Dəb
Şlyapadan imperiyaya gedən yol: Hakkonun "Vakko"su - Bir əsrlik tarix
Türkiyənin özünəməxsus lüks brendləri var, lakin onlardan bəzilərinin tarixi uzun və inanılmazdır. Heç kimə sirr deyil ki, “Vakko” illərdir ölkənin ən məşhur sakit lüks brendi statusunu qoruyub saxlayır. Xaricdə az tanınır, amma Türkiyə daxilində premium seqmentdə ən böyük və ən nüfuzlu biznesdir, butikləri, restoranları, yaxtaları, lüks otelləri, moda akademiyası və mədəniyyət mərkəzi olan nəhəng bir imperiyadır. Moda brendinin məhsulları ən hörmətli insanların qarderobunda özünəməxsus yer turur və türk cəmiyyətində “Vakko” markalı çanta ilə görünmək status göstəricisi hesab olunur. Bəs “Vakko”nun tarixi necə başladı, öz ətrafında sadiq müştərilərini və dostlarını birləşdirə bilən brend necə yarandı?
Publika.az oxucuları məşhur moda imperiyasının uğur hekayəsi ilə tanış edib.
Hər şey şlyapadan başladı
Vitali Hakko 1913-cü ildə İstanbulun yoxsul bir yəhudi ailəsində anadan olub. Atası dəmiryolçu, anası isə evdar qadın imiş. "Yoxsulluq nədir, yaxşı bilirəm" deyən Hakko öz xatirələrində ailəsinin dəmiryolçunun kiçik maaşı ilə birtəhər dolandığını yazıb.
Məktəb yaşına çatanda Vitali Kumqapıdakı fransız missionerlərinə məxsus olduğu təxmin edilən məktəbdə oxumağa başlayır. Ödənişli təhsil müəssisəsinin xərcini atasının işlədiyi fransız firması qarşılayırdı. Ciddi rejimli məktəbdə Vitalinin dostu olmasa da, hər zaman sözünü deməyi bacarırdı. Bir dəfə hətta məktəbin müdirinə "Sizdən deyiləm, mənə kilsə duası oxutdura bilməzsiniz" deyib. Lakin onun məktəbli günləri uzun çəkmədi. Cümhuriyyətin elan edilməsindən sonra dəmiryollarının dövlətin idarəsinə keçməsi nəticəsində atası işsiz qalır. 10 yaşlı Vitali təhsil həyatına məcbur nöqtə qoymalı olur və ailənin digər üzvləri ilə birlikdə iş axtarışlarına çıxır. İlk vaxtlarda o, dərzi işləyən anası və bacısına yardım edirdi. Amma ağır günlər atasının evi tərk etməsindən sonra başlayır. Evin bütün yükü Vitalinin çiyinlərinə çökür. Mahmutpaşada Spiros adlı bir rumlu mağaza sahibinin yanında işə düzəlir. İşi əsasən, səhər dükanı açmaq, malları asmaq və küçədə "buyrun xanımlar, içəridə çeşidlərimiz var" deyə yoldan keçənləri içəriyə dəvət etmək idi. Qısa müddət sonra Kapalıçarşıdakı uşaqlıq xəyalı olan Kupidis mağazasına dəzgahdar olaraq işə düzəlir. Yalnız parça satmaqla kifayətlənmir. Kupidis mağazası daxil, bazardakı digər biznesmenlərin mağazalarının vitrinlərini tərtib etməyə başlayır.

1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması təkcə türk hazır geyim sənayesinin təməlini qoymur, Vitali Hakkonun da həyatını dəyişdirir. Mustafa Kamal Atatürk şərq baş geyimi olan fəsi qadağan edən qanun imzalamışdı. Odur ki, Avropa tipli kişi papaqlarını taxmaq 20-ci illərdə artıq zərurət halına gəlmişdi. İkinci dünya müharibəsində öncə, yeni qurulmuş Cümhuriyyət Türkiyəsində qadın baş geyimlərinin dəbə gətirilməsində də onun böyük rol oynamışdı. Vitali varını-yoxunu bu dükana qoymuşdu, odur ki, restoranda yemir-içmir, kinoya getmir, hətta şənbə günləri belə işləyirdi. Çox keçmir ki, o, əziyyətinin ilk meyvələrini dadmağa başlayır. Ümumiyyətlə Hakko uzun, məhsuldar bir ömür sürüb. O, təkcə böyük iş adamı deyil, həm də xeyriyyəçiliklə məşğul idi.

Pulu olmadığı üçün 10 yaşında məktəbi atan Vitali Hakkonun biznesi gündən-günə böyüyürdü. Vitali Hakko ilk uğurlarını belə xatırlayırdı: "Yaşadığım dövrdə bir çox iş adamı işə sıfırdan başladı. Mən sıfırdan belə başlamamışam. Başladığım nöqtə sıfırın altında idi. Mən və mənim dövrümdəki bir çox iş adamı tam fərqli şərtlər çərçivəsində yetişdik. Yaxşı niyyətdən, ümiddən, gələcəyə və özümüzə olan etibardan, bacarığımızdan başqa heç bir sərmayəmizin olmadığı dövrdə öz-özümüzü yetişdirdik. Gənc Cümhiriyyətin ilk nəsli idik. Bizə sürət verən Atatürk inqilabları idi. "Şapka inqilabı, paltar inqilabı baş verməsəydi, nə "Şən Şapka", nə də "Vakko" olacaqdı".
İlk böyük univermaq
Şapka dönəmi bitdikdən sonra Vitali də biznes profilini dəyişir. Türk ipəyi, pambığı və yunundan şərflər istehsal etməyə başlayır, İstanbulda kiçik ipək istehsalı atelyesi yaradır. Türkiyədə irəliləmə və yenilənmə dövründə şapka, şarf və fabrik parçalarına təlabatın tam ödənilmədiyini görən Hakko hazır geyim istehsalına istiqamətlənir.
1938-ci ildə Vitali Hakko şirkətin “Vakko” adlandırılmasına qərar verdi. Daha sonra “Vakko” brendi altında ilk türk lüks univermağı açdı. İstanbulun əsas alış-veriş küçəsi İstiqlal üzərindəki çoxmərtəbəli lüks mağaza 1962-ci ildə ilk müştərilərini qarşıladı. Vakko univermağının binası bu günə qədər qalsa da, indi ora başqa bir brend ev sahibliyi edir.
Türk modasının novatoru
“Vakko” 1955-ci ildən moda nümayişlərinə başlayan ilk türk markasıdır. 1981-ci ildə Atatürkün 100 illik yubileyi şərəfinə marka Anadolu torpaqlarında olan müxtəlif sivilizasiyaların tarixindən ilhamlanan “Anadolu Günəşi” kolleksiyasını təqdim etdi. Bu kolleksiyanın teatrlaşdırılmış nümayişi Avropanın bir çox paytaxtlarını gəzdi.
Türkiyənin dəbli Avropa dizaynerləri ilə birgə əməkdaşlıq edərək gənclər üçün ilk konsept mağazası da 1982-ci ildə Vitali Hakko tərəfindən açılıb. Onlar indi “Vakkorama” multi-brend mağazaları və daha konseptual brendlərin seçildiyi “V2K Designers” butiki adı altında fəaliyyət göstərir.
Modelyer Zak Posen 2006-cı ildə Vakko ilə birgə kolleksiya üzərində işləməyə başladı və bu, əməkdaşlıq Zak Posenin ayrı bir xəttinin buraxılması ilə nəticələndi. Yeri gəlmişkən, həmin dövrdə brendin siması supermodel Jizel Bündhen idi.

Türksayağı “Ralph Lauren”
“Vakko”nun konsepti mahiyyət etibarı ilə “Ralph Lauren “və “Brunello Cucinelli” brendlərinə yaxın sakit lüks, etibarlılıq, klassika və estetikadır. Türk brendinin kolleksiyalarına kaşmir, alpaka yun, merinos, Misir pambığından hazırlanmış əşyalar daxildir. Qiymət seqmenti lüksdür, lakin “Brunello Cucinelli” və ya “Loro Piana” kimi moda evləri ilə müqayisədə qiymətlər daha aşağıdır və buna görə də satışlar daha yaxşıdır. Markanın alıcıları əsasən Türkiyənin hörmətli iş adamları və siyasətçilərdir.

“Vakko” imperiyası bu gün
2013-cü ildə “Vakko” Esmod Fransız məktəbi ilə birlikdə İstanbulda moda sənayesi mütəxəssisləri üçün ən hörmətli təlim mərkəzlərindən birinə çevrilmiş Vakko Esmod Akademiyasını açdı.
Vitali Hakko 2007-ci ilin 10 dekabrında vəfat edib. Şalom sinaqoqunda təşkil edilən mərasimdən sonra yəhudi qəbiristanlığında dəfn edilib. Türkiyə tarixinin ən zəngin adamlarından biri kimi məşhurlaşan Hakkonun “Vakko” imperiyasını indi övladları və nəvələri idarə edir. Və hələ də “Vakko” Türkiyə daxilində mağazalar, toy və interyer dizaynı, şirniyyat dükanları və restoranlar, öz oteli, tekstil, geyim və ayaqqabı istehsalı, premium yaxtalar, radio stansiyası, televiziya kanalı, festival, moda məktəbi, kitabxana, mədəniyyət mərkəzi və sairin daxil olduğu böyük bir imperiya olaraq qalır.
Aytən Məftun
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO








.jpg)

.jpg)



















.png)

.jpg)






