Dünyaya səs salan azərbaycanlı dizayner: "Cibimdə cəmi 400 dollar pul var idi" - MÜSAHİBƏ - (FOTOLAR)
Bizi izləyin

Dəb

Dünyaya səs salan azərbaycanlı dizayner: "Cibimdə cəmi 400 dollar pul var idi" - MÜSAHİBƏ - (FOTOLAR)

"Dekoltenin həddini aşsan, bədənin paltardan çox görünsə, əlbəttə ki, onda xanım da, kişi də sənə baxar".

Jurnalistin ən böyük xoşbəxtliyi ondadır ki, müsahibə almaq istədiyin hər hansı şəxsi yola gətirmək üçün çox dil tökməli olmayasan. Belə müsahiblər isə nadir tapıntıdır. Nədənsə yerli məşhurların (95 faizinin) özünə vurğunluğu o qədər aşıb-daşır ki, bəzən Ancelina Coli, Bred Pitt kimi əlçatmaz olduqlarını düşünürlər. Nəticədə onun dalınca bəzən aylarla qaçmalı olursan. İndi deyəcəksiniz, bütün bunların moda ilə nə əlaqəsi? Əlaqəsi böyükdür. Məsələ ondadır ki, tanınmış dizayner Rüfət İsmayıl yeganə azərbaycanlıdır ki, Milan dəb həftəsində kolleksiyası nümayiş edilib. Dizaynerin müştəriləri arasında Murad Boz, Murad Dalkılıç, Sinan Akçıl Tülin Şahin, Kerem Cem, hətta varlı ərəblər var. Bir sözlə, R.İsmayılın işləri başından aşır. Bütün bunlara baxmayaraq, sadə həmyerlimiz müsahibəyə dərhal razı oldu.

Ötən həftə “Pəri nağılı” adlı yeni kolleksiyası ilə İstanbul dəb həftəsinə damğa vuran "Afffair"in yaradıcısı şəxsi brendini qurmağa başlayanda cibində 400 dollar olduğunu etiraf edib. Özünə geyim almaqdan bezdiyini deyən Rüfət İsmayılın Publika.az-a verdiyi müsahibəni təqdim edirik.

“Mənə paltar hazırla”

- Yeni kolleksiyanız çox uğurlu alınıb. Ümumilikdə hər kolleksiyalarınız maraqla qarşılanır. Uğur düsturunuzu bəlkə bizə də açıqlayasınız…

- Bunun üçün sadəcə işini çox sevmək və çox çalışmaq lazımdır. Bir də Allahın bizə verdiyi şansı qeyd etməmək olmaz. Əgər bundan istifadə etməyi bacarsan və çox çalışsan, onda bütün qapılar üzünə açıq olacaq. Dolayısı ilə də uğur əldə etmiş olacaqsan.

- Səhv etmirəmsə, ilk dəfədir ki dəfilənizdə qadın geyimləri nümayiş olundu. Qadınlar, yoxsa kişilər üçün geyim hazırlamaq daha asandır? Necə düşünürsünüz, geyimləriniz qadınları füsünkar və cazibədar göstərə biləcək?

- Şəxsi brendimi yaratdıqdan sonra Milanda birinci hazırladığım kişi kolleksiyası nümayiş olunmuşdu. Markam tanınmağa başladıqdan sonra qadınların diqqətini gördüm. “Mənə paltar hazırla” deyən xanımlar çox oldu. Düşündüm ki, niyə də yox? Gələn təklifləri nəzərə alaraq qadın geyimləri üzərində çalışmağa başladım. Bu yaxınlarda keçirilən İstanbul dəb həftəsi çərçivəsində ikinci qadın kolleksiyamı təqdim etdim.

- Heç bir dizaynerin üslubunu təkrarlamadan, başqasına bənzəmədən unikal olmaq çox çətindir. Siz bu çətin işin öhdəsindən gələ bilirsiniz?

- Bəziləri kişi kolleksiyalarımın “Tom Ford”-a, bəziləri isə “Phillip Lim”-ə bənzəyidiyini söyləyir. Onlarla razı deyiləm, tərzim adını çəkdiyim brendlərin üslubundan kəskin fərqlənir. Ümumiyyətlə, kimisə təkrarlamaq mənim üslubum deyil.

- Müasir dövrdə moda dünyasında inqilab etmək mümkündür? Sizin kolleksiyalarınızdakı kişi pencəkləri çox fərqli və orijinaldır. Bunu kiçik inqilab adlandırmaq olar?

- Deməzdim, mən öz fantaziyalarımı klassik pencəklər üzərində həyata keçirirəm.

- Hər bir modelyerin onu ilhamlandıran pərisi olur. Hətta modelyerlər kolleksiyasını ilham aldığı şəxsə həsr edir. Sizin ilham pəriniz varmı? Varsa, kimdir və sizi yaradıcılıqda ən çox nə ruhlandırır?

- İlhamı gözəl insanlar, getdiyim gözəl məkanlardan alıram. İstanbul dəb həftəsində nümayiş olunan kolleksiyam “Pəri nağılı” adlanırdı. Əsas ilham mənbəyim pərilər haqqında nağıllar, əfsanələr və cizgi filmləri idi. Bu kolleksiyada çox incə, güclü və özünə güvənən qadın obrazını yaratmağa çalışmışam.

“Qərb xanımı özünə istənilən dekolteni rahatlıqla icazə verə bilər, şərq xanımı isə...”

- Şərq və qərb modası bir-birindən fərqlənir?

- Sözsüz ki, şərq xanımlarının geyimi daha örtülü, qərb xanımların geyim tərzi isə daha seksual, daha açıq-saçıqdır. Qərb xanımı özünə istənilən dekolteni rahatlıqla icazə verə bilər, şərq xanımı isə bu məsələdə daha həssasdır.

- Çoxları kolleksiyalarında etnik, milli geyimlərin bəzi detallarına müraciət edir. Siz, bizim milli geyimlərdəki hansısa elementlərdən, ornamentlərdən və yaxud naxışlardan istifadə etməyi düşünmürsünüz?

- Mən bu günə qədər nə öz ölkəmin, nə də hər hansı başqa ölkənin milli naxış və ornamentlərindən istifadə etməmişəm. Amma xarici ölkələrdə yaşayan həmyerlilərimizə həsr olunam “Azərbaycanlı olduğum üçün fəxr edirəm” adlı kolleksiyamı buraxmışam. Növbəti kolleksiyalarda naxışlar barədə düşünə bilərəm.

“Özümlə qürur duyuram”

- Türkiyəli məşhurları artıq sizin geyimlərinizdə görürük. Tanınmışların markanıza müraciət etdiyini görəndə hansı hissi keçirirsiniz?

- Artıq uzun müddətdir ki, Tülin Şahin, Kerem Cem, Murad Boz və Murad Dalkılıçla işləyirəm. Çox gözəl hissdir. Başa düşürsən ki, insanlar gördüyün işə biganə qalmır, bəyənilir. Və bu insanların, sevilib seçilən, üstəlik dəbdən anlayan simalar olması səni daha da həvəsləndirir. Bu, məni çox xoşbəxt edir. Özümlə qürur duyuram...

“Cibimdə 400 dollar pulum var idi”

- Dizaynerin arzularını həyata keçirməsi üçün böyük maliyyə lazımdır. Siz bu sarıdan çətinlik çəkmədiniz ki?

- Təbii ki, hamı kimi mən də, çətinlik çəkirəm, ailəmdə də müəyyən problemlər olur. Ümumiyyətlə, Türkiyəyə gələndə cibimdə cəmi 400 dollar pulum var idi. Amma bunu özümə heç vaxt dərd etmədim, heç vaxt tənbəllik etmədim, gecə-gündüz çalışıb-vuruşub arzularımı həyata keçirməyə nail oldum. Ən vacibi heç vaxt sınmadım, əksinə daha da irəli getdim və “Afffair” şirkətini qurdum. Allahıma çox şükür edirəm. Türkiyədən, eləcə də Azərbaycandan yeganə dizaynerəm ki, kolleksiyam Milan dəb həftəsində nümayiş olunub.

- Sizin üçün dəb gəlir mənbəyidir, yoxsa, ideya və fantaziyaları həyata keçirməyin, özünü ifadə etməyin bir üsulu?

- Yaradıcı insan üçün dəb ilk növbədə özünü ifadə etməyin bir üsuludur. Rahatlığa çox önəm verir və fantaziyalarımı bu prinsip üzərində qururam.

“Özümə geyim almaqdan bezmişəm”

- Özünüz bahalı brendlərdən geyinməyi sevirsiniz?

- Mənim üçün bahalı olmasının heç bir fərqi yoxdur. Səmimi insanam, “Zara”, “Breshka”, “H&M” kimi demokratik brendləri bəyəndiyimi gizlətməyəcəm. Əlbəttə ki, bahalı brendlərdən də nə isə bəyənə bilərəm, amma “Ay gedim özümə “Versace”-dən nə isə alım” və mütləq bahalı mağazalardan geyinməliyəm deyənlərdən deyiləm. Düzünü desəm, özümə geyim almaqdan bezmişəm (Gülür). Başqaları üçün böyük məmnuniyyətlə paltar hazırlayıram, sadəcə özüm üçün nə isə hazırlamağa vaxtım qalmır. Çox vaxt deyirlər ki, “Sən necə dizaynersən? Bu halda dəfiləyə çıxmaq olar. Ən gözəl paltarların öz üzərində olmalıdır”. Son vaxtlarda o qədər başqaları üçün işləyirəm ki, özümə qarşı soyumuşam. Odur ki, qara rəngli şalvar, köynək, pencək və idman ayaqqabıları ilə kifayətlənirəm. Əgər bəyəndiyim hər hansı bahalı paltar o qiymətə dəyərsə, düşünmədən alaram.

- Qadının ən gözəl aksessuarı nədir?

- Çanta və ayaqqabı.

- Bəs kişinin?

- Kəmər və ya saat.

- Bizi nə yaşlı göstərir?

- Qara, qəhvəyi və bənövşəyi kimi tünd rənglər insanı vizual olaraq olduğundan daha yaşlı göstərir.

- Gözəl geyinmiş xanım görəndə onun haqqında nə düşünürsünüz?

- Xoşbəxt oluram, gözlərim gülür.

- Sizcə, nə üçün qadının üzünün ifadəsi geyimindən daha vacib hesab olunur?

- İkisi də vacibdir, onları bir-birindən ayırmaq doğru olmazdı. Amma bəzən qadının üzü o qədər gözəl, qüsursuz və nurlu ola bilər ki, pis geyinməsinə baxmayaraq, çox bahalı brenddən geyinən qadını kölgədə qoya bilər.

- Builki dəfilədə Rüstəm Cəbrayılovu görmədik. Niyə dəvət etməmişdiniz?

- Rüstəm mənim yaxın dostlarımdan biridir. O, əvvəlki kolleksiyalarımın nümayişlərində iştirak edib. Sadəcə, zamanla brendin yeni və fərqli üzlərə ehtiyacı olur. Növbəti kolleksiyalarımda onunla əməkdaşlığımız istisna edilmir.

- Əgər bir insan xarici görkəmini dəyişmək istəyirsə, nədən başlamalıdır?

- Saç insanı çox dəyişdirir, birinci ondan başlamalıdır. Həm də radikal dəyişikliliyə hazır olmalısan. Məsələn, əvvəllər uzun geyinirdinsə, indi qısa donlar almalısan. Əlbəttə ki, yaraşmaq şərti ilə.

“Qadınlar nə istədiklərini heç özləri də bilmir”

- Qadınların modaya olan ehtirasında sizi bir kişi kimi ən çox nə təəccübləndirir?

- Qadınla mağazaya gedib onunla nə isə seçmək... Çünki qadınlar nə istədiklərini heç özləri də bilmir. Xanımlar mağazaya gələndə 3 saat gəzib, hər yeri dağıdır və iki geyim alır, ya da almayıb çıxırlar. Halbuki, o iki geyimi 15 dəqiqənin içində də alıb çıxmaq olar. Mağazama gələn artıq çəkili qadınlar məni çox təəccübləndirir. Təsəvvür edin ki, 130 kq olan qadın hansısa modelin əynindəki paltarı göstərib ondan istədiyini deyir. Ona necə izah edim ki, belə paltar sənə uyğun deyil... Özü hesab edir ki, onun əynində də eyni effekti verəcək.

- Bakıda butikiniz varmı və ya açmağı düşünürsünüz?

- Bakıda butikim yoxdur. Tək-tük yerlərdə satılır. Lakin Bakıdan tələbat çoxdur. İnşallah çox yaxın gələcəkdə Bakıda da butik açaram.

“Gözəl qadın istədiyini daha asanlıqla əldə edir”

- Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

- Kiminsə qəlbinə toxuna bilmərəm. Mənim üçün çirkin qadın yoxdur. Hər bir xanımın mütləq gözəl tərəfləri olur. Məsələn, gözəl olmayan qadın gözəl rəqibi ilə müqayisədə daha asanlıqla uğur əldə edə bilər.

- Maraqlıdır ki, üslubunuz xasiyyətinizi nə dərəcədə özündə əks etdirə bilir?

- Gördüyüm işlər xarakterimi göstərmir. Çünki tək özüm üçün işləmirəm, hər kəsin zövqünü nəzərə alıram.

- Deyilənlərə görə, müştərilərinizin çoxu varlı ərəblərdir.

- Bəli, Səudiyyə Ərəbistan, Dohadan, Qatardan, Küveyt, Beyrut və Dubaydan müştərilərim var. Odur ki, kolleksiyaya onların nə bəyəndiyini düşünərək yön verirəm.

- Bunlardan hansı daha vacibdir: Dəb, gözəllik, yoxsa zövq?

- Zövq.

- Moda o qədər şiddətli rüsvayçılıqdır ki, biz onu hər mövsüm dəyişmək məcburiyyətində qalırıq?

- Yayda qış paltarlarını, qışda isə yay paltarlarını geyinə bilmərik. Dəyişməyə məcburuq.

“Xanımı çılpaq görmək istəsəm...”

- Fransız yazıçısı Fransuza Saqanın geyim haqqında çox maraqlı fikri var: “Əgər bir kişi paltarı qadının əynindən çıxarıb atmaq və soyundurmaq istəmirsə, o paltarın heç bir mənası yoxdur”. Sizcə, yazıçı burda nəyi nəzərdə tutub?

- Nəyi demək istədiyini söyləyə bilməyəcəm. Əgər paltar gözəldirsə, mən onu xanımın əynindən görməkdən məmnun olaram. Xanımı çılpaq görmək istəsəm, heç geyindirmərəm. Bu qədər bəsit...

Yalnız onu dəqiq bilirəm ki, qızlar elə qızlar, kişilər isə kişilər üçün geyinir. Kişilər dostlarının paltarını bəyənəndə bunu normal şəkildə bildirir. Qızlar isə həmcinsini ən xırda aksessuarlarına qədər başdan-ayağa süzür ki, axtarıb bir qüsur tapsın.

- Başqa bir rusiyalı yazıçı Arkadi Davidoviç isə “Qadın nə qədər yaxşı geyinibsə, onu soyundurmaq bir o qədər baha başa gəlir” söyləyib. Bu, həqiqətənmi belədir?

- Mənim nəzərimdə belə deyil.

- Amerikalı müğənni Doris Dey qadının çox çəkici geyinməsinin günahını kişilərdə görür. O, müsahibələrinin birində bununla bağlı belə söyləmişdi: “Əgər qadın çox çəkici geyinirsə, bunun günahı kişidədir. Çünki kişilərin gözləri, ağlından daha çox inkişaf edib.

- Razılaşa bilərəm, ancaq həddindən artıq qısa geyinmiş qızların kişilərin ona baxmasından şikayət etməsini heç cür anlamıram. Qısa geyinən qızlar “Ay Allah mənə niyə baxır” söyləyir. Bu narazıçılığın heç bir məntiqi izahı yoxdur. Dekoltenin həddini aşsan, bədənin paltardan çox görünsə, əlbəttə ki, nəinki kişi, qadın da sənə baxar. Hansı gözlə baxmasının, baxışlarının nə məna verdiyi isə tamam başqa mövzudur. Bütün hallarda gözəl qadınlar qısa ətək geyinərsə, kişi ona baxmadan dayana bilməz və bu, təbii haldır.

Əziz və hörmətli xanımlar, sizə kişilərin və ya həmcinslərinizin çox diqqətlə baxmasını istəmirsinizsə, onda evdən çıxmazdan əvvəl güzgüyə nəzər salın, çox mini geyinməyin. Vücudunuz buna imkan verirsə və başqalarının yad baxışları sizi narahat etmirsə, o halda istədiyinizi geyinməkdə azadsınız.

“Lütfən minimalist olun”

- Bakılı modapərəstlərə məsləhətləriniz...

- Bakıda “street style” ilə yerli dizaynerlərin işlərini mümkün qədər izləyirəm. Kişilər əvvəl özümə çox fikir vermirdi, bu hal indi müsbət istiqamətdə dəyişib. Zövq duyumu çox incə məsələdir.

Xanımlar geyim seçimində mütləq bədən ölçülərini diqqətə alsın. Onun-bunun şəklinə baxıb kimisə təkrarlamağa çalışmasın. Və lütfən minimalist olun.

- Yaraşıqlı və xarizmatik bəysiniz. Sevdiyiniz biri var?

- Bəli.

- Sizin sevdiyiniz, bəyəndiyiniz xanımda hansı xüsusiyyətlərə malik olmalıdır? Yəqin ki, gözəl olması və gözəl geyinməsi vacibdir.

- Onun gözəl geyinməsi heç önəmli deyil. Özümüz dizayner deyilik?

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm