8 yaşında pərdədən ətək tikdi, 19 yaşında isə... - Məşhur dizaynerin uğur hekayəsi
Bizi izləyin

Dəb

8 yaşında pərdədən ətək tikdi, 19 yaşında isə... - Məşhur dizaynerin uğur hekayəsi

8 yaşında pərdədən ətək tikdi, 19 yaşında isə... - Məşhur dizaynerin uğur hekayəsi

33 yaşı var, yaraşıqlı və xarizmatikdir. Bütün dünya onu tanıyır. Ali təhsili yoxdur, lakin 19 yaşında öz biznesini yaradıb. İndi o, moda dünyasının ən nüfuzlu 500 insanı sırasındadır. Məşhurlar onun məhsullarını geyinmək üçün bir-biri ilə rəqabətə girir. Beləliklə, tərifi yerə-göyə sığmayan bu adam “Jacquemus” brendinin yaradıcısı Simon Port Jakmyusdur. İndi gəlin ona daha yaxından nəzər salaq, çünki dizaynerin həyat və uğur hekayəsi olduqca maraqlıdır.

Publika.az oxucuları “Jacquemus” yaradıcısının uğur hekayəsi ilə tanış edir.

Simon 16 yanvar 1990-cı ildə Marsel yaxınlığındakı balaca bir Fransız Malmor kəndində fermer ailəsində anadan olub. Şəhərdən kənarda böyüyüb-başa çatan Simon həftə sonlarını nənə və babası ilə birlikdə meyvə və tərəvəz satmağa gedərdi.

Onun dəb dünyasına heyranlığı uşaq yaşlarından başlayır. Hələ 8 yaşı olandan pərdədən anası üçün romantik bir ətək tikmişdi. Dünya şöhrətli dizayner Jena-Polya Hetenin çıxışını izlədikdən sonra oğlan bu peşəyə yenidən aşiq olur. Ətəyi çox bəyənən anası onu qürurla geyinir və hamıya deyirdi ki, oğlunun əl işidir. Simon ailəsi moda dünyasından uzaq idi, anası heç vaxt bahalı paltar geyinməzdi və dizaynerlər haqqında heç nə bilmirdi. Lakin zəngin yaradıcılıq fantaziyası sayəsində demək olar ki, paltarının çoxunu özü tikirdi. Ata isə musiqi qrupunda oynayır və axşamlar tamaşalarda səhnə kostyumları geyinirdi. Əkinçi olmaq gözəllikdən uzaq olmaq demək deyil. Jakmyus əmindir ki, moda hər kəs üçün əlçatandır, zövq duyumu satılan və alınan yox, daxili dünyanızda var olan bir keyfiyyətdir.

Uşaqlıqda keşiş olmaq istəyən Simon səmimi şəkildə etiraf edib ki, onun istəyinin kökündə keşiş geyimlərinə olan vurğunluğu yatırdı: “Valideynlərimin kilsə ilə əlaqəsi olmasa da, keşiş olmaq istəyirdim. Allaha inandığım və inanclı insan olduğum üçün deyil, kahinlərin geyiminə aludə olmuşdum. Hər bazar günü qohumlarımı məni kilsəyə aparmağa məcbur edirdim. Sonra hərbçi olmaq, sonra hüquqşünas olmaq istədim. Hamısı da uniformaya görə... Uniforma geyinməyi sevirdim”.

Paris, məyusluq, ağır itki və yeni mərhələ

Məktəbi bitirdikdən sonra 18 yaşlı Simon Parisdəki ESMOD - Ali İncəsənət və Moda Texnologiyaları Məktəbinə daxil oldu. Gənc oğlan uşaqlıqdan Parisə köçməyin xəyalı ilə yaşayırdı, lakin şəhər həyatı onun təsəvvür etdiyi kimi olmadı. O, Paris küçələrinin ona ilham və xoşbəxtlik gətirəcəyini gözləyirdi, əvəzində durğun və etinazsız mənzərə ilə qarşılaşdı.

Bir ay sonra anası avtomobil qəzasında öldü. Simon anladı ki, həyat hər an dayana bilər və vaxtı boş yerə sərf etmək olmaz. Odur ki, uşaqlıqdan xəyalını qurduğun işi həyata keçirmək üçün dərhal hərəkətə keçməlisən. Cəmi iki ay oxuduqdan sonra məktəbi tərk edən Simon ilk kolleksiyanı yaratmağa başlayır. 2009-cu ildə anasının qızlıq soyadının adını daşıyan “Jacquemus” markası ortaya çıxdı.

Atası Simona sadə olmağı öyrətmişdi. Təəccüblü deyil ki, onun bütün kolleksiyalarının əsasını minimalizm təşkil edir. Ancaq ilk vaxtlarda minimalizm konsepsiyadan daha çox məcburi bir zərurət idi. Detallar və mürəkkəb kəsimlər böyük maliyyə tələb edirdi. Maddi dəstəyi olmasa da, Simon irəliləmək üçün əlində olan hər fürsətdən istifadə edirdi. Moda jurnallarının əməkdaşlarına elektron məktublar yazıb kolleksiyası ilə tanış olmağı təklif edirdi. Həm dostlarını geyindirir, həm də moda tədbirlərinə qatılıb, gözlənilməz yerlərdə şoular təşkil edirdi. Bu fənd işə yaradı, nəhayət ki, hər kəsin diqqətini özünə çəkə bimişdi. Həm birinci, həm də ikinci kolleksiyalar yaxşı olsa da, lakin peşəkarlıqdan uzaq idi. Tamamilə yundan hazırlanmış üçüncü kolleksiya (2011-ci il) çox uğurlu oldu. Yapon əsilli dizyaner Rei Kavakubo onun bu kolleksiyasını yüksək qiymətləndirilmişdi.

Rey və əri Adrian Yoffe ilə tanışlıq Simon Jakmyusun həyatını dəyişdi. Birincisi, ona görə ki, onun istedadı nəyahət kəşf olunmuş və ruhlanmışdı. İkincisi, ona görə ki, Simon məşhur mağazaların birində satıcı kimi işə düzəlmiş və müəyyən qədər pul yığmaq imkanı qazanmışdı. Simon mağazada iki il demək olar ki, istirahət etmədən işləyir, gecələr isə kolleksiyalarla məşğul olurdu. “Bu işdə geyimlə bağlı çox şey öyrəndim, həmçinin özümü tapmağı və müştərilərlə necə davranmağı öyrəndim. İlk kolleksiyamı yaradanda çox pulum yox idi, amma əlimdə olan imkanlara əsaslanaraq yaxşı paltar tikməli olduğumu bilirdim”, - dizayner bildirib.

Yoffe Londondakı mağazasında satışa qoyduğu Jakmyusun məhsulları çox sürətlə satıldı. Bu, gənc brend üçün ilk sıçrayış idi.

Məşhurluq və ilk mükafat

2012-ci ildə Jakmyus Paris Moda Həftəsində iştirak edən ən gənc dizaynerlərdən biri oldu. 2014 və 2015-ci illərdə Simon LVMH-nin xüsusi mükafatına layiq görüldü. 2015-ci ilin mayında isə Jakmyus özünün onlayn mağazasını açdı. Simonun fikrinə görə, mağaza daha çox jurnala bənzəyir və bu, onu çoxsaylı elektron ticarət platformalarından fərqləndirirdi.

2015-ci ilin yayında dizayner brend çantalar və ayaqqabılardan ibarət aksesuarlar seriyasını təqdim edir. Onların forması həndəsi fiqurları xatırladırdı və bu, Jakmyusun ruhuna çox yaxındır. 2018-ci ildə isə “Jacquemus” ilk kişi geyim kolleksiyasını təqdim etdi.

Brendin konsepsiya və fəlsəfəsi

Dizaynerin sözlərinə görə, “Jacquemus” brendi xatirələr üzərində qurulub. Bütün kolleksiyaların təməli qadına və Fransaya sonsuz sevgidir. Anası ilə nənəsinin geyim tərzi isə əsas ilham mənbəyi olaraq qalır və qalacaq. Dizayner onu da gizlətmir ki, yaradıcılıq ideyalarını həm də Fransa kinosundan, onun tarixindən və mədəniyyətindən alır.

İlk kolleksiyalar çox minimalist idi, dizayner yarıq və dekolteləri sınaqdan keçirirdi. İndi Jak detalların ustasına çevrilib. Simonun dəyirmi dabanlı ayaqqabıları, böyük asimmetrik sırğaları, nəhəng şlyapa və kiçik əl çantaları bu gün çox məşhurdur.

Dizayner hər kolleksiyaya bir hakayə ilə başlayır. O, qəhrəmanı haqqında ətraflı fikirləşir, harada yaşadığını, nə etdiyini təsəvvür edir... Yeri gəlmişkən, dizayner şəhərdən daha çox əyalət qızlarından ilham alır. Və yalnız bundan sonra onun geyim tərzinə 100% uyğun gələn paltarlar yaradır.

Dizayner haqqında faktlar

Simon hələ də brendin yeganə dizayneridir.

Həyatında ən böyük dəyər ailəsidir. Onun brendi anasına həsr olunub. Parisdəki geyim mağazasını atası Vinsent qurub, onlayn mağazanı qardaşı Feliks hazırlayıb.

Dizayner hər bir dəfiləsinin yaddaqalan və qeyri-adi olmasına çalışır. Dəfilələr ya köhnə hovuzda, ya da oyun avtomatları zalının zirzəmisində baş tutur. 2015-ci ildə “Le Nez Rouge” kolleksiyasının şousunu Simonun 7 yaşlı əmisi oğlu açmışdı. O, nəhəng bir parça topunu podium boyunca itələmiş, daha sonra dizaynerin özü ağ atla səhnəyə çıxmışdı.

Onun mikroskopik çantalarına baxanda düşünə bilərsiniz ki, bunu axı kim alacaq, hətta kredit kartları da yerləşmir. Qəribə olsa da, bu aksessuar dərhal satıldı. Üstəlik dünyanın hər yerində onların saxta verisyaları satışa buxarıldı.

Simon 14 yaşından fotoqrafiya ilə məşğuldur və sosial şəbəkələr bu hobbinin davamına çevrilib. Jakmyus moda sənayesinin və şirkətinin mövcudluğunu internetsiz təsəvvür edə bilməz. O, brendi tanıtmaq üçün sosial şəbəkələrin gücündən istifadə edib, onun kampaniyalarında rol alan fotoqraf və modellərlə “Facebook”da görüşüb, indiki sevgilisi Qordon fon Ştaynerlə sosial media sayəsində tanış olub.

“Fransız minimalizmi – yaratmaq istədiyim budur. Və mənim üçün minimalizm gözəl, dəbdəbəli və süni gülüşlər deyil. Mən əsl təbəssümlər istəyirəm, buna görə də brendi real, sadə, ironik edirəm”, - dizyaner müsahibələrinin birində dilə gətirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm