Dəb
Məşhur modeli podiumda kim soyundurdu və "geyindirdi"? - FOTO
Bir neçə gün əvvəl fələstin əsilli dünya şöhrətli model – Bella Hadid Paris Moda Həftəsində “Coperni Femme” markasının dəfiləsinə demək olar ki, çılpaq vəziyyətdə çıxdı. Şou elə bundan sonra başladı. Büstqalter taxmadığı üçün əlləri ilə sinəsini örtən modeli görən tamaşaçılar əvvəlcə heyrətdən donub qaldılar. Sonra dörd artist Bellanın üzərinə xüsusi qarışığı çiləməyə başladı. Çılpaq bədəninə ağ boya səpilərkən Bella Hadid uzun müddət hərəkətsiz vəziyyətdə dayanaraq sənətçilərin işini bitirməsini gözlədi. Modelin bədəninə səpilən ağ boyalar sonda "paltara" çevrildi. Hadidin üzərində yaradılan ağ paltarda son toxunuşlar edildikdən sonra model podiumda bir daha yürüməyə başladı. Beləliklə, modelin qonaqlara nümayiş etdirməli olduğu geyimin özü də, parçası da podiumun mərkəzində bir neçə dəqiqədə, həm də əynində hazırlandı. Bəs “Coperni” brendinin arxasında kim dayanır və bu ideyanın müəllifləri kimdir?
Publika.az bu yazıda oxucuları moda tarixinə düşən bu ideyanın müəllifləri - Sebastian Meyer və Arno Vayanın (Arnaud Vaillant) qurucusu olduqları “Coperni Femme” markasının tarixi ilə tanış edib.
Fransız brendi “Coperni” 2013-cü ildə Sebastien Meyer və Arno Vayan tərəfindən təsis edilib. Ortaqlar Parisdə Beynəlxalq Moda İncəsənət İnstitutunda oxuyarkən tanış olublar. Sebastiyan moda dizaynı və naxışları öyrənir, Arnonun başı isə moda biznesi və idarəçiliyinə qarışmışdı.
Brendin rəsmi saytında yazıldığına görə, 2009-cu ildə tanış olduqları vaxtdan Meyer və Vayan arasındakı davamlı bədii dialoq dərin bir dizayn dilinə çevrilib. Arnonun “Balenciaga” və “Chanel”, Sebastiyanın isə bir çox dizayn layihələrindəki 5 illik fəaliyyətindən sonra mütəxəssislər öz məhsullarını “Coperni Femme” etiketi altında buraxmağa qərar verib. Məşhur astronom Nikolay Kopernikin həyat fəaliyyətindən ilhamlanan dizaynerlər brendin adını da onunla bağlayıblar. “Burada biz Günəşin Kainatın mərkəzində olması nəzəriyyəsini irəli sürən astronom Nikolay Kopernikdən ilham alırıq. Bizim diqqətimiz qadın və onun bədənidir. Tərəqqi, innovasiya və elm bizə yaxındır. “Coperni” keçmişlə gələcəyin qarışığıdır”, - Sebastiyan Meyer müsahibəsində brendin fəlsəfəsini izah edərkən deyib.
Mövcud olduğu cəmi iki il ərzində “Coperni” tək kapsul kolleksiyası olan start-up brendindən ANDAM mükafatı, 2015-ci ildə LVMH Mükafatına namizəd oldu və dünyanın hər yerindən 25 nüfuzlu pərakəndə satış şirkəti ilə müqavilələr bağlamağa başladı.
Həmçinin Arno və Sebastiyan tarixi Fransız brendi “Courrèges”in kreativ direktorları təyin edildilər. Bu müddət ərzində onlar brendin fəaliyyətində bir qədər fasilə verdilər, amma iki il sonra kreativ direktor postundan istefa verdilər və 2018-ci ildə şəxsi brendlərini yenidən işə saldılar. 2019-cu ildə ilk kolleksiyanı təqdim etmək üçün brend hər şeyin başladığı yerə - İnstaqrama qayıtdı. Yeni çeşidlərin təqdimatı məhz burada keçirildi.
“Coperni” tez bir zamanda fransız üslublu konsepsiyasını yenidən düşünən azsaylı Paris brendlərindən birinə çevrildi. Kolleksiyalar hazırlanarkən dizaynerlər qadınların geyinmək istədiyi mükəmməl kəsimə üstünlük verirlər. Arno Vayan müsahibələrinin birində dilə gətirib ki, alıcı ilə məhsul arasında bağlılıq önəmlidir: “Biz müştərilərimizin məhsullarımızla emosional əlaqə qurmasını, həqiqi hislərin olmasını istəyirik. Bir mövsümdən sonra dəbdən düşən kolleksiyalar yaratsaq, buna nail ola bilmərik. Bütöv bir kolleksiya hazırlamaq, şou göstərmək və bütün ünsiyyəti nəzarət altında saxlamaq haqqında çox şey öyrəndik. Brendin DNT-si üzərində işləmək bizə də qismət oldu. Əlbəttə ki, “Courrèges”dən bir neçə dərs aldıq, lakin bu dəfə prosesi daha rəvan etmək istədik”.
2020-ci ildə dünyanı koronavirus pandemiyası bürüdüyü üçün dizyanerlərin dueti yenidən bir müddət fasilə versə də, tezliklə Paris studiyasına qayıtdı. “Epidemiyanın əvvəlində biz işi dayandırdıq, lakin ikinci və üçüncü qapanmalarda işləməyə davam etdik, çünki başqa seçimimiz yox idi. Parçalara toxunmalı və paltarların modelin əynində necə oturduğunu görməliydik. Dünyadakı vəziyyəti nəzərə alaraq, vəziyyəti birtəhər yaxşılaşdırmaq istədik. Bu, başqa bir sınaq idi. Şanslıyıq ki, ofisin düz yanında yaşayırıq: işləmək daha asan idi”, - Sebastiyan Meyer “The Zoe Report”-a müsahibəsində bildirib.
Evdə qalmaq və özünütəcrid qaydalarına riayət etmək zərurəti Koperni yaradıcılarına texnologiya və modanın kəsişməsində yeni sərhədləri kəşf etməyə imkan verdi: brendin kolleksiyalarında antibakterial materiallar peyda oldu və QR kodlarının tətbiqi hər bir elementin yaradılması prosesi haqqında danışmağa imkan verdi.
İnnovativ olmağa çalışırıq və nə vaxtsa biz geyinilə bilən texnologiyaları araşdırmaq istəyirik ki, paltar çox müasir, eyni zamanda son dərəcə zərif olsun. Əlbəttə bu, böyük investisiya tələb edir, lakin biz bu anı səbirsizliklə gözləyirik. Moda texnologiyaya daha çox diqqət yetirməlidir, xüsusilə geyə biləcəyiniz texnologiyalara. Ancaq onları yumşaq bir şəkildə həyata keçirmək lazımdır. İstəyirik ki, paltar həm əla görünsün, həm də gözlənilməz texniki elementləri ehtiva etsin. Ancaq vizual olaraq, onlar qajetlərə bənzəməməlidirlər. Məhsulun ekoloji cəhətdən davamlı olması bizim nəsil üçün də vacibdir. Sistemdə çox şeyi dəyişməyin vaxtıdır. Sənayemiz orada işləyənlər üçün başa düşüləndir, lakin alıcılar üçün hər şey qarışıq görünür. Bizim prioritetimiz müştəridir”, - Meyer başqa bir müsahibəsində səmimi şəkildə vurğulayıb.
Son illərdə “Coperni” fransız üslubundan bir qədər uzaqlaşaraq minimalist, lakin cəsarətli geyimlər təklif etməyə başlayıb. Burada xüsusilə işgüzar formadan müasir şəhər qızının geyinə biləcəyi ziyafət geyiminə asanlıqla çevrilən obrazlar üstünlük təşkil edir. Eyni zamanda, Vayan məşhur Paris üslubunun göründüyü qədər sadə olmadığını izah edir: “Bizim çox İnes De la Fressanj kimi rəsmi geyinməyi sevən, həm də Ceyn Damas da daxil olmaqla yeni Ceyn Birkin stilində qızlarımız var... Tünd cins şalvar və zənbil çanta streotipləri mənim xoşuma gəlir, olduqca əyləncəlidir. Amma bizim daha futuristik seksual parisli xanımlarımız da var. Onlar “Coperni” qızlarıdır.
Brendin vizit kartı “Coperni Swipe” çantalarıdır. Model konseptual sadəliyi ilə insanları özünə cəlb edir. Biz minimalist orqanik formaları və texnologiyanı sevirik. Bütün çantaları texnologiya simvollarından ilhamlanaraq yaratmışıq. “Coperni Swipe” istisna deyil: çantanın dizaynı və adı iPhone-da “Kilidini açmaq üçün yuxarı sürüşdürün” funksiyasının formasından götürülüb” , - Arno qeyd edib.
2019-cu ildə İnstaqramda qayıdışlarını elan edərkən ikili başlıq şəkli olaraq “Swipe” çantasının fotosundan istifadə etdilər ki, bu da o zaman brendin son ixtiralarından biri sayılır. O vaxtdan bəri aksesuar brendin futuristik elementləri əks etdirən əsl ticarət nişanına çevrildi. Çantanın indi “Mini Swipe”, “Melted Swipe”, “Ring Swipe” və “Baget Swipe" daxil olmaqla müxtəlif variantları mövcuddur.
2021-ci ildə Coperni eyni zamanda brendin aktrisa Meysi Uilyams ilə ilk əməkdaşlığını da başlatdı. O, alma tullantılarından əldə edilən dəridən hazırlanmış veqan çanta xəttini buraxaraq moda tarixində ilkə imza atdı. Yenilənmiş siluet metal nişanlarla bəzədilmişdi.
Ötən ilin sonlarında onlayn moda platforması “Lyst” “Coperni”ni 2022-ci ildə diqqət yetirilməli olan brendlər siyahısına daxil etdi. Proqnoz həqiqətən də özünü doğrultdu: bu gün dünya məşhurları brendin şüşə çantalarından əl çəkmirlər.
“Swipe” çantası - həm klassik versiyada, həm də yeni şüşə iterasiyasında artıq influserlərin yeni istək obyekti adlandırılıb: aksesuar təkcə forması ilə deyil, həm də lüks seqment üçün münasib qiyməti ilə diqqəti cəlb edir. Dizayndan asılı olaraq dəyəri 390 dollardan 790 dollara qədər dəyişir. Ümumiyyətlə, nəhəng moda evləri ilə müqayisədə brendin məhsullarının qiymətləri aşağıdır, yenilik və rahatlıq ön plandadır. Bir çox əşyalar texniki trikotajdan hazırlanır - bu, dartılan, rahat material həm də antibakterialdır, dərini nəmləndirir və ultrabənövşəyi şüalardan qoruyur.
Həyatları
Bu uğurlu tandemin arxasında sadəcə dostluq deyil, dərin sevgi münasibətləri yatır. “Coperni”nin yaradıcı direktoru və həmtəsisçisi Sebastiyan Meyerlə Arno Vayan bir-birlərini ilk dəfə 13 il əvvəl qrup yoldaşları kimi tanıyıblar. Bu tanışlıq onları nikah masasına qədər gətirib çıxarıb. Keçən ilin sentyabrında Yunanıstanda Hudra adasında evlənən cütlük hər kəsin gözü qarşısında bir-birinə sevgi və sədaqət andı içib. Arnonun sözlərinə görə, Sebastiyanla tanışlıq ilk görüşdən sevgi olub. Toy 7 Avqust 2020-ci ildə Hydrada keçirilməli olub, lakin bir çox cütlüklər kimi onlar da mərasimi pandemiya səbəbindən təxirə salmalı olublar.
“Onu təxirə salmaq əslində hazırlaşmağa əlavə vaxt qazandırdı. Xüsusilə də çətin COVID ilindən sonra bizdə həyəcan yaratdı. Toplaşmaq, əylənmək və sevgini qeyd etmək sevinci bənzərsiz idi. Bu, hər ikimiz üçün əsl nailiyyət oldu. 12 ildən çox bir yerdə yaşadıqdan sonra özümüzü xoşbəxt hiss etdik. Qürur duyduq. Bizi məhəbbət bürüdü və uzaqdan səyahət edən bütün qonaqlara öz minnətdarlığımızı bildirdik”, - Arno Vayan toyu barədə jurnala verdiyi müsahibədə deyib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO