İşgüzar qadınlar üçün bahar stilləri – FOTOLAR
Bizi izləyin

Dəb

İşgüzar qadınlar üçün bahar stilləri – FOTOLAR

İşgüzar qadınlar üçün bahar stilləri – FOTOLAR

2016-cı ilin dəb trendlərində baharın təbiiliyini və sakitləşdirici təsirini özündə əks etdirən yumşaq tonlar əsas yer tutub. Bəs bu təbiiliyi pozmadan bahar rənglərini necə uyğunlaşdırmaq olar?

Baharın gəlişi özünü işgüzar xanımların ofis obrazında da hiss etdirir. Ofis stili cansıxıcı olmasına baxmayaraq, dizaynerlər işgüzar xanımlara şiddətlə mövsümə uyğun rəngləri seçməyi tövsiyə edir. Ofis stili ciddilik tələb etsə də yumşaq rənglər bu stilin əsas tərkib hissələrinə daxil ola bilib. Klassik işgüzar stil yaratmaq üçün yalnız ağ və qara rənglərdən istifadə etmək yeganə çıxış yolu deyil. Payız-qış mövsümündə hamımız tünd geyinməyə adət etdiyimizdən birdən-birə açıq tonlara keçmək çətin ola bilər, ya da baharın yağışlı havaları buna əngəl olar. Publika.az-ın dəb bölməsi bu yazıda bahar rənglərinin bir-biri ilə uyğunluğundan bəhs edib.

Çəhrayı

2016-cı ilin ən dəbdə olan rəngi çəhrayıdır. Başdan-ayağa çəhrayı rəngə bürünməklə olduqca təravətli bir görünüş əldə edəcəksiniz. Çəhrayı ilə soyuq mavinin vəhdəti nəticəsində ecazkar ahəngdarlıq yaranır. Çəhrayının eləcə də öz tonuna yaxın müxtəlif çalarları, yasəmən və boz ilə harmoniyası da uğurlu variantdır.

Şaftalı çalarları

Orijinal şaftalı çalarlarına bu mövsüm aşiq olmamaq mümkün deyil. Dadlı yay meyvəsini xatırladan bu rəng çəhrayı, mavi, ağ, boz ilə, həmçinin gül printləri ilə yaxşı yola gedir.

Mavi

Dizaynerlər bu mövsüm səmanı yerə endirməyə qərar verib. Daha dəqiq desək, kolleksiyaların mavi rəngin müxtəlif çalarlarına böyük yer veriblər. Bu rəng bütün sakitləşdirici tonları özünə cəzb edir. Məsələn, mavinin çəhrayı, yaşılın açıq tonları, ağ, sarı və boz ilə xoş vəhdəti xoş təsir bağışlayır.

Sarı

Sarı xoşbəxtlik saçan, əhvala xoş təsir edən gözəl rəngdir. Digər rənglərdən fərqli olaraq, başdan-ayağa sarı rəngdə geyinmək yaxşı fikir deyil. Sarı rəng güllü parçalar, ağ, mavi və boz ilə asanlıqla uyğunlaşır.

Yasəmən

Lavanda çiçəklərini xatırladan açıq yasəmən əsəbləri sakitləşdirir, ətrafa pozitiv enerji ötürür, insana qəribə rahatlıq bəxş edir. Dəsti bütünlüklə bu rəngdə seçməklə onun sakitləşdirici təsirini ikiqat artırmış olacaqsınız. Açıq yasəmən çalarlarının ağ, boz, açıq mavi, hətta sarı ilə uyğun gələcəyindən şübhə etməyin.

Yaşıl

Təbiəti təmsil edən ən canlı rəng yaşıldır. Yaşıl çiçək naxışları, ağ, mavi, qara və boz ilə qüsursuz ahəng yaradır. Yadda saxlayın ki, başdan-ayağa yaşıl rəngdən istifadə etmək parlaq fikir deyil. O, mütləq başqa rənglərlə birləşdirilməlidir.

Ofis stilini tamamlayan detallar

Ofis stilini pencəklər olmadan təsəvvür edə bilmərik. Daha yumşaq və açıq tonlarda seçilmiş pencək darıxdırıcı və solğun işgüzar stilə xoş ovqat gətirəcək. Belə pencəklər həm ofis stilini tamamlayacaq, həm də mövsümə uyğun olacaq.

Jiletlər də ən az pencəklər qədər aktualdır. Klassik kəsimli jiletlər adətən tək rəng təklif edilir. Onları güllü və ya həndəsi naxışlı paltarlarla birləşdirmək olar.

Don və ya ətək alanda çiçəkli variantlarına üstünlük verin. Çiçək naxışlarının hakim olduğu don və ətəklərin ofis üçün uyğun olmadığını deyirsinizsə, sadə fasonları seçib güllü şərflə obrazı tamamlayın. Şərflər başdan-ayağa eyni rəngdən ibarət olan dəstə bahar əhval-ruhiyyəsi qatacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm