Allahşükür Paşazadəni suçlayan dələduzun daha bir cinayəti üzə çıxdı
Bizi izləyin

Dünya

Allahşükür Paşazadəni suçlayan dələduzun daha bir cinayəti üzə çıxdı

“Medi Sina” klinikasının hazırda həbsdə yatan baş direktoru Müğdət Həşimovun daha bir cinayəti ortaya çıxıb.

Axar.az xəbər verir ki, “Medi Sina” klinikası adına hüquqi şəxs olaraq Bank VTB-də hesab açan Müğdət Əhmədiyyə oğlu Həşimov 3 il müddətində bank vasitəsilə bircə manat da olsun, əməliyyat həyata keçirməyib. Başqa sözlə desək, formal olaraq bank hesabı açılsa da, klinikada aparılan bütün maliyyə əməliyyatları “qara siyahı” ilə həyata keçirilib və vergi, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna ödəmələr edilməyib. Belə şəraitdə klinikada “həkimlərin” necə çalışdığı və əməkhaqqını hansı formada aldığı bir daha üzə çıxır.

Hazırda isə 3 ildir açılan və bu vaxta qədər bir manatlıq da olsun, əməliyyat aparılmayan hesaba Vergilər Nazirliyi tərəfindən həbs qoyulub. M.Həşimov fəaliyyəti dövründə 16 min manat vergini vermədiyi üçün dövlətə də borcludur.

Xatırladaq ki, 12 avqust 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) maddəsi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən ittiham edilərək həbsə alınan Müğdət Həşimova qarşı 18 mart 2016-cı ildə 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Saxlandığı istintaq təcridxanasından mediaya göndərdiyi yazıda “həbsinin səbəbkarı” kimi millət vəkili Cavanşir Paşazadəni və Bütün Qafqazın şeyxi Allahşükür Paşazadəni şərləyən M.Həşimova qarşı 18 mart 2016-cı il tarixində CM-in daha iki maddəsi ilə ittiham elan olunmasının səbəblərindən biri isə Bakı Apelyasiya Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı keçirilən məhkəmə prosesində hakim İkram Şirinovun “Medi Sina” klinikasına cinayət işi açaraq, onu Baş Prokurorluğa göndərməsi olub.

Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü il tarixdə “Medi Sina” klinikasında keçirilən əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. 31 avqust 2015-ci il Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə əməliyyatda iştirak edən anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ölümə səbəb olan səhlənkarlıq) və 320.1 (məsuliyyətdən yaxa qurtarmaq üçün sənəd saxtalaşdırılması) maddələri ilə ittiham olunaraq, 2,5 il müddətinə həbs edilib. Hazırda Kürdəxanı İstintaq Təcridxanasındadır.

Əməliyyatda iştirak edən assistent, Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyyə Mərkəzinin cərrahı Fərəcullah İdrisov Bakı Baş Polis İdarəsinin 11 may 2016-cı il tarixli qərarı ilə CM-in 29.178.1-ci maddəsi ilə (dələduzluğa cəhd) məhkum edilib, yalnız cinayətdən iki il zaman keçdiyi üçün cinayətin cəza hissəsindən azad edilib.

Eyni zamanda, əməliyyatda iştirak edən hər üç həkim və “Medi Sina” klinikasının 75 min manat məbləğində mənəvi təzminat ödəməsi barədə Ali Məhkəmənin 15 dekabr 2015-ci il tarixli qərarı var.

Zərərçəkənlər Ali Məhkəmənin qərarına uyğun olaraq, Yasamal Rayon Məhkəməsinə maddi təzminatla bağlı da müraciət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm