Məşhur dizaynerin “Qadın olsaydım, nə geyinmək istərdim” sualına cavabı - FOTO
Bizi izləyin

Dəb

Məşhur dizaynerin “Qadın olsaydım, nə geyinmək istərdim” sualına cavabı - FOTO

Alber Elbaz qadın bədənini yaxşı tanıyan nadir dizaynerlərdəndir. O, müştərilərinin cazibəsini ön plana çıxarmağı, bunun fonunda özlərini çox rahat hiss etməsini təmin edə bilirdi. Maestronun zəngin irsi göstərir ki, qadını necə məmnun etməyin yollarına bələd idi. Bizə isə dizaynerin qadınların nə istədiyini duymaq qabiliyyətinə heyrətlənmək qalır.

Publika.az oxucuları rəssam və dizayner ailəsində 1961-ci ildə Mərakeşdə dünyaya gələn Alber Elbazın həyatı haqqında mraqlı məqamlarla tanış edir.

Hələ kiçik yaşlarından sənətə və rəsmə həvəsi olan dizaynerin uşaqlığı məhrumiyyət və çətinlik içində keçib. Dizaynerin ailəsi Mərakeşdən İsrailə köçən mühacirlərdən olub. Buna baxmayaraq ki, rəsm çəkməkdən heç vaxt vaz keçməyib. O, müsahibələrinin birində rəsm sevgisini bu sözlərlə ifadə edib: “7-8 yaşım olanda müəllimimi və hər gün geyimlərimi çəkirdim. İlin sonunda hazırladığım rəsm kitabını ona verdim. Mənim üçün paltar çəkmək tamamilə fərqli bir dünyanın qapılarını açır”.

İlk moda səyahətinə Elbaz 1987-ci ildə Nyu-Yorkda başlayıb. 1996-cı ildə “Guy Laroche”nin yaradıcı direktoru olub. İki ildən sonra “Yves Saint Laurent”dən iş təklifi alan Elbaz bunu həyatının şansı adlandırır. Daha sonra isə Alber Elbazı “Lanvin” moda evinə uzun bir səyahət gözləyirdi.

Məşhur fransız moda evinə gəlməzdən əvvəl - “Yves Saint Laurent”də çalışdığı illərdə Alber Elbazın işləri olduqca müəmmalı idi. Orada o, markanın üslubundan kənara çıxmağa qorxurdu. Ona görə də artıq öz öhdəliklərindən yorulmuşdu. “Lanvin” isə ona çoxdan gözlənilən azadlığı bəxş etmişdi. Əvəzində Alber Elbaz markanın sönmüş şöhrətini bərpa edə və “Lanvin” brendinin ayrılmaz üslubunu və yeni qadın obrazını yarada bilmişdi. Məsələn, o, qadınları həddindən artıq açıq-saçıqlıqdan xilas edərək, qapalı geyimdə də seksual görünməyin mümkün olduğunu göstərmişdi.

Sınanmış üslubları təkrarlamaqdan imtina edən Alber daim yeni dəblər üzərində baş sındırırdı. O, axtarışlarını bu şəkildə dilə gətirirdi: “İv Sen-Loran qadınlara hakimiyyət, Şanel isə azadlıq verib. “Lanvin”ə gələndə, ancaq bir sual üzərində fikirləşirdim: “Bəs mən qadınlara nə verə bilərəm?”

Təəssüf ki, 2015-ci ildə “Lanvin” fransız moda evinin yaradıcı direktoru Alber Elbaz 14 illik fəaliyyətdən sonra vəzifəsindən gedir. Bir çox mənbələr iddia edir ki, moda evinin rəhbərliyi ilə Elbazın münasibətləri son bir neçə ayda çox pis olub. Dizayner tayvanlı maqnatdan “Lanvin”i şirkətin potensialını yaxşı kapitallaşdıra bilən bir adama satmasını tələb edirdi. Çünki brendin "zəif strategiyası" və zəruri investisiyaların olmaması onu qane etmirdi.

Dizayner haqqında maraqlı faktlar

1. Alber Elbazın işi sosiallaşmağı tələb etsə də, olduqca utancaq insan idi. Bundan əlavə, çəkisi ilə bağlı çox həssaslığı olub. Lakin 2014 -cü ildə kolleksiyalarına açıq rənglər daxil edərək qadınları bədənlərini gizlətməyi yox, sevməyə səsləyir.

2. 2012 Payız/Qış Lanvin kampaniyasında Alber Elbaz modellər əvəzinə həyatda görməyə alışdığımız insanları podiuma çıxarmışdı.

3. 2012 Yaz/Yay moda nümayişində Elbaz böyük bir şou təşkil edərək “Que Sera, Sera” mahnısını oxumuşdu.

4. Alber Elbazın xurafatları da olduqca güclüdür. Dizayner çantasını heç vaxt yerə qoymazdı. “Bir dəfə mənə dedilər ki, çantanı yerə qoysan, ziyana düşərsən. Bu səbəbdən heç bir halda çantamı yerə qoymuram”.

5. Demək olar ki, hər müsahibədə Elbaz yeməkdən danışardı. Məsələn, son müsahibəsondə bunları söyləmişdi: “Markanı qurarkən özümə “Qadın olsaydım nə geyinmək istərdim” sualını verdim. İlk növbədə rahat olmaq istəyərdim. Əyləncəli olmasını və paltarın ona böyük bir dilim tort yeməyə icazə verməyini istərdim”.

Keçən il 59 yaşında koronavirusdan dünyasını dəyişən dizayner moda tarixində silinməz izlər buraxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm