Gülnarə Xəlilova: "Sifarişçiləri təəccübləndirməyi bacaran brendlər azdır"
Bizi izləyin

Dəb

Gülnarə Xəlilova: "Sifarişçiləri təəccübləndirməyi bacaran brendlər azdır"

Moda sənayesinin müasir tələbləri onun keyfiyyətinə və istehsalçı şirkətlərin tikiş üslubuna təsirsiz ötüşmür. Zamanla ayaqlaşan moda evləri qəribə yenilikləri ilə müştəriləri təəccübləndirməyə çalışır. Onlardan biri də dəb sənayesində çoxdan öz yerini tutan səliqəsiz tikişlərdir. Qəribə olsa da, səliqəsiz tikişlər artıq dəb dünyasında qüsur deyil, trend sayılır.

Bu məsələ ilə bağlı məşhur modelyer və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə əlaqə saxlayıb onun fikirlərini öyrəndik. Publika.az xəbər verir ki, modelyer son dövrlərdə tendensiya halını alan səliqəsiz tikiş tərzinə münasibət bildirib. Onun sözlərinə görə, səliqəsiz tikişlər bir neçə il əvvəl dəbə minib, sadəcə, bəzi trendlər kimi o da Azərbaycana bir az gec gəlib:

“Hər bir dizaynerin öz düşüncəsi, öz ideyası və yaradıcılıq fantaziyaları var. Və məhsullarını da ona uyğun hazırlayır. Məsələn, mən dəfələrlə bir çox bahalı brendlərin kolleksiyalarında pencəklərin üzərinə səliqəsiz formada, iri əl tikişləri atıldığını görmüşəm. Bu tikişlər paltarın köklənməsi prosesindən demək olar ki, fərqlənmir. Yaxud altda olmalı olan tikişlərin hamısı çöl tərəfə döndərilir və eləcə də satışa buraxılır. Haradasa 10 il əvvəl mənim kolleksiyamda bu tərz paltarlar var idi. Amma o tikişlər və əl işləri gözəl şəkildə çölə döndərilmişdi, nəticədə çox maraqlı formalar alınmışdı. Bu tikiş üslubuna əslində, kardene deyilir. Kardene tikiş üslubundan bu günədək istifadə olunur, lakin o dönəmdə daha dəbdə idi. Qeyd etmək lazımdır ki, bu gün bir çox brendlər iç tikişləri necə varsa, elə də təqdim edir”.

G.Xəlilova bu dəbə daha çox gənclərin müraciət etdiyini söyləyib: “Nə qədər qəribə səslənsə də, bu dəbi qəbul edənlər var. O xüsusi ilə gənclər tərəfindən sevilir və istifadə edilir. Orta nəslin nümayəndələri bu tərzə çox üstünlük verməsə də, bəyənənlər az deyil”.

Modelyer “Mağazaları gəzərkən yəqin ki, bahalı brendlərin məhsullarının tikişlərinə peşəkar gözü ilə nəzər salırsınız. Onların tikiş keyfiyyəti həmişə yüksək olur və sizi qane edir?” sualına da aydınlıq gətirib: “Həm mağazaları gəzərkən, həm də xanımlar bahalı brendlərdən aldıqları paltarı düzəltdirmək ehtiyacı görəndə aşkar olur ki, o brendlərin iş prinsipləri qazandıqları nüfuza və o qiymətə yaraşmır. Əlbəttə ki, bunu bütün brendlərə və paltarlara aid etmək olmaz, çox səliqəli, keyfiyyətli işlərlə də rastlaşıram. Təəssüf ki, əksər hallarda tikişlər qənaətbəxş olmur. Məsələn, bədən ölçülərində, kəsimlərdə uyğun olmayan məqamlar var. Yaxud da üst və iç tərəfdə düzgün rəngdə iplər işlənmir, təbii olaraq bu da xoş təsir bağışlamır. Ümumiyyətlə, nadir hallarda çox bəyəndiyim, keyfiyyətli işlərlə rastlaşıram”.

Gülnarə xanım sırf əl işi olan paltarların olduqca baha qiymətə satılmasını xüsusi vurğulayıb: “Mağazalarda təmiz əl işi olan paltarlar az olur. Aydın məsələdir ki, paltarlar maşınla kəsilir və tikilir. Yəni, bütün iş prosesi konveyer üsulu ilə gedir. Paltarın əl işi olması isə sözsüz ki, onun qiymətinə birbaşa təsir edir. Çünki robot və təmiz əl işinin qiymətləndirilməsi eyni ola bilməz”.

Gülnarə Xəlilova bahalı brendlərin məhsullarda yol verdiyi qüsurları belə izah edib: “Öz sözünü demiş bəzi brendlər var ki, bəzən onlar da alıcıları nə ilə təəccübləndirməyi bilmir. İşinə həqiqətən də yaradıcı yanaşan və sözün yaxşı mənasında sifarişçiləri təəccübləndirməyi bacaran brendlər azdır. Həmçinin adından sui-istifadə edib çox adi fasonları alıcılara baha qiymətə satan məşhur geyim markalarına da tez-tez rast gəlirik.

İstehsal etdiyi məhsulun aşağı keyfiyyətdə olması markalarının adına ancaq xələl gətirə bilər. Amma alıcıları həmişə aldatmaq olmaz, insanların gözü tərəzidir. Sifarişçilər keyfiyyətli məhsulla keyfiyyətsiz işi dərhal ayıra bilir. Hər halda insan nə qədər gözəl işlər nümayiş etsə və nə qədər yüksəlsə də, işinə qarşı bir o qədər diqqətli olmalıdır. Çünki burda söhbət sənin markan və öz adından gedir. Mən də öz növbəmdə işlərim barədə kiminsə xoş olmayan fikirlər səsləndirməsini istəmərəm. Şəxsən mən hər zaman işlərim barədə müsbət rəylər və layiqli sözlər deyilməsi üçün çox çalışıram”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm