Art
Hər gün bizi Bakıya salam verməyə vadar edən Xalq artisti: O, hansı stereotipləri dağıdıb?
İllərdir hər səhərimiz onun "Bakı, sabahın xeyir" mahnısı ilə açılır...
Bu mahnı bir gecədə bəstələnib. "1970-ci illərdə İslam Səfərli gecə saat 01:00-də mənə zəng edib dedi ki, Bakı üçün şeir yazıb. "Yalçın, Bakıya çox adam şeir yazıb. Amma heç kim Bakıya "Sabahın xeyir” deməyib. "Bakı, sabahın xeyir” adlı bir şeir yazmışam” dedi. Həmin gecə şeiri diktə etdi, mən də yazdım. Bunun ardınca Emin Sabitoğlu ilə danışıb, bu şeirə mahnı bəstələməsini xahiş etdim. Mən şeiri oxudum, Emin Sabitoğlu misraları yazdı. Bununla bağlı ayrıca görüşməli idik. Ancaq mahnı gözlənildiyindən də tez bəstələndi. Səhərə yaxın Emin mənə zəng edib dedi ki, Yalçın, mahnı hazırdır. Mən isə yuxulu idim, ona görə də konkret nədən söhbət getdiyini bilmədim. Sən demə, Emin Sabitoğlu "Bakı, sabahın xeyir” mahnısını bir gecəyə bəstələmişdi...
Publika.az xəbər verir ki, bu gün Xalq artisti Yalçın Rzazadənin anım günüdür.
Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsində dünyaya gəlib. Lənkəran 4 saylı rusdilli məktəbində təhsil alıb. Sənətə uşaqlıqdan böyük həvəs göstərib. Müsahibələrinin birində uşaqlıq dövrünü belə xatırlayır: "3-cü sinifdən başlayaraq məktəb bayramlarında mahnı oxuyardım. Mən yaxşı rəsmlər çəkdiyimə görə məktəbdə redaktor idim. Karikatura, şəkillər çəkirdim. Oxuduğum ali məktəbdə də redaktor idim”.
İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da, atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə, balaca Yalçına mahnılar oxumağı, rəsm çəkməyi öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından gitara dərsləri almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti dəfə ona gitara alınsa da, bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə gizlədir.
Yalçın Rzazadə 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və həmin institutun aktyorluq fakültəsini bitirib. Musiqiyə olan həvəsi onun yolunu 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasından salır. Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində işə daxil olur və rejissor assistenti kimi fəaliyyətə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu” ansamblına dəvət olunur. "Dan ulduzu” yarananda ilk oxuduğu mahnı Cahangir Cahangirovun "Durnalar”ı olur. Yalçın Rzazadəni Azərbaycan dinləyicisinə sevdirən də elə məhz bu ifa olur.
Bir zaman havada qanad saхlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Bir хəbər vеrsəniz bizə, durnalar!
1970-ci illərin əvvəlində bəstəkar Oqtay Kazımi ilə işbirliyi uğurlu alınır. Bəstəkarın "Taleyim mənim”, "Əlvida”, "Bakının qızları”, "Heyf” kimi onlarla mahnısına Yalçın Rzazadə möhürünü vura bilir sənətkar.
Müğənninin bəstəkar Emin Sabitoğlu ilə işbirliyi yaradıcılğında yeni bir parlaq səhifə açır.
Yalçın Rzazadə səhnədə təkcə ifa tərzi ilə deyil, həmçinin geyim tərzi ilə də fərqlənirdi. Bu baxımdan ona Avropa sənəti, ritmi ilə Azərbaycan milli musiqisini birləşdirən sənətçi də deyirdilər, Azərbaycanla Avropa arasında körpü də...
"İlk oxuduğum mahnıdan mənim geyimim nəinki Azərbaycan, sovet məkanı üçün də qeyri-adi idi. Azərbaycanda kişilərə heç üzük taxmağa icazə vermirdilər, mən isə saçaqlı kovboy pencəyi, şlyapası ilə səhnəyə çıxırdım, zəngin geyimlər geyirdim. Bu geyimlərlə sərhədi aşmırdım. İnsanlar axşam işdən evə gəlirdilər. Qəzetlərdə də yazırdılar ki, filan vaxt Yalçın Rzazadənin konserti olacaq. Hamı oturub Yalçının nə oxuyacağı ilə bərabər, nə geyinəcəyini də gözləyirdi. Mən o stereotipi sındırmışdım. Geyimdən başqa mənim oxuyacağım mahnılar, stil yeni idi”.
Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarların mahnılarını böyük sevgi ilə ifa edib hər zaman Yalçın Rzazadə. Böyük Simfonik və Estrada Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər.
İfaçılıqla yanaşı, Yalçın Rzazadənin çox böyük aktyorluq bacarığı da var idi. Yalçın Rzazadə "Od içində" filmində baş rolu canladırıb. Həmin filmdən sonra bir neçə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub sənətkar. Xalq artisti son günə kim Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Kitablarla da çox böyük dost olub. Cek London, Fenimor Kuper kimi yazıçıları sevib. Cabir Novruzla möhkəm dostluq edib. Yalçın Rzazadə həm də idmançı idi. O, karate üzrə iki dəfə çempion olub. İdman həyatı ilə bağlı “Oğlaq bürcü” adlı film çəkilib. Azərbaycanda ilk motosiklet sürən şəxslərdən biri də elə məhz Yalçın Rzazadədir. Qəza keçirib ayağını sındırandan sonra motosikletə birdəfəlik əlvida deyib. Maşın həvəskarı olan müğənni xarici ölkələrə gedəndə oradan oyuncaq maşınlar alar, kolleksiya toplayardı.
3 oğul atası idi Yalçın Rzazadə. Oğlu Mətin Rzazadə hazırda atasının sənət yolunu davam etdirir. Özü isə övladlarının heç vaxt müğənni olmasını istəmirdi. Uşaqlıqda atası onun müğənni olmasını istəmədiyi kimi…
Yalçın Rzazadə 2021-ci il, fevralın 22- də, 74 yaşında vəfat edib. Öz istəyinə uyğun olaraq Lənkəranda dəfn olunub.
"Durnalar", "Sevgi mahnısı", "O gözlər", "Gecə yaman uzundur" və daha neçə-neçə mahnılara ölməzlik bağışladı Yalçın Rzazadə. Musiqi tariximizə bəxş etdiyi əvəzsiz ifa, təkrarsız səs və biri-birindən gözəl mahnıları ilə hər zaman ürəklərə yol tapmağı bacaran sənətkar, ruhunuz şad olsun.
Cəmilə Hətəmxanova
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO