Dəb
Qadın bədəninin cizgilərini oxuyan Alayanın həyat hekayəsi - FOTO
Azzedine Alayanın həyatı və yaradıcılığı həmişə müəmmalı olub. Doğum tarixi ilə bağlı suallara dizayner həmişə belə cavab verərdi: "Məndən nə vaxt doğulduğumu və nə vaxt öləcəyimi soruşmayın". Onun moda nümayişləri bir qayda olaraq xaotik şoularla bitir. Brendin dəri paltarları, deşikli ətəkləri, leopard naxışlı bodiləri, yüksək stilettoları və dar siluetləri həmişə moda tənqidçilərinin qızğın müzakirəsinə səbəb olub.
Publika.az bu yazıda oxucuları Azzedine Alayanın eyni adlı moda brendinin yaranma tarixi ilə tanış edib.
Gələcəyin məşhur dizayneri 1939-cu ilin iyununda Tunisin Germel şəhərində anadan olub. Azzedine Alaya uşaq ikən Tunisdə təhlükəsizlik idarəsində polis işləyən babasına fotoları çeşidləməyə kömək edirdi. Burada o, sənədləri və fotoları qəbul edən bir qadınla - Madam Pino ilə tanış olmuşdu. Hər kəs fotonun üç nüsxəsini Madam Pinoya gətirib verirdi, qadın fotoların birini özünə götürür, ikisini isə oğlana verirdi. Axşamlar oğlan əlindəki fotolara baxıb-baxıb uzaqlara dalardı. Orada on yaşlı uşaq ziyarətçilərin, xüsusən də sevimli italyanların gözəlliyindən ilhamlanırdı. Yəqin ki, məhz o zaman maestro qadın gözəlliyinə aşiq oldu və bütün həyatını modaya həsr etmək qərarına gəldi.
Əllinci illərdə Alaya babasının təklifi ilə Parisə köçdü. Bu, dizaynerin yaradıcılığının dönüm nöqtəsi idi. Azzedine Parisdə İncəsənət Məktəbinə heykəltəraşlıq kursuna daxil oldu, lakin öz təbirincə desək, heç vaxt öz ixtisası üzrə işləmək niyyətində olmadı. Sadəcə, o, həmişə fransız mədəniyyəti ilə maraqlanırdı və boşluqları incəsənət tarixi dərslərindən öyrəndiyi biliklərlə doldururdu. İstənilən halda, klassik heykəltəraşlığa məhəbbəti, çılpaqlığa və formaların mükəmməlliyinə olan sevgisi dizaynerin yaradıcılıq tərzinin müəyyənləşməsində böyük rol oynadı. Xəttlərə həqiqi və bədii yanaşma isə Azzedinin əlamətdar xüsusiyyətinə çevrildi. Ümumiyyətlə, Azzedine incəsənət məktəbinin heykəltəraşlıq şöbəsində qadın bədənini elə gözəl hiss etməyi öyrənir ki, bu, ona gələcəkdə onun hər bir qüsurunu zərif şəkildə vurğulamağa kömək edir.
Eyni zamanda, Alaya “Christian Dior” atelyesində şagird olmaq şansı qazandı, lakin bu sıçrayışdan beş gün sonra işdən çıxarıldı. Ona görə ki, Əlcəzair müharibəsi başa çatmış və Parisdə Şimali Afrikadan olan insanlarla ehtiyatlı davranmağa başlamışdılar. Taleyin istehzası ondadır ki, uzun illər sonra LVMH rəhbərliyi Alayaya Fransız Evinə rəhbərlik etməyi təklif etdi, lakin o, qalmaqallı şəkildə işdən çıxarılan Con Qalyanoya hörmət əlaməti olaraq bu təklifi qəbul etmədi.
Sonra hər şey sürətlə inkişaf etdi: bir neçə il Simone Zexrfussun daimi müştərisi və himayədarı ilə yaşadıqdan sonra Alaya iki il “Guy Laroche”də işə başladı, dostu Tyeri Müqlerə kömək etdi və 1960-cı ildə qrafinya Nikol de Blejenin, eyni zamanda onun dostlarının şəxsi dərzisi oldu. Kumiri Kristobal Balensiaqa 1968-ci ildə moda evini bağladığı vaxtda Azzedine ilk fərdi kolleksiyası ilə debüt etdi. Uğur onu demək olar ki, hər yerdə izləyirdi. Azzedine Alaya brendinin paltarları dəbdən düşmürdü, maestronun fikrincə, heykəltəraşlığın ən gözəl nümunəsi qadın “fiqurası” idi və onun təbii gözəlliyini mükəmməl şəkildə vurğulayırdı. Səksəninci illərdə Alaya demək olar ki, bir idola çevrildi və möhtəşəm büstləri olan atletik bədənlərin bu dövrü sanki onun üçün yaradılmışdı. Madonna kimi supermodellər və ulduzlar onun paltarlarını geyinir, jurnallar və televiziya kanalları onun brendi haqqında hekayələr çəkirdilər və dünyanın ən varlı qadınları ustadın əsərlərinə böyük məbləğdə pul xərcləyirdilər.
Azzedinenin tikdiyi paltarlar sözün mütləq mənasında o qədər gözəldir ki, dizayner son günlərinə qədər müasir moda sənayesinin tələblərinə məhəl qoymadı: digər brendlər ildə 8 kolleksiya istehsal etdiyi halda, Alaya rahat rejimdə işləyir və həm kutyurenin evi, həm də emalatxanasının yerləşdiyi yerdə - 19-cu əsrdən qalma anbar binasında gündəlik nahar edirdi. 1992-ci ildə brend Moda Həftələrində iştirak etməkdən imtina etdi. Azzedine həm də keçmiş əsrlərin tempində yaşayırdı. O, elm adamları, yazıçılar, aktyorlar və musiqiçilər ilə dostluq edib, Kristi Terlinqton və Naomi Kempbell kimi bir çox supermodellərin mentoru olub. Naoimi onu hətta “ata” deyə çağırıdı. Maestro eyni zamanda sensasion hadisələrdən və kameraların işıqlarından səylə qaçmağa çalışırdı. 2000-ci illlər idman ayaqqabıları və idman geyimlərinin dövrü olmasına baxmayaraq, Alaya yenə də bədənlərindən utanmayacaq qədər sərbəst olan qadınlar üçün qeyri-adi seksual məhsullar yaratmağa davam edirdi.
Alaya 18 noyabr 2017-ci ildə Parisdə vəfat edib. “Vogue” jurnalının redaktoru Edvard Enninful bildirib ki, Azzedine Alaya gözəl insan və əsl uzaqgörən idi. Onu tanıyan və sevən hər kəs, həmçinin onun paltarını geyən dünya qadınları onun üçün çox darıxacaqlar. Dəb tənqidçiləri yekdilliklə iddia edirlər ki, Azzedine Alayanın geyimləri həmişə qadınlıq və zərif seksuallıq simvolu olaraq qalacaq. Gənc dizaynerlər isə öz kolleksiyalarının yaradılmasında daim onun arxivinə müraciət edəcəklər.
Aytən Məftun
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı