• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

Azərbaycandan 5 milyard çıxaranlara cəza tələbi – Məhkəmə

  • Kriminal
  • 29 May 2019 12:46
  • 698 Baxış
Azərbaycandan 5 milyard çıxaranlara cəza tələbi – Məhkəmə

Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror hər iki şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses iyunun 7-də davam edəcək. İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. Malik Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Azər Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. Malik Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konvertasiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ülkər Nəbiyev və Arzu Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri, köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, Malik Əliyevə təqdim ediblər. Rüfət Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün Malik Əliyevlə Vidadi Əliyevə təqdim edib. Bu qayda ilə Malik Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb. Xatırladaq ki, Malik Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işində adı çəkilən şəxslərin barəsində isə ayrıca icraatda araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR