Qızlar niyə və nə zaman kukla kimi geyinməyə başladılar? - FOTO
Bizi izləyin

Dəb

Qızlar niyə və nə zaman kukla kimi geyinməyə başladılar? - FOTO

20-ci əsrin əvvəllərində qızlar həm uçuşan, həm də yüngül ətəklər geyirdilər - lakin hamısı təvazökar olmalı idi. O illərin modapərəstlərinə qısa paltarlarda ictimaiyyət içinə çıxmaq qadağan edildi və hər hansı bir zərif detal dərhal cəmiyyətin qınağı ilə bitirdi. Qızların dəb eksperimentlərini həyata keçirə biləcəyi yeganı yer ev, daha doğrusu, yataq otağı idi. Məhz bu otaqda şəffaf əlavələr və krujevadan nazik materialdan hazırlanmış cazibədar alt paltarlarını sınaya bilirdilər. Belə bir məhsul dizdən uzun olsa da, zaman hər şeyi "qısaltdı".

Publika.az xəbər verir ki, 1940-cı illərdə amerikalı dizayner Silvia Pedlar bilərəkdən riskə getmiş və gecə paltarını qısaltmışdı. 1956-cı ildə "Dolly" filminin ekranlara çıxması isə bu üslubun tamamilə yenidən nəzərdən keçirilməsinə təkan verdi. Filmdə Kerroll Beyker yaşlı bir kişi ilə evli olan 19 yaşlı Doll Meyen adlı qızı canlandırır. Ancaq tamaşaçıları personajların yaş fərqindən çox onların açıq səhnələri təəccübləndirmişdi. Qızın köynəkdə çəkilən kadrları 1950-ci illərin sonu üçün əsl sensasiya idi. Baş qəhrəmanın adı verilən gəlinciklər belə istehsal olunmuşdu.

Cəmi bir neçə il sonra məşhur dizaynerlər tədricən babydoll - gəlincik üslubundan ilhamlanmağa başladılar. Məsələn, 1958-ci ildə Kristobal Balensiaqanın buraxdığı kolleksiya "kukla" istiqamətinin daha da populyarlaşmasına gətirib çıxardı. Kuturye özü də yumşaq xətlərin, qadın formalarını çox vurğulamayan sərbəst siluetlərin tərəfdarı idi. Babydolls ruhunda olan trapezoid paltar Kristobalın fəxri idi. Eyni zamanda Yuber de Jivanşi də bu “vahiməli sadəlövhlükdən” ilhamlanaraq, oxşar ruhda paltarlar yaratdı.

1960-cı illərin ortalarında Lesli Hornbinin ulduzu parladı. "Tviqqi" ləqəbli model həddindən artıq qısa ətəklər və Amerika stilində A-xəttli paltarlar sayəsində "kukla" üslubuna büründü. Parlaq rənglər və iri gözlü gəlinciklərdən ilhamlanaraq etdiyi "uşaq" makiyajı onun əlamətdar xüsusiyyətinə çevrildi. Bu stil getdikcə daha məşhurlaşdı və məhsulların ətəyi qısaldı. Geyimlə bağlı cəmiyyətin qoyduğu cansıxıcı qadağalar artıq öz əhəmiyyətini itirmişdi. 1990-cı illərdə cəsarətli Kortni Lav səhnəyə ultra qısa gəlincik paltarlarında çıxdı. O, ictimaiyyəti inandırmağa çalışırdı ki, ağıllı qızlar da qısa paltarlar geyinə bilərlər.

"Yeni seksuallıq dövrü" bu gün istənilən cəsarətli addımı atmağa imkan verir. Buna görə də, sevimli gəlincik obrazına bürünmək çətin olmayacaq. Yeganə çətinlik saflıq və cinsi cazibə arasındakı balansı saxlamaqdır.

İlk baxışdan uşaqlıq xatirələrini oyadan məhsullar bu yay yenə aktualdır. Bu, paltarlar və ya ətəklər ola bilər, amma uzunluq həmişə qısa olmalıdır! Orqanza, şifon, krujeva, gipür də uyğun gəlir. Gəlinlik stilində paltarların hazırlanmasında pambıq parçalardan da istifadə olunur, əsas odur ki, məhsulun fasonu sərbəst olsun. Qol hissəsi şişirdilmiş və amerikan sinə kəsimi körpücük sümüklərini mükəmməl vurğulayacaq.

Dekorativ detalları unutmayın, əlbəttə ki, burada krujeva əlavələri, geniş fır-fırlar, oynaq volanlar, sevimli lentlər və kiçik muncuqlar istifadə olunur. Əgər printli paltarlar seçsəniz, onda minimalist zolaqlar, nöqtəli və ya çiçək motivləri üzərində dayanın. Rəng palitrasının heç bir məhdudiyyəti yoxdur, açıq və ya konfet çəhrayısı, şaftalı, mavi, yaşıl, narıncı kimi, saflığınızı ön plana çıxaran çalarlara üstünlük verin.

Geyimi ağ və ya güllü corablarla tamamlayın, hətta bantlı modelləri də geyə bilərsiniz. "Kukla" obrazına 100 faiz uyğun olmaq üçün biləkdə bağlanan Meri Ceyn ayaqqabılarına nəzər salın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm