Daşqınlar, sel, aclıq – Nostradamusun 2016-cı il üçün PROQNOZLARI
Bizi izləyin

Dünya

Daşqınlar, sel, aclıq – Nostradamusun 2016-cı il üçün PROQNOZLARI

XVI əsrdə Fransada yaşamış həkim və münəccim Mişel de Nostradamusun özünü doğrultmuş öncəgörmələri dünyanı heyrətləndirməkdə davam edir. Onun xüsusən fransız imperatoru Napoleon Bonapartın məğlub olması, Birinci və İkinci Dünya Müharibəsi, Almaniyanın nasit rəhbəri Adolf Hitler, SSRİ diktatoru İosif Stalin, ABŞ-ın qətlə yetrilmiş prezidenti Con Kennedi ilə bağlı proqnozlarının düz çıxması fransalı münəccimi Yer üzündə məşhurlaşdırıb.

Maraqlıdır, Mişel de Nostradamus üçüncü həftəsini yaşadığımız 2016-cı il haqqında hansı proqnozları verib?

Publika.az həmin proqnozları təqdim edir:

Filosof-münəccim bu illə də bağlı bir sıra proqnozlar verib. Nostradamusun öncəgörmələrinə görə, 2013-cü ildə ABŞ-da qaradərili növbəti dəfə prezident seçiləcək və bu, Birləşmiş Ştatların sonuncu dövlət başçısı olacaq. Başqa sözlə desək, bu il Amerika qitəsinin ən güclü dövlətini ağır sınaqlar, hətta parçalanmalar gözləyir.

Bir çoxları Nostradamusun bu proqnozlarını bəzi proseslərlə əlaqələndirildiyini vurğulayırlar. Hesab edirlər ki, bu, daha çox hadisələrin inkişafından asılı ola bilər. Şübhəsiz ki, biz bu proqnozun doğru olub-olmayacağına bir müddət sonra şahidlik edəcəyik.

Fransız münəccim 2016-cı ildə bəzi ölkələrin təbii fəlakətlərlə qarşılaşacağını proqnozlaşdırıb. Nostradamus bunu təbii kataklizmlər adlandırıb. Onun proqnozlarına görə, sel daşqınları, zəlzələlər 2016-cı ildə də xeyli insanın həyatının sonunu gətirəcək.

Nostradamus okean sularının bəzi yerlərdə sahili basacağını yazıb. Qeyri-adi astronomik hadisələr də 2016-cı ilin fəlakətləri sırasında yer alacaq.

Filosofun proqnozlarına görə, bu il planetimizi kosmosla əlaqəli olan qeyri-adi hadisələr gözləyir. Elə bu hadisələr Yer üzündəki proseslərə güclü təsir göstərəcək. Nəticədə kardinal dəyişikliklər baş verəcək.

Afrikada və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində başlamış aclıq sonradan bir çox ölkələrə, hətta Avropaya da yayılacaq.

Yaxın Şərqdə “yanğın” baş verəcək. Filosofun “yanğın” dedikdə regionda onilliklər boyu həllini tapmayan münaqişələri nəzərdə tutduğu ehtimal edilir.

Nostradamus xüsusən Fars körfəzində bir sıra hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Onun təbirincə desək, Yaxın Şərqdəki hadisələr böyük həcmdə neftin yanmasına səbəb olacaq.

Yaxın Şərqdəki partlayış təkcə regionda deyil, elə Şərqin özündə də radikal dəyişikliklərə səbəb olacaq. O cümlədən son 4 ilin (2012-ci ildən bu günə kimi) ən böyük vətəndaş qarşıdurmaları baş verəcək.

2016-cı ildə Yaxın Şərqdə kütləvi partlayışlar da qaçılmazdır. Hava aparatları (təyyarələr) partlayaraq yerə düşəcək.

Onun hava aparatları təyyarələrin yerə düşməsi dedikdə əslində müharibələri nəzərdə tutması şəksizdir.

Nostradamus 2016-cı ildə Yaxın Şərqdəki bədbəxt ölkədə vəziyyətin daha da pisləşəcəyini də qeyd edib. Mütəxəssislər filosofun bədbəxt ölkə dedikdə İraqı nəzərdə tutmasını ehtimal edirlər. Bütün bunlar Yaxın Şərqin siyasi xəritəsinin dəyişəcəyini göstərir.

Nostradamusun digər proqnozlarına görə, bütün bunlar Ağ Ev üçün sadəcə oyunlardır. Amma elə həmin oyunlar dünyanın sonunu gətirə bilər. Bu oyunda ilk gedişi isə Yaxın Şərq edəcək.

Fransız münəccim Yer üzündə buzların əriməsini, qlobal istiləşmənin baş verməsini də xüsusi olaraq vurğulayıb. Onun proqnozlarına görə, buzların əriməsi və qlobal istiləşmə 2016-cı ildə də bir sıra ölkələrdə daşqınlara gətirib çıxaracaq.

Qeyd edək ki, alimlər hələlik Cənub qütbündə kəskin temperatur dəyişikliklərini – qlobal istiləşməni müşahidə etmirlər.

Lakin bunu Şimal Qütbü haqqında söyləmək olmaz. Çünki son illər Şimal qütbü ərazisində temperatur dəyişiklikləri baş verir. Bütün bunlar isə alimləri həmin istiləşmənin mümkün fəsadları barədə düşünməyə vadar edir.

Nostradamusun öz xalqının (qeyd edək ki, məşhur filosofun özü də yəhudi olub və sonradan xristianlığı qəbul edib) kompakt yaşadığı İsrailin taleyi müəmmalı olaraq qalacaq. Belə ki, filosofun öncəgörmələrində həmin ölkə barədə dəqiq proqnoz səsləndirilmir.

Nostradamus öncəgörmələrində iddia edir ki, Yerusəlim hər tərəfdən hücumlara məruz qala bilər. Amma Qərb ölkələri (çox güman ki ABŞ və Avropa) özlərinin hərbi dəniz qüvvələri ilə İsrailə rəqiblərlə mübarizədə kömək edəcək.

Münəccimin proqnozlarına əsasən Rusiya 2016-cı ildə dünyada sülhü qaytarmaq imkanına malik dövlət olacaq. Nostradamusun sözlərinə görə, əgər ruslar Yer üzündə yeni müharibənin başlanğıc dövründə Avropa ölkələri ilə ittifaqda olmasa, onda, "Şimal küləyinin şimal çarı" (Rusiyanı işarə edərək) son nəticədə dünyada sülhü qurmağa kömək edəcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm