Moda dünyasının "Erkək Fatması"
Bizi izləyin

Dəb

Moda dünyasının "Erkək Fatması"

Saçını boyamır, qalstuk taxır, ayaqqabısının tozunu silmir. Moda camiəsi ilə ünsiyyət qurmur, moda nümayişlərinə nifrət edir. Amma maraqlısı odur ki, dizayn etdiyi hər şey yaxşı satılır. Gizli platforma dabanlı idman ayaqqabılarının satış rekordları qıran İzabelin moda brendi 20 ildən artıqdır ki, ikonik fransız estetikasını bütün dünyaya təbliğ və tərənnüm etməklə məşğuldur. Dizaynerin modaya öz yanaşması var və bu, marka yaranandan bəri dəyişməz olaraq qalır.

Moda evinin yaradıcısı öz şirkətini qurmamışdan xeyli əvvəl dizayner kimi karyerasına başlayıb. 1987-ci ildə Studio Berot moda məktəbini bitirdikdən sonra o, “Chloe” və “Yohji Yamamoto”, “Michael Klein” və moda dünyasının digər məşhur simaları ilə çalışıb.

Publika.az oxucuları öz brendini yaradan İzabel Maranın uğur hekayəsi ilə tanış edir.

"Moda dünyasının erkək Fatması"

İzabel Maran 1967-ci ildə fransız və alman ailəsində anadan olub. Təbiətcə üsyankar olan dizayner müsahibələrinin birində etiraf edib ki, hələ uşaqlıqda onu geyindirməyə çalışan ögey anasına qarşı çıxırdı. 10 yaşında Maran necə geyinmək istədiyini dəqiq bilirdi, lakin mağazalarda uyğun paltar tapa bilmirdi. Bu, onun dizayn təcrübələrində başlanğıc nöqtəsi idi. İzabel atasının həcmli sviterlərini geyinir, xalatlarını isə paltarlara çevirirdi.

"Əslində burjua bir ailədən gəlirəm. Modanı onlara qarşı üsyan edərkən kəşf etdim. Evdən klassik qız geyimində çıxır, küçəmizin küncünə dönəndə çantamdan özümü ifadə etmək istədiyim paltarları çıxarıb dəyişirdim. Atamı aldatmışdım ki, tikiş maşını alsın. Evdəki şkaflardan tapdığım köhnə paltarları kəsir və bohem geyimlər tikirdim. Dəbə yox, geyim mövzusunda mənə diktə edilməsinə nifrət edirdim. Anam həmişə göstəriş verirdi... Valideynlərim boşandıqdan sonra atam "YSL" dən geyinən qadınla nişanlandı. Bu, mənim sərbəstliyimə tamamilə zidd idi. Ancaq ədalətli olmaq lazımdırsa, ögey anam mənə keyfiyyətli məhsulları seçmək bacarıqlarımı inkişaf etdirdi", - İzabel bildirib.

Kiçik yaşlarından həyata qeyri-standart baxışları seçilən qızcığazın bu yanaşmasını dostları da bəyənmişdi. Gələcəyin parlaq dizayneri və sahibkarı başa düşür ki, bu yolla çox yaxşı pullar qazana bilər. Rəfiqəsi Kristof Lemor ilə birlikdə İzabel gənclik geyimləri xəttini yaratdı və Parisdəki mağazalardan birində sərgilədi. Biznes ona uğur gətirdi və bu, onun iqtisadiyyat fakültəsinə deyil, modelyerlər məktəbinə daxil olması üçün əsas təkan oldu.

1990-cı ildə İzabel Maran anası ilə birlikdə “Twen” brendini qurdu. İzabel Maranın ilk yay kolleksiyası böyük səs-küy gətirdi. Bütün dünyada tanınmağa başlayanda kuturye Fransanın paytaxtında böyük ofis açdı və moda dünyasında nüfuzlu mükafatlara layiq görüldü. Buna baxmayaraq, İzabel yalnız özü üçün işləmək istədiyini başa düşdü və 1994-cü ildə öz şəxsi brendini yaratmağa qərar verdi. Gənc dizaynerin karyerası sürətlə inkişaf edirdi. İkinci uğuru ona eksklüziv aksessuar xətti gətirdi. Burada yeni maraqlı nümunələr təqdim olunmuşdu. Çox keçmir ki, qız fransız jurnalistləri və moda tənqidçiləri üçün arzu olunan obyektə çevrilir. İzabelin əsas fərqləndirici xüsusiyyəti bir-birinə uyğun olmayanları birləşdirmək bacarığı idi. Onun kolleksiyalarında və modellərində cəsarətli gənclik dalğası əsir, zəriflik və üsyankarlığın yumşaq koloriti heyrətamiz dərəcədə ahəngdar görünür.

Maranın uğurunun başqa açarı işə nizam-intizam və işə vicdanlı münasibət üzərində qurulub: “Mən tez-tez özümü və digər dizaynerləri idmançılarla müqayisə edirəm. Belə bir fərziyyə var ki, dizayner olmaq seks, narkotik və rok-n-rolla bağlıdır. Əslində dəb incəsənət, yoqa və təbii qidalanma və istirahətdir. Mən xəstələnə bilmirəm, çünki bir iş gününü qaçırsam, fəlakət baş verəcək”, - İzabel müsahibələrinin birində dilə gətirib.

Bununla belə dizayner moda nümayişlərinə nifrət etdiyini də gizlətmir: "Siz 6 ay çox çalışırsınız və hər şey cəmi 10 dəqiqəyə başa çatır. Əsl qadınların real həyatlarında geyinə biləcəyi paltarlar yaratmaqla daha çox maraqlanıram və modanı özünü ifadə forması kimi sevirəm. Bundan başqa söhbətlərə, dedi-qodulara o qədər də əhəmiyyət vermirəm".

2004-cü ildə Maran çanta dizayneri Jero Dreyfus ilə oğlu dünyaya gətirdikdən bir il sonra uşaq geyimləri xəttini buraxmağa başladı. Amma qadın geyimlərinin yaradılması İzabel üçün prioritet olaraq qaldı. O, yenilik axtarmadığını desə də, dar cins şalvarları modaya yenidən gətirən onun brendi oldu və “Isabella Marant” platformalı idman ayaqqabıları kult modelinə, arzu və surət obyektinə çevrildi.

Vizit kartı haqqında

2011-ci ildə İzabel Maranın yaratdığı platformalı idman ayaqqabıları mövsümün əsas trendlərindən biri statusunu aldı. “Isabella Marant” imzası ilə buraxılan idman ayaqqabıları nəinki populyarlığını itirmir, həm də getdikcə daha çox pərəstişkar qazanır. Bu, cəsarətli və özünə güvənən gənc xanımlar üçün müxtəlif teksturalı və rəngli parçaların birləşməsidir. “Isabella Marant”ın idman ayaqqabıları müxtəlif geyim və üslublarla birləşdirilə bilər. Obrazın təbiiliyi və demokratikliyi – fransız dizayner İzabel Maranın ayaqqabı xəttini müəyyən edən əsas prinsiplər bunlardır. Moda dizayneri hesab edir ki, hər bir qızın özünəməxsus məziyyəti olmalıdır. Zərif və dəbli “Isabella Marant” idman ayaqqabıları gündəlik geyimlər üçün mükəmməldir, həmçinin paltar və ya yubkalarla effektli göründüyü üçün sahibinə sədaqətlə xidmət edəcək. Bu, Amerika, Fransa, İtaliya və dünyanın bir çox başqa ölkələrində modapərəstlərin qarderobunun ayrılmaz hissəsinə çevrilmiş ən mübahisəli və qeyri-standart qərarlarından biridir. Beləliklə, idman ayaqqabıları və zərifliyi birləşdirməklə İzabel müasir modaya yeni bir istiqamət verdi.

Brendin üslub fəlsəfəsi

Maranın estetikası dərhal tanınır - həm rahat, həm estetik, həm də minimalizmlə zəngindir. “İsabella Marant” qızı parlaq və bənzərsizdir, seçimində sərbəstdir və gündəlik üslubda müxtəlif əşyaları birləşdirməkdən qorxmur. O, realist prinsiplərlə yaşayır, lakin zərifliyini və qadınlığını qoruyaraq, obraza şarm əlavə etmək bacarığı sayəsində daim heyranedici baxışları cəlb edir. Həm kişi, həm də qadın kolleksiyalarının incə üslubu gündəlik obrazlarda fərdiliyi vurğulamağa imkan verir. Müxtəlif üslubların və dəbli elementlərin birləşməsi brendin əsas özəlliklərindən biridir. Özünə xas paltarlar və ətəklər, eləcə də parlaq rənglər, boho, dəri gödəkçələr və idman ayaqqabıları ilə maraqlı kontrast yaradır. Həmçinin ekstravaqant avanqard formaları ilə diqqəti cəlb edir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm