Həbsdə olan general: Söyüş söyməmişəm, hədə-qorxu gəlməmişəm...
Bizi izləyin

Kriminal

Həbsdə olan general: Söyüş söyməmişəm, hədə-qorxu gəlməmişəm...

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin istintaqa verdiyi ifadəsi məlum olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Mövlam Şıxəliyev istintaqa ifadəsində özünü təqsirli bilməyib.

O bildirib ki, iş adamı Hüseyn Səfərov MTN-in istintaq baş idarəsində təqsirləndirilən şəxs kimi dindirilib: “Hüseyn Səfərovla heç bir münasibətim və əlaqəm olmayıb. “Texnikabank”ın filial müdiri Zal Yusifov tərəfindən aldadılaraq 50 min manatı alınmış bir nəfərin Baş Prokurorluqdan ərizəsi daxil olmuşdu. Həmin ərizə ilə bağlı cinayət işi başlanmış və Hüseyn Səfərov həmin iş üzrə dindirilməsi üçün istintaq baş idarəsinə dəvət edilmişdi. Hüseyn Səfərovu həmin vaxt görmüşəm.

Cinayət işini aparan müstəntiq Vüsal Ələkbərova baş idarə rəisi kimi göstəriş verdim ki, istintaqı obyektiv aparsın. Hüseyn Səfərovla heç bir münasibətim və əlaqəm olmayıb. Amma Hüseyn Səfərov bir neçə bayramda mənə zəng edib, bayramımı təbrik edib. Bu danışıqlar zamanı hər hansı bir problemi, o cümlədən pulla bağlı mənimlə söhbət etməyib.

Vüsal Ələkbərova Hüseyn Səfərovdan hər hansı məbləğdə pul istəməsi göstərişi verməmişəm. Onların ikisinin arasında gedən söhbətlərdən xəbərim olmayıb. Vüsal Ələkbərov qanunun tələblərinə görə, sərbəst, müstəqil, prosessual şəxs olub, qəbul etdiyi qərara özü məsuliyyət daşıyıb”.

Mövlam Şıxəliyev deyib ki, iş adamı Mehrac Qurbanovu, həmçinin onun barəsində rəhbərlik etdiyi baş idarədə hansısa araşdırmanın aparılıb-aparılmamasını xatırlamır: “Tabeliyimdə olan şöbə rəisi Vüsal Ələkbərovla, həmçinin təşkilatı qaydalarla uyğun olaraq müavinim Təhsin Ağayevlə Mehrac Qurbanov barəsində hansısa söhbətim olmayıb”.

General deyib ki, iş adamı Elşən Mədətovun onun əleyhinə verdiyi ifadələri əsassızdır: “Elşən Mədətov ümumilikdə 250 min dolları MTN-in komendaturasından keçirə bilməzdi. Vüsal Ələkbərovla Elşən Mədətov barədə heç bir söhbət eləməmişəm. Belə bir adamı tanmıram. Heç vaxt istintaqa müdaxilə etməmişəm. İstintaqa müdaxilə etmək mənim vəzifəmə aid olmayıb.

Mənim rəis kimi vəzifəm yalnız təşkilati tədbirləri həyata keçirmək idi. Elşən Mədətovla Vüsal Ələkbərovun arasında olan söhbətdən xəbərsizəm”.

Mövlam Şıxəliyevin sözlərinə görə, işlədiyi baş idarənin şöbə rəisi Vüsal Ələkbərovun Bahəddin Sultanovdan 500 min manat tələb etməsi və almasından da xəbəri olmayıb. O, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Etibar Əliyevin əmlakının ələ keçirilməsi epizodu üzrə təqsirləndirilməsini əsassız hesab etdiyini bildirib, ətraflı ifadə verməkdən imtina edib.

General qeyd edib ki, toylarda, o cümlədən “Buta Palace”də bir çox tanışları ilə görüşüb: “Lakin Akif Qurbanov adlı şəxsi, onunla görüşdüyümü xatırlamıram. Heç vaxt Etibar Əliyevin ünvanına nalayiq söyüşlər söyməmişəm, heç kim mənə buna görə cavab qaytarmayıb. Akif Qurbanova hədə-qorxu gəlməmişəm. Onun Vüsal Ələkbərovla nə kimi söhbətlər aparmasından xəbərsizəm. Akif Qurbanovun barəsində Təhsin Ağayev və Vüsal Ələkbərovla söhbətim olmayıb. Akif Qurbanovun Vüsal Ələkbərovla əlaqəsindən məlumatsızam”.

Mövlam Şıxəliyev ifadəsində digər ittihamlar üzrə ifadə verməkdən imtina edib.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm