Dizaynerlər açıqladı: 2024-cü ildə bu rənglərin ideal ahəngi dəbdə olacaq - FOTO
Bizi izləyin

Dəb

Dizaynerlər açıqladı: 2024-cü ildə bu rənglərin ideal ahəngi dəbdə olacaq - FOTO

Dizaynerlər açıqladı: 2024-cü ildə bu rənglərin ideal ahəngi dəbdə olacaq - FOTO

Koloristika mürəkkəb bir elmdir. Hər dəfə qaradan qaçıb daha mürəkkəb bir şey geyinməyə qərar verdiyimiz zaman müəyyən bir rəng ilə mükəmməl uyğunluq yaradan tayı tapmaq bir çox çətinliklərə səbəb olur. Xoşbəxtlikdən, uzun və sıxıcı axtarışlara ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, dizaynerlər modapərəstlər üçün 2024-ün ən uğurlu rəng birləşmələrini hazırlayıblar.

Boz ilə qırmızı

Bu mövsüm aldığınız bütün qırmızı əşyaların gələn il öz aktuallığını itirəcəyini düşünürsünüzsə, narahat olmamalısınız. Dizaynerlər bu rənglə bu qədər tez vidalaşmağa hazır deyillər. Gələn il onu əsasən boz çalarlarla geyinməyi təklif edirlər: məsələn, "Peter Do" şousunda olduğu kimi. Möhtəşəmdir və parıltılı deyil, funksionaldır və qətiyyən sıxıcı deyil - bu kombin istənilən vəziyyətdə təsirli görünəcək.

Qəhvəyi ilə ağ

Son bir neçə il ərzində qəhvəyi rəng asketizm və sadəlik simvolundan kənara çıxaraq, moda arenasının ən dəbli və "bahalı" rənglərdən biri adını qazandı. Qəhvəyi rəngin xüsusilə şokolad və qəhvə kimi tünd çalarları ümumi obrazda əla görünür, lakin biz onları ağ rənglə “təravətləndirməyi” təklif edirik. "Atlein" moda evinin dəfiləsində olduğu kimi, qəhvəyi paltarda gizlənən ağ detal onu çox gözəl şəkildə vurğulayıb.

Çəhrayı ilə qırmızı

Çəhrayı rəng heç vaxt moda arenasını tərk etmir - yalnız cari çalarlar dəyişir. 2024-cü ildə çoxları üçün olduqca darıxdırıcı olan "barbi" çəhrayısını incə pastel çalarları əvəz edəcək. Yüngüllüyünü və incəliyini vurğulamaq üçün onu "Simone Rocha" moda evi kimi zəngin qırmızı ilə birləşdirməyi təklif edirik.

Tünd göy ilə tünd qırmızı

Miuccia Prada yeni mövsümdə tünd göy ilə tünd qırmızı rəngi birləşdirməyi təklif edir. Bu kombin tünd rəngli paltar geyinməyə öyrəşmiş, lakin klassik qaradan yorulanlara xitab edəcək. Rənglər birlikdə nəcib və "bahalı" görünür, təmkinli və qətiyyən darıxdırıcı deyil.

Qəhvəyi ilə mavi

Mövsümün ən məşhur çalarlarından biri açıq mavidir. Bir çox dizayner onu tək geyinməyi və ya zəngin mavi çalarları ilə birləşdirməyi təklif edir. Lakin "Fendi" kolleksiyasındakı birləşmə sadəcə mükəmməldir: açıq mavi qəhvəyinin ideal ahəngi. Bu kombin yeni, təsirli, eyni zamanda çox təmkinli görünür.

Ağ ilə yaşıl

Yaşıl rəng gələn mövsüm dizaynerlər arasında da məşhurdur. Üstəlik, onun bütün yumşaq, səssiz çalarlarını "Ferragamo" moda evi daha doymuş çalarlarla əvəz etməyi təklif edir. Belə bir dolğun rəngi digər parlaq çalarlar ilə birləşdirmək üçün onun bütün incəliklərini bilməlisiniz, ona görə də biz daha təhlükəsiz, eyni zamanda təsirli bir kombin təklif edirik - yaşıl və ağ. Onlardan hər hansı biri vurğu kimi xidmət edə bilər və ya digəri ilə bərabər nisbətdə birləşdirilə bilər. Yeri gəlmişkən, qara, boz və ya qəhvəyi də bu rənglərlə yaxşı uyğunlaşacaq.

Boz ilə sarı

Boz və sarının birləşməsi çoxdan demək olar ki, klassikaya çevrilib, xüsusən də "Pantone" 2021-ci ildə onları ilin əsas rəngləri adlandırandan sonra. Bu dəfə dizaynerlər tamamilə spesifik sarı ilə boz rəngi birləşdirməyi təklif edirlər. "Givenchy" kolleksiyasındakı bu dəst ən yaxşı nümunədir. Yumşaq boz ilə açıq kərə yağı çalararının birləşməsi nəcib və "bahalı" görünür, həm gündəlik, həm də xüsusi mərasimlər üçün mükəmməldir.

Boz ilə qəhvəyi

Bu birləşmə çox məşhur olsa da, nədənsə dizaynerlər nadir hallarda ona müraciət edirlər. 2024-cü ildə boz və qəhvəyi birləşməsi nəhayət ki, dəbə mindi. Burada səhvə yol verməmək çox vacibdir - onların hamısı bir-biri ilə yaxşı uzlaşmaya bilər. "Hermes" kimi bozun isti çalarlarını seçin, onlar qəhvəyi geyimləri ən yaxşı şəkildə tamamlayacaq.

Ağ ilə tünd qırmızı

Tünd qırmızı 2024-cü ilin əsas rənglərindən biridir. Dizaynerlər onu demək olar ki, bütün palitra ilə birləşdirməyi təklif edirlər: sarı və yaşıldan maviyə, boz və çəhrayıya qədər. Ancaq bu rəngin bütün gözəlliyini və çox yönlülüyünü ortaya çıxarmaq üçün onunla "mübahisəyə girməyən" bir ton lazımdır. "Gucci" şousunda olduğu kimi, ağ bu işin öhdəsindən mükəmməl gələcək. Obrazda hansı rəngin üstünlük təşkil etməsi isə heç bir əhəmiyyət kəsb etmir.

Tünd göy ilə bej

Bu iki rəng həmişə bir-birini yaxşı tamamlayır. "Dries Van Noten" kolleksiyasındakı kimi tünd mavi + bej kombini ağ-qara klassikasını asanlıqla əvəz edə bilər: o, çox yönlülük baxımından geri qalmır və daha orijinal görünür. Gündəlik, işgüzar, hətta axşam görünüşləri üçün idealdır. Lakin sonuncu halda, obraz daha parlaq rəng vurğuya ehtiyac duyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm