Belarus paytaxtından Bakıya qaçdı - CİNAYƏT İŞİ
Bizi izləyin

Kriminal

Belarus paytaxtından Bakıya qaçdı - CİNAYƏT İŞİ

Belarusda tanışını bıçaqlamaqda ittiham olunan Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Tural Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə Belarus Respublikası, Minsk şəhəri, Kalvariyskaya küçəsi, ev 1 ünvanın yaxınlığında baş verib.

Tural Fərəcov sərxoş vəziyyətdə olarkən tanışı Dyadyuk İvan Oleqoyiçlə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

O, yaranmış qarşılıqlı münaqişə zamanı ağır bədən xəsarətləri niyyəti ilə İvan Dyadyuka qarşı qəsdən zorakılıq tətbiq edib. Onun başına və bədəninin müxtəlif yerlərinə üzərində gəzdirdiyi bıçaqla dörd zərbə vurub.

İvan Dyadyuka vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Tural Fərəcov Azərbaycana gəlib. O, Bakı şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Tural Fərəcovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Fərəcov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tural Fərəcovun vəkili apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin həbsdən azad olunmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan müdafiəçi kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayətinin araşdırılması başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm