. Elə bu səbəbdəndir ki, bəstəkarın əsərləri dünyanın ən böyük konsert salonlarında səslənərək, Niyazi, Stokovski, Münş, Abendrot, Svetlanov, Rojdestvenski, Raxlin kimi görkəmli dirijorların repertuarını bəzəyib.
Bu yerdə bəstəkarın musiqisini yazdığı kinofilmlərdən birinin adını xatırlayıram: "Böyük dayaq". Doğrudan da Fikrət Əmirov milli və professional musiqimizin böyük dayağıdır. O dayaq ki, sütunları illər keçsə də möhkəm və olduğu kimi qalacaq. “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub” deyən dahi bəstəkar zamanın hər dönəmində öz aktuallığını, onun musiqilərinə olan sevgini qoruyub saxlayacaq. Necə ki, bunu sağlığında elə özü də təsdiq edib.
Cəmilə Hətəmxanova
-
Dünya08:00
Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi