NATO-nun anti-Türkiyə planı iflasa uğradılır: kürdlər Ankaranın yanında
Bizi izləyin

Dünya

NATO-nun anti-Türkiyə planı iflasa uğradılır: kürdlər Ankaranın yanında

İngiltərə və ABŞ Türkiyəni İraqın enerji layihələrinə yaxın buraxmaq istəməsə də, kürdlər bu məsələdə Ankaranın yanındadır.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Şimali İraq kürd muxtariyyəti neftini Türkiyə üzərindən dünya bazarına çıxarmağa qərar verib.

Ərbil və Bağdad arasında 2014-cü il 2 dekabrda imzalanan son razılaşmaya görə, kürd muxtariyyəti Kərkük nefti də daxil gündəlik 550 min barel nefti İraq Milli Neft Şirkəti üzərindən satmalı idi. Bunun əvəzində isə mərkəzi hökumət kürd muxtariyyətinə 17 faizlik büdcə payı ayırmalı idi. Bu razılaşmanın üzərindən bir il yarım keçsə də, Ərbil Bağdadın söz verdiyi büdcə payını ödəmədiyini bildirir.

İŞİD terror qruplaşmasının hücumlarından sonra İraqın daxili bölgələrindən (Mosul, Anbar, Fəllucə, Bağdad, Tikrit və sair) və Suriyadan 2 milyona yaxın qaçqını qəbul edən kürd muxtariyyəti ağır iqtisadi problemlərlə yaşadığını və tək gəlir mənbəyi olan nefti müstəqil olaraq satacaqlarını elan edib. Məlumata görə, kürd muxtariyyətinin almalı olduğu 17 faizlik büdcə payı aylıq 1 milyard dollar təşkil edir. Bu pulu ala bilmədiyini bildirən Ərbil, demək olar ki, bütün infrastruktur və iqtisadi layihələri təxirə salıb.

Kürd muxtariyyətinin hökumət sözçüsü Sefin Dizayni Türkiyə üzərindən neft satışına davam edəcəklərini və Türkiyənin bu məsələdə onlara zəmanət verdiyini deyib.

Lakin mərkəzi hökumət kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına qarşıdır. İraq parlamentinin təbii qaz və neft komissiyasının başçısı Arez Abdullah kürd bölgəsinin 1 iyul tarixindən etibarən ixrac etdiyi nefti İraq Milli Neft Şirkətinə vermədiyini bildirib. Onun sözlərinə görə, bu, İraqın bölünməsinə gətirib çıxaracaq addımlardan biridir.

Kürd muxtariyyətində hakimiyyət uğrunda gedən mübarizə də bölgədəki neftin ixrac marşrutlarına təsir edə bilər. Hazırkı qanunvericiliyə görə, muxtariyyətin başçısı Məsud Bərzaninin səlahiyyət müddəti başa çatıb və Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasından (KDP) sonra ən böyük ikinci siyasi qüvvə olan GORAN hərəkatı Konstitusiyaya uyğun qalaraq seçkilərin keçirilməsini tələb edir. Hazırkı qanunvericiliyə görə, Bərzaninin yenidən seçilmə hüququ yoxdur. Bərzani lazım olan qanuni dəyişiklikləri ediləcəyi və yenidən seçiləcəyi halda müstəqil Kürdüstan dövlətini elan edəcəyini söyləyir. KDP və Bərzani daha çox Türkiyənin AKP hökumətindən dəstək alır. GORAN hərəkati isə İraq və Bağdaddan dəstək alır.

Türkiyə mediası kürd neftinin Ceyhan limanı ilə ixracının yalnız kürd muxtariyyəti üçün deyil, eyni zamanda Türkiyə üçün də həyati əhəmiyyət daşıdığını qeyd edir. Qeyd edilir ki, İraq, xüsusilə kürd bölgəsi 12 milyard dollar ilə Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir.

Qeyd edək ki, Türkiyədə NATO-nun “kürd enerji dəhlizi” adlı layihəsi ilə bağlı çox ciddi narahatlıq var. Keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlunun yazdığına görə, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.

Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək. Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm